AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqovla müsahibə   

- Cənab Sadıqov, hazırda neçə nəfər Azərbaycan vətəndaşı Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunur. Onların taleyinin müəyyən olunması prosesi necə gedir?

- Öncə qeyd etmək istəyirəm ki, Dövlət Komissiyası 1993-cü ildə Azərbaycan prezidentinin sərəncamı ilə itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşların işləri üzrə fəaliyyəti mərkəzləşdirmək, eləcə də bu sahədə olan bütün məlumat və materialları bir strukturda birləşdirmək məqsədi ilə yaradılıb.

Dövlət Komissiyası beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə (BQXK) sıx əməkdaşlıq edir. BQXK bizimlə Ermənistanın analoji qurumu arasında vasitəçi rolunu oynayır. BQXK Komissiyanın rəsmi sorğularını rəhbər tutaraq və öz mandatına uyğun hərəkət edərək Ermənistan ərazisində və bu ölkə tərəfindən işğal edilmiş torpaqlarımızda itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışını həyata keçirir.

Bizim işimizin digər vacib məqamı hərbi əsirlərin və girovların azad edilməsindən ibarətdir. BQXK-nın vasitəçiliyi ilə girov götürülmüş şəxslərin saxlanma şəraitinə nəzarət edilir, onla öz ailələri ilə əlaqə yaradır, azad edilmələri barədə danışıqlar aparılır. Bu, indiki vəziyyətə də şamil edilir. Məsələ bundadır ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin mövqeləri bir-birinə çox yaxındır. Həmçinin qoşunların təmas xətti yaxınlığında yaşayış məntəqələri yerləşir və təmas xəttində hər iki tərəfdən sərhədin keçilməsi halları istisna edilmir.

Qeyd edim ki, mən təmas xətti dedikdə, sərhədi nəzərdə tutmuram. Dünyanın digər dövlətləri kimi, Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmazlığı da 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktında əksini tapmışdır. Bütün ölkələr bu sərhədlərə hörmətlə yanaşmalı və qanunlara əməl etməlidirlər. Dövlətlər arasında heç kimə məxsus olmayan neytral zonalar mövcud deyil. Sadəcə nəzarət edilməyən ərazilər ola bilər ki, bu da başqa məsələdir. İndiki konkret vəziyyətdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın suveren ərazisidir. Bu gün Azərbaycan bu əraziyə nəzarət edə bilmir və Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Baxmayaraq ki, Ermənistan tərəfi bu qoşunların qondarma “Dağlıq Qarabağ Respublikası”nın müdafiə ordusu olduğunu bildirir, dünyada heç bir dövlət, o cümlədən Ermənistanın özü də bu “respublikanı” tanımayıb.

İtkin düşmüş şəxslərə gəlincə, biz Azərbaycan vətəndaşları ilə yanaşı, hərbi münaqişə zamanı itkin düşmüş Ermənistan vətəndaşlarının da axtarışı ilə məşğul oluruq. Biz BQXK tərəfindən təqdim edilmiş siyahı əsasında 416 erməninin də axtarışı ilə məşğul oluruq. Görülən işlər nəticəsində müəyyən olunub ki, bu insanların bir hissəsi (yarıdan çoxu) erməni millətindən olsalar da, Azərbaycan vətəndaşları, bir hissəsi Ermənistan vətəndaşlarıdır, üçüncü hissə isə münaqişə ilə heç bir əlaqəsi olmayan insanlardır, yəni bu adamlar Ermənistanın öz ərazisində, eləcə də Gürcüstan və Rusiyada itkin düşüb.

Rəqəmlərlə danışsaq, itkin düşümş 416 nəfərdən 24-ü Ermənistan, 2-si Gürcüstan, 207 nəfər Dağlıq Qarabağ, 172 nəfər Qarabağa btişik 7 rayonun ərazisində itkin düşüb. Xatırlatmaq istəyirəm ki, sözügedən yerlər Azərbaycanın nəzarəti altında deyil. Ermənistanla sərhəd rayonlarda (Qazax, Ağstafa rayonlarında və Naxçıvan MR-də 5 nəfər, hərbi əməliyyatlardan uzaqda olan zonalarda (Oğuz, Gəncə, Bakı) 5 nəfər itkin düşüb. Onların 211 nəfəri Azərbaycan, 198 nəfəri Ermənistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri Rusiya, 1 nəfəri İran İslam Respublikası vətəndaşıdır.

Azərbaycanın itkin düşmüş vətəndaşları barədə onu deyə bilərəm ki, hazırda onların sayı 4016 nəfər təşkil edir. Münaqişənin ilk illərində bu rəqəm fərqli idi. İtkin düşmüş hesab edilənlərin sayı dəfələrlə çox idi. İş aparıldıqca biz taleyi barədə xəbər aldığımız, əsirlikdən azad etdiyimiz və sağ olduğu müəyyənləşmiş adamların adlarını siyahıdan çıxardıq. Münaqişənin başlanmasından indiyə kimi ötən müddət ərzində əsir-girov götürülmüş 1428 nəfər azad edilib və adları təbii ki, qeydiyyatdan çıxarılıb.

Statistikada tez-tez dəyişiklik edilməsinə bir səbəb də budur ki, mülki və hərbi vətəndaşların axtarışı zamanı başqa itkin düşmüş insanlar barədə faktlar əldə olunur.

Hər il biz 40-60 insanın taleyinə aydınlıq gətiririk. Bu iş zamanı biz axtarılan şəxsin adının qeydiyyatdan çıxarılıb-çıxarılmamasının gərəkliyini dəqiq müəyyən edirik. Bəzən elə olur ki, itkinin adı siyahıda olsa da, müəyyənləşdirilir ki, komissiya yaradılana qədər əsirlikdən və ya girovluqdan azad edilib. Yəni adam azad edilib, lakin sənədlərdə onun azad edilməsi qeydə alınmayıb. Beləliklə, 20 il ərzində bu və ya digər azad edilmiş şəxs bizim siyahımızda itkin düşmüş hesab edilib. Üstəlik istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin adlarının təhrif edilməsi hallarını da xatırlamaq lazımdır. Bu səbəbdən eyni insanlar siyahıda yeni insanlar kimi qeyd edilib. İş zamanı müəyyən ad və soyadın müxtəlif cür yazılması səbəbindən bir nəfərin iki müxtəlif insan kimi qeydə alınması faktları aşkarlanıb. Biz, həmçinin itkin düşmüş və müxtəlif kanallarla azad edilmiş insanları keçmiş SSRİ-nin ayrı-ayrı güşələrində axtarıb tapırıq. Eyni zamanda Komissiya naməlum məzarların axtarışı və qeydiyyatı ilə də məşğul olur.

Qeyd etmək lazımdır ki, Dövlət Komissiyası aktiv fəaliyyətə başlayana qədər itkin düşmüş şəxslərin ilk siyahıları Müdafiə Nazirliyindən, digər güc strukturlarından, müxtəlif təşkilat və yerli icra hakimiyyəti orqanlarından daxil olmuş informasiya və çoxlu sayda siyahılar əsasında tərtib edilmişdi. İndiyə qədər bu məlumatlar dəqiqləşdirilir, təkrarlanan adlar aşkarlanır, yeni adlar daxil edilir, biz siyahıda adı çəkilən hər bir şəxsin taleyinə aydınlıq gətirmək üçün işləyirik.

Atəşkəs rejiminin elan edilməsindən 20 il ötməsinə baxmayaraq, itkin düşmüş şəxslərin siyahısına yeni adlar da əlavə olunur. Son illər ərzində aparılmış araşdırmalar nəticəsində müxtəlif mənbələrdən 100-dən çox insanın itkin düşməsi barədə məlumatlar əldə edilmişdir. Bizim vəzifəmiz hər bir faktı araşdırmaqdır. Fakt təsdiqini tapırsa, münaqişəyə aidiyyəti ortaya çıxırsa, itkin düşmüş şəxsin adı müvafiq siyahıya daxil ediləcək və onun taleyinin aydınlaşdırılması, şahidlərin ifadələrinin toplanması və digər istiqamətlərdə işlər davam etdiriləcək.

Şahid ifadələrinin toplanması və itkin düşmüş şəxslərin sonrakı taleyinə aydınlıq gətirilməsinə gəlincə, bizim işimizin nəticəsi budur ki, biz itkin düşmüş 4016 insandan 877 nəfər barəsində materiallar toplamışıq. Bu material və məlumatlar həmin şəxslərin əsir-girov götürülməsini, əksər hallarda isə saxlanılmasını sübut edir. Bu insanlar hərbi əməliyyatlar zamanı və ya yaşayış məntəqələri işğal edilərkən ermənilərin əlinə keçmişlər. Təəssüf ki, bəzi KİV-lər girovları və hərbi əsirləri eyni cür təqdim edirlər.

877 nəfərin bir hissəsi əsir və girov götürülüb. Digər hissəsi torpaqlar işğal edilərkən evlərindən çıxa bilməyiblər. Onların girov düşməmə ehtimalı istisna olunur. İşğal zamanı ermənilər istisnasız olaraq bütün evlərə daxil olub və oradan qiymətli hesab etdikləri hər şeyi götürüblər. Ermənilərin onlarla bu qədər qəddar rəftar edəcəyinə inanmayan çoxlu sayda insan isə evlərini tərk etməmişdi. Axı onlar əvvəllər qonşu olmuşdular.

Beləliklə, bu 877 nəfəri bir neçə kateqoriyaya ayırmaq olar: döyüşdə əsir düşən hərbçilər; yaşayış məntəqələrində girov götürülmüş mülki şəxslər, öz evlərini tərk etmək imkanı olmayan yaşlı və xəstə insanlar. Dövlət komissiyası bu 877 nəfərə həsr olunmuş iki kitab və CD buraxıb. Kitablardan biri “Bizi əsirlikdən qurtarın”, ikincisi isə “”QSM-7” təsdiq edir” adlanır. QSM Ermənistan qoşunlarının baş qərargahının şərti çağırış siqnalıdır. Həmin radiostansiyadan beynəlxalq müşahidəçilər və jurnalistlərdən ibarət böyük nümayəndə heyətinin döyüş bölgəsinə səfərə hazırlaşdığı bildirilmiş və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən Dağlıq Qarabağda yerləşən bütün səhra komandirlərinə və qərargahlara əllərində olan azərbaycanlı girov, əsir və yaralıları məhv etmək barədə şifrəli radioqram göndərilmişdi.

-Bu, müharibə dövründə olmuşdu?

-Bəli. Atəşkəs rejimi elan edilənə qədər. Ermənistan tərəfi bu 877 nəfərin əsir götürüldüyünü etiraf etmir, ola bilər ki, onlar indiyə qədər sağdırlar, bizim əlimizdə Ermənistanda həbsxanalarda və digər saxlama yerlərində müəyyən şəxslərin saxlanılmasına dair təkzibedilməz faktlar olsa da, ermənilər bunu etiraf etmirlər. Üstəlik BQXK da bu insanların müəyyən hissəsini ziyarət edib. Yəni BQXK bu şəxslərin erməni əsirliyində olduğunu təsdiq edib, lakin onlar sonradan yoxa çıxıblar. Beynəlxalq hüquq məhz burada pozulur!

-BQXK onların erməni əsirliyində olmasını qeydə alıbsa, bunu gizlətməyin nə mənası var?

-Bilmirəm. BQXK nümayəndələri səfər edərkən hər bir şeyi qeydə alırlar - kimi nə zaman, saat necədə ziyarət ediblər. Sonra bu iz itmişdir. Vəssalam! Bu günə qədər Ermənistan tərəfi bizim suallarımıza aydınlıq gətirmir.

Bizim dəfələrlə ünvanladığımız sorğulara cavab olaraq BQXK bizə 50 nəfərin adı qeyd edilmiş siyahı təqdim etmişdir. Onların hamısı BQXK-nın qeydiyyatında olmuş və təşkilat nümayəndələri Ermənistanda və Qarabağ ərazisində onlara baş çəkmişlər.

Bu 50 nəfərdən 17-sinin meyitini bizə qaytarmışlar. Cəsədlərdən 10-u beynəlxalq mütəxəssislər və patoloqoanatomlar, həmçinin neytral ekspertlər tərəfindən ekspertiza edilmişdir. Ermənistan tərəfi bildirirdi ki, güllə yarasından ölənlər qaçmağa cəhd göstərmiş əsirlərdir, digərləri müxtəlif xəstəliklər nəticəsində ölüblər. Əslində isə ekspertizanın nəticələri göstərdi ki, bu insanların bir hissəsi yaxın məsafədən açılan atəşlə öldürülmüşlər. İrəvanda onların saxlanıldıqları həbsxanadan qaçmaq mümkün deyildi, öz əcəli ilə ölənlərə isə işgəncə verilmişdi. Yəni onlar təbii yolla ölməmişdilər.

- Dediniz ki, ermənilər 17 nəfərin cəsədini qaytarıblar, bəs qalan 33 azərbaycanlının taleyi necə oldu?

- Ermənistan tərəfi onların taleyi barədə heç bir dəqiq məlumat vermir.

- Bəs sözügedən 877 nəfər necə?

- Onların barəsində ümumiyyətlə susurlar. Əsir-girov götürülənlərin taleyinə aydınlıq gətirilməsi barədə tələbimizə cavab olaraq bildirilir ki, Ermənistan tərəfi hamını buraxıb.

- Cənab Sadıqov, Dövlət Komissiyasının Ermənistanın analoji strukturu ilə qarşılıqlı əlaqəsi barədə nə deyə bilərsiniz?

Ermənistanda analoji qurum 2005-ci ildə yaradılıb. Həmin il bir beynəlxalq humanitar təşkilatın vasitəçiliyi ilə bizim Tbilisidə görüşümüz oldu. O vaxt bizmlə görüşə müdafiə nazirinin müavini Mixail Qriqoryan gəlmişdi. Səhv etmirəmsə, o, Naxçıvanda doğulub. Bizim bir çox hərbçilərimizlə bir yerdə təhsil alıb və Azərbaycan dilini gözəl bilir. Onunla söhbətdə çətinlik çəkmədik. Aramızda konstruktiv söhbət alındı və qeyd edildi ki, bizə hərbi əsir və girovların məsələləri ilə məşğul olmaq səlahiyyəti verilib. Yəni bizim hökumətlərimiz bu sahədə əməkdaşlıq etməyimizə qarşı deyil. Üstəlik bu, yaxşı təcrübə idi.

Hətta, vaxtilə yuxarıda adı çəkilən beynəlxalq təşkilatın xahişi ilə Azərbaycan ərazisində monitorinqin təşkilinə də ölkə rəhbərliyi icazə vermişdi.. Monitorinqdə Dağlıq Qarabağ və Ermənitandan olan ermənilər də iştirak edirdilər. Onlar Azərbaycanı yaxşı tanıyırdılar.

- Monitorinqin məqsədi nə idi?

- Monitorinq hərbi əsir və girovların saxlanılması güman edilən yerlərə baxış məqsədi ilə təşkil olunmuşdu. Onlar deyirdilər ki, guya erməniləri Sumqayıt yaxınlığındakı daş karxanalarında və digər bu kimi yerlərdə işlədirlər. Bu, cəfəngiyyat idi. Buna baxmayaraq, biz onları nəqliyyatla təmin etdik və istədikləri yerlərə baxmalarına icazə verdik. Dedik ki, “hara istəyirsiniz gedin. Təhlükəsizliyinizi təmin edirik. Bu da sizə maşın”.

Bildiyiniz kimi, 1996-cı ildə Azərbaycan Prezidenti bütün əsir-girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsini təklif etmişdi. Azərbaycan tərəfi bütün əsirləri azad etdi, üstəlik həbsxanada cəza çəkən ermənilər də buraxıldı. Biz düşünürdük ki Ermənistan tərəfi də belə bir addım atacaq. Növbəti yoxlamalar göstərdi ki, Ermənistan tərəfi heç də hamını azad etməyib və bu gün də yüzlərlə azərbaycanlının taleyi barədə məlumatları gizlədir. Əgər onlar heç olmasa, azad edilmiş şəxslərin siyahısını bizə təqdim etsəydilər, bu da onlar üçün bir müsbət məqam sayıla bilərdi.

2005-ci ildə Tbilisidə Mixail Qriqoryanla görüş zamanı biz deyəndə ki, Ermənistan tərəfi ümumilikdə 1300 hərbi əsir və girovu azad edib, erməni həmkarlarımız etiraz edərək qeyd etdilər ki, “1800 nəfər azad edilib”. Buna cavab olaraq biz azad edilmiş şəxslərin siyahısını istədik. Qriqoryan azad edilmiş azərbaycanlıların siyahısını verməyi vəd etdi. Lakin hansısa, səbəbdən bu siyahı nə elektron poçtla, nə də Qızıl Xaç Komitəsi vasitəsi ilə bizə çatdırılmadı. Tbilisidəki görüşümüzdən bir qədər sonra Qriqoryan işdən azad edildi.

Mənim həmkarımla – Ermənistanın Dövlət Komissiyası İşçi qrupunun rəhbəri ilə başqa bir görüşüm BQXK-nın vasitəçiliyi ilə Brüsseldə keçirilmişdir. Növbəti dəfə əməkdaşlıq barədə razılaşdıq, lakin yenə də heç nə alınmadı. Onlar bizi görüşdən imtina etməkdə günahlandırırlar, biz isə görüş xatirinə görüşün əleyhinəyik. Əgər görüşürüksə, əgər harasa gediriksə və dövlət vəsaitlərini sərf ediriksə, onda gəlin səmərəli iş görək.

İki il bundan əvvəl də Ermənistan dövlət komissiyasının sədri, müdafiə naziri Seyran Ohanyan bizə erməni dilində məktub təqdim edərək görüşməyi təklif etmişdi. Məxfilik və etiket qaydalarını əsas götürərək mən məktubun məzmununu açıqlamıram. Lakin cənab Ohanyanın nə təklif etdiyi bizə aydın deyildi. Mən hər zaman təklif edirəm ki, gəlin görüşək, lakin konkret məsələləri müzakirə edək. Gəlin, strateji məsələləri müzakirə edək, bir nəfər hərbi əsirin və ya itkin düşmüş şəxsin məsələsini deyil”. Artıq qeyd etdiyim kimi, bizim 4 mindən çox itkin düşmüş vətəndaşımız var. Mən erməni həmkarımla görüşdə konkret olaraq bir nəfərin məsələsini qaldırsam, əlbəttə, onlar onun barəsində heç nə bilməyəcəklər. Çünki onlar bu adamın axtarışı ilə məşğul olmayıblar. Onlara arxivlərdə işləmək, müxtəlif instansiyalara sorğu göndərmək üçün vaxt lazım olacaq. Yalnız bundan sonra cavab verə bilərlər. Əgər istəsələr. Bu məsələdə fəaliyyət əlaqələndirilməlidir. Əgər bu məsələ ilə bağlı konkret nəticə yoxdursa, görüşməyin mənası da yoxdur.

- Yaxın zamanlarda erməni həmkarlarınızla görüş gözlənilirmi?

- Bu məsələ hər zaman gündəmdədir.

- Konkret vaxt bilinirmi?

-Xeyr. Əvvəlcə görüşün gündəliyini müəyyənləşdirmək və razılaşdırmaq lazımdır. Bizə konstruktivlik lazımdır.

- Bu gün həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quyliyevin qanunsuz şəkildə ermənilər tərəfindən saxlanılması Azərbaycan ictimaiyyəti üçün ağrılı məsələlərdən biridir. Xəbər verildiyi kimi, onlardan biri Rusiya vətəndaşıdır. Dövlət Komissiyası onların azad edilməsi istiqamətində hansı işləri görür?

- Mənim üçün əhəmiyyəti yoxdur, girov Rusiya vətəndaşıdır, yoxsa hansısa bir dövlətin təbəəsidir. Mən bilirəm ki, Əsgərov Azərbaycanda doğulub və yaşayır, dəfələrlə Kəlbəcərdəki kəndini ziyarət edib. Ərazini yaxşı tanıyır. O, öz səfərlərini videoya çəkib, internetdə yayıb.

- Demək istəyirsiniz ki, onun işğal altında olan Kəlbəcər rayonuna səfərlərinin motivləri aydındır?

- Bunu sizin anadan olduğunuz rayona səfərinizlə müqayisə etmək olar. Və ya mənim öz doğma yurduma səfərlərimlə, mən orada dostlarıma, valideynlərimin məzarlarına baş çəkirəm. Lakin ermənilər bildirirlər ki, Azərbaycan vətəndaşlarını bütün maddələr üzrə ittiham edəcəklər.

Onların irəli sürdüyü ilk ittiham dövlət sərhədlərinin pozulmasıdır. Azərbaycanın dövlət sərhədləri beynəlxalq birlik tərəfindən tanınıb və Helsinki Yekun Aktı ilə təsbit edilib. Azərbaycanla Ermənistan arasındakı sərhədlər məlumdur və heç bir sərhəd pozuntusu olmayıb.

İkinci maddə təxribatdır. Qoy lüğəti açıb təxribatın nə olduğunu oxusunlar. Azərbaycanlı əsirlərin hərəkəti təxribat xarakteri daşımır.

Üçüncü maddə casusluqdur. Hansı dövlətin xeyrinə casusluqdan söhbət gedir? Əsgərov və Quliyev hansı məlumatları əldə ediblər ki, casusluqda ittiham olunurlar?

Erməni yeniyetmənin qətlinə dair ittihamlara gəincə… öldürüldüyü bildirilən oğlanın atası deyir ki, oğlu Bağlı Pəyə kəndində itkin düşüb. Sonra məlumat yayıldı ki, oğlan Almalıq kəndində itkin düşüb. Daha sonra müdafiə naziri Seyran Ohanyan, XİN başçısı Edvard Nalbandyan ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüş zamanı oğlanın itkin düşdüyü müxtəlif ərazilərin adlarını çəkiblər. Ən maraqlısı odur ki, bir-biri ilə ziddiyyət təşkil edən bu məlumatlar rəsmi xarakter daşıyır.

İndi girovları “məhkəmə”də məcbur edirlər ki, guya onlar oğlandan onlara Kəlbəcəri göstərmələrini xahiş etdiklərini bəyan etsinlər. Həmin yerə çox yaxşı bələd olan Əsgərov, Quliyev və Həsənovun bu oğlandan bunu xahiş etmələri cəfəngiyyatdır! Deməli, bu şəxslər cəhbə xəttini və postları keçərək Şaplar kəndinə gediblər ki, bu oğlandan onlara Kəlbəcəri göstərmələrini xahiş etsinlər? Həqiqət haradadır?!

Şaplardan Bağlı Pəyəyə qədər 40-45 kilometr yol var və bu yol dağlıq ərazidən keçir. “Məhkəmə”də iddia edirlər ki, guya azərbaycanlılar yeniyetməni özləri ilə aparıblar. Onu özləri ilə dağlara aparmaq onların nəyinə lazımdır?!

Sonra daha bir məlumat yayıldı, guya onlar Kəlbəcərlə Vardanis arasındakı yolda Ermənistan ordusunun mayorunu öldürüblər, bir qadını isə yaralayıblar. Sonra yazdılar ki, azərbaycanlı “diversantlar”ın yaxalanması zamanı erməni zabiti həlak olub. Nə qədər yalan danışmaq olar? Yüksək səviyyədə məlumatın və rəsmi bəyantların təhlili həqiqəti üzə çıxarır - çox sayda yalan məlumat və ziddiyyətlər var. Bütün bunlar yalandır. Bu, “məhkəmə prosesi” adlanan şoudur. “Məhkəmə iclası”nın keçirildiyi binaya nəzər yetirmək kifayətdir. Əgər onlar hesab edirlərsə ki, beynəlxalq normalara riayət edirlər, o zaman görməlidirlər ki, Əsgərov və Quliyev rus dilini çətinliklə anlayırlar, bu dildə pis danışırlar. Həmin şəxslər bu cür şəraitdə necə müdafiələrini qura bilərlər? Bəs onlara verilən tərcüməçi üçün nə deməli? Beynəlxalq humanitar hüquq vətəndaşa lazım bildiyi və anladığı dildə müdafiə olunmaq imkanının verilməsini tələb edir. Hazırkı şəraitdə Əsgərov və Quliyevi rus dilində müdafiə olunmaq istədiklərini yazmağa və altından imza atmağa məcbur etmək asan məsələdir. Həm də qondarma məhkəmə zalında müttəhimlər üçün xüsusi ayrılmış yer yoxdur ki, onlar burada vəkillərlə sərbəst ünsiyyət saxlaya bilsinlər. Əsgərov və Quliyev oturublar, yanlarında isə maskalı şəxslər var. Onlar nə isə yazırlar, maskalılar isə gözaltı baxır. Bu qondarma məhkəmə prosesi əsl təzyiqdir. Bu səbəbdən beynəlxalq təşkilatlar həmin məhkəməni tanımır.

- Həsən Həsənovun meyitinin qaytarılması barədə nə deyə bilərsiniz?

- Qızıl Xaç Komitəsi Ermənistan tərəfinə beynəlxalq normalara əməl edilməsinin vacibliyini və Həsən Həsənovun meyitinin tezliklə qaytarılmasının zəruri olduğunu çətinliklə də olsa izah edə bilib. Lakin, hansısa səbəbdən erməni tərəfi bu məsələni uzadırdı. Hər dəfə Həsənov barədə əlavə məlumatlar tələb edirdi - hansı məktəbi bitirib, harada işləyib, harada yaşayıb. Sual edilir: nə fərqi var? O, artıq həyatda yoxdur. O, öldürülüb. Nə fərqi var harada oxuyub və işləyib? Deyim ki, bu ilk hadisə deyil, əvvəllər də bu cür yanaşmalar olub, xüsusilə Mübariz İbrahimov və Fərid Əhmədovla bağlı.

- Ermənistan tərəfi Azərbaycanı noyabrın 12-də Ermənistan Hərbi Hava Qüvvələrinin vurulduğu helikopterinin düşdüyü ərazinin kütləvi atəşə tutulmasında ittiham edir. Bu ittihamları necə şərh edərdiniz?

- Bu məsələdə aydın olmayan bir çox məqamlar var. Ermənilər, xüsusilə keçmiş hərbi rəhbərlə deyirlər ki, azərbaycanlılar razılıqları pozur...

- Guya öhdəliklər pozulub...

- Hansı öhdəliklər?

- Bu, mənim üçün də maraqlıdır.

- Azərbaycan konkret olaraq hansı öhdəlikləri pozub? Azərbaycan öz ərazilərini, o cümlədən hava məkanını qorumaq hüququna malikdir. Bunu da edir. Ermənistanın hərbi helikopteri Azərbaycan ərazisində, işğal altında olan Ağdam və hətta Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərindən uçur. Azərbaycan ordusu buna tamaşa etməli idi? Erməni tərəfi deyir ki, helikopterdə silah olmayıb. Ümumiyyətlə, bu helikopter necə adlanır? “Mi-24” tipli hərbi helikopter. Başqa sözlə desək, “Timsah”. Bu, ilk sovet, dünyada isə ikinci ixtisaslaşdırılmış həmləçi hərbi helikopteridir. Sadə dildə desək, bu maşın hərbi məqsədlər üçün nəzərdə tutulub və 30 mm-lik daşınmaz top, 23 mm-lik daşınan top, yüksək səsli tank əleyhinə raket kompleksi TƏİR, idarə olunmayan raket, həmçinin konteynerli silahlar - pulemyot, qumbaraatan və toplarla təchiz edilib. Ermənistan Silahlı Qüvvələrinə məxsus bu cür hərbi helikopter Azərbaycanın hava məkanını pozub və vurulub.

- Əvəllər və hazırda bizdə əsirlikdə olan Ermənistan vətəndaşları barədə də rəyinizi öyrənmək maraqlı olardı. Xüsusilə keçmiş erməni hərbi əsir A.İnciqulyanın vətənə qayıdandan sonra Azərbaycanda saxlanma şəraitini tənqid etməsi, bu yaxınlarda isə Ermənistan Silahlı Qüvvələrininn sıralarına qayıtması faktını necə şərh edərdiniz?

- Burada İnciqulyanla heç kəs pis rəftar etməyib. Jurnalistlər, Qızıl Xaç Komitəsinin nümayəndələri ona dəfələrlə baş çəkiblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazədənin nümayəndəsi, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev ona baş çəkiblər. Həmin şəxslər onunla söhbət ediblər, vəziyyəti ilə maraqlanıblar, onunla necə davranılması barədə soruşublar. Onun əsir düşərkən ilk şəkillərinə baxa bilərsiniz. Arıq idi, güclə gəzirdi, fiziki cəhətdən zəif idi. Bu gün isə ermənilər deyirlər ki, azərbaycanlılar ona əziyyət ediblər. Onun axırıncı şəklinə baxmaq kifayətdir ki, dəqiq nəticə çıxarasan. Həmin şəkillər saytlarda yerləşdirilib ki, Ermənistanda əsgərin əsir düşəndə nə vəziyyətdə olduğunu və onu buraxdıqdan sonra necə olmasını müqayisə etsinlər.

- Bundan başqa, 2010-cu ildən etibarən Gevorkyan ailəsi Bakıdadır. Məlumdur ki, hələlik heç bir ölkə onlara sığınacaq verməyə hazır olduğunu bildirməyib. Onların gələcək taleyini necə görürsünüz?

- Həmin şəxslər fəraridir. Onlar Ermənistandakı rejimdən Azərbaycana qaçıb və bu barədə dərhal bəyan ediblər. Əks halda dövlət sərhədini pozma maddəsi ilə ittiham olunardılar. Bu səbəbdən Azərbaycan bu ailənin təhlükəsizliyini təmin etmək üçün onu lazımi şəkildə yerləşdirib. Ölkəmizdə digər dövlətlərdən də qaçqınlar var, onlar hamısı azad yaşayırlar. Lakin Azərbaycan və Ermənistanın müharibə şəraitində olmasını nəzərə alaraq, erməni ailəni köməksiz buraxmaq, onun Bakıda mənzil kirayə tutmasına yol vermək olmaz. Küçədə onların qarşısına müharibə zamanı zərər çəkmiş şəxsin çıxmayacağına heç kim zəmanət verə bilməz.

Bu ailə normal şəraitdə saxlanılır, Qızıl Xaç Komitəsinin, BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) nümayəndələri onlara mütəmadi baş çəkirlər. Ancaq əcnəbilərə sığınacağın verilməsi üçün kvotaya sahib olan ölkələr hələlik onları qəbul etmək istəmir.

- Bəs Azərbaycan necə? Biz onlara vətəndaşlıq verə bilərikmi?

- Xeyr. Bu, mümkün deyil. Buna səbəb münaqişədir.

- Cənab Sadıqov, bizi maraqlandıran suallara cavab verdiniz. Lakin əlavə etmək istədiyiniz yəqin ki, nə isə var, elə deyilmi?

- Bu yaxınlarda mətbuatda 6 azərbaycanlı hərbi əsirlə bağlı videokadrlar yayılmışdı. Videosüjetə əsasən, ermənilər əsirlikdə saxladıqları azərbaycanlıları nümayiş etdirmişlər. Bunu görənlər bizə zəng etməyə başladı. Bir qadın həmin əsirlərdən birinin oğlu olduğunu söyləyirdi. Digər şəxs isə dayısını tanıdığını deyirdi. İtkin düşən qohumlarını axtaranlar onları yaxınları bilirdilər.

Qeyd edim ki, itkin düşənlər barədə məlumat daxil olan kimi, biz həmin an hərəkətə keçirik. Biz dərhal materiallar əsasında müəyyən etdik ki, həmin şəxslərdən ikisi 27 mart 1995-ci ildə, 4 nəfər isə 12 may 1995-ci ildə azad edilib. Biz həmin şəxslərlə söhbət etmişik. Onlar bizə orada daha kimlərin olduğuna, hansı şəraitdə saxlanıldıqlarına dair ifadə veriblər. Bütün bunlar sənədləşdirilib.

Bəs mətbuat nə etdi? Həmkarlarınız bu mövzunu geniş müzakirəyə çıxarmağa başladılar, guya Dövlət Komissiyası işləmir və s. Dövlət Komissiyasının nə üzərində və necə çalışdığını, artıq hansı həcmdə işin görüldüyünü və daha hansı işlərin görüləcəyi barədə yuxarıda danışdım. Əgər mən eşitmək istədiklərinizi demirəmsə, sözlərimin mənasının təhrif etmədən dəqiqliklə ifadə olunmasını tələb edirəmsə, dərhal Dövlət Komissiyasının işləməməsinə dair ittihamlar səslənir. “Girovlar” və “hərbi əsir” terminlərini səhv salan insanlar məni səriştəsizlikdə ittiham edirlər!

- Bir daha agentliyimizə ayırdığınız zamana görə minnətdarlığımı bildirirəm.

- Dəyməz.

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA