AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1483 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3888 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
İşçi qrupunun əməkdaşı Nailə Dadaşovanın "CBC TV" kanalına müsahibəsi.   

Əsir-girov götürülən şəxslərin geri qaytarılmasına dair saziş layihəsi üzərində iş aparılır. Bununla bağlı Azərbaycan tərəfinin təklifi Ermənistana çatdırılıb və noyabrda Tbilisidə hər iki ölkənin nümayəndələrinin görüşü ola bilər. Bu haqda CBC-yə eksklüziv müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı Nailə Dadaşova məlumat verib.

O, xatırladıb ki, 2016-cı ilin aprelində komissiyanın sədri Mədət Quliyev hazırda tərəflərdə saxlanılan şəxslərin “hamının–hamıya” prinsipi əsasında azad edilməsi təklifi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb.

“Müraciətdə konkret olaraq tərəflərdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanması təklif edilib. Beynəlxalq Qızıl Xaç Komitəsi bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş aparıldığını bildirib”.

Dövlət Komissiyası sonrakı illərdə bu təklifi Dağlıq Qarabağda itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu ilə müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan ərazilərə səfər etmiş qrup üzvləri tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılıb. Bu ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə dövlət komissiyalarının görüşünün keçirilməsi planlaşdırılır. Azərbaycan isə yalnız bir şərtlə görüşdə iştiraka razıdır.

“Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə Azərbaycan tərəfinin görüşə hazır olduğunu Beynəlxalq İşçi Qrupu həmsədrlərinin diqqətinə çatdırıb”.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə son iki il ərzində ciddi araşdırma aparıb. 2017-ci ilin sonunda 3875 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyatdan keçdiyi siyahı təsdiq olunaraq nəşr edilmişdir. Lakin itkin düşdüyünə görə ölmüş elan olunmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində ödəmə ayrılmasına dair prezident fərmanından sonra Komissiyaya müraciət edənlərin sayı çoxalıb.

“Əvvəllər itkin düşmüş yaxınları haqqında müəyyən səbəblərə görə məlumat verməyən şəxslər fərman imzalandıqdan sonra Komissiyaya çoxsaylı müraciətlər edirlər. Bu səbəbdən son aylar ərzində əlavə olaraq 13 nəfər Komissiyada ikin düşmüş şəxs kimi qeydiyyata alınıb və bu rəqəmin artmaq ehtimalı var. Bu günə olan məlumata görə, Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçir”.

Münaqişə müddətində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 vətəndaş əsir və girovluqdan azad edilib. Bunula yanaşı, 871 vətəndaşımızın intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülməsi və beynəlxalq təşkilatlardan gizlədilməsi barədə şahid ifadələri var.

"СВС TV"

16.11.2018

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA