AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1437 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3868 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundovun APA-ya müsahibəsi.   

Sual: İsmayıl müəllim, məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərini Ermənistan silahlı qüvvələri işğal etmiş, insanlar tarixi yurdlarından qovulmuşdur. Ən ağır problem isə itkin düşmüş şəxslərlə bağlı məsələdir. Hazırda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı hansı tədbirlər görülür?

Cavab: Əvvəla qeyd etməliyəm ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir. Ona görə də itkin düşmüş şəxslərin işi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Hazırda Dövlət Komissiyası tərəfindən itkinlərin axtarışı sahəsində işlər davam etdirilir. Burada vacib məsələ ilk növbədə siyahılarda dəqiqləşmə işinin tam başa çatdırılmasıdır. Cari ilin ötən müddəti ərzində aparılan araşdırmalara əsasən demək olar ki, yaxın zamanda dəqiqləşmə başa çatacaqdır. 

Sual: Siyahılar demişkən, 17 iyun 2016-cı il tarixdə Milli Məclisdə keçirilmiş dinləmələr zamanı söylədiyiniz fikirlərə münasibət bildirən Ermənistanın analoji Komissiyası İşçi qrupunun rəhbəri Azərbaycan tərəfini itkinlərin sayını dəqiqləşdirməməkdə günahlandırıb. Bununla bağlı nə deyə bilərsiniz?

Cavab: Qeyd etməliyəm ki, siyahılarda dəqiqləşmə işi BQXK-nın iştirakı ilə 2005-ci ildən etibarən hər iki tərəfdə aparılır. Ermənistanın Dövlət Komissiyası İşçi qrupunun rəhbəri müsahibəsində nədənsə, bunun üstündən keçir. Bu müddət ərzində aparılan müzakirələr zamanı beynəlxalq təşkilatlar tərəfindən həmişə ermənilərlə bağlı siyahının dəqiqləşməsində çətinlik yaşandığı söylənilib. Bizim siyahımızla bağlı problem olmayıb. Əgər Ermənistan mətbuatını izləsəniz orda itkin düşmüş ermənilərlə bağlı biri-birinə zidd olan rəqəmlərə rast gələcəksiniz. Özü də bu rəqəmlər bu sahəyə cavabdehlik daşıyan şəxslər tərəfindən söylənmişdir.

Sual: Həmin müsahibədə qarşı tərəf Dövlət Komissiyasını eyni zamanda, Ermənistanın Dövlət Komissiyası ilə işgüzar məsələləri müzakirə etməkdən yayınmaqda günahlandırır. Buna münasibətiniz?

Cavab: Bu kökündən səhv bir fikirdir. Ona görə ki, bu müddət ərzində dəfələrlə belə görüşlər olub Moskvada, Tbilisidə, hətta Ermənistan-Azərbaycan sərhədində. Ancaq bütün bu görüşlərdə əldə edilmiş razılıqlar Ermənistan tərəfindən sonradan siyasi tələblər irəli sürülərək pozulub. İkincisi biz görüş naminə görüşün tərəfdarı deyilik. Hər bir görüşün konkret mövzusu olmalıdır. Əgər Ermənistan tərəfi həqiqətən də görüşün keçirilməsini arzu edirsə, həmişə olduğu kimi, biz hazırıq buyursunlar.
Təklif edirik ki, ilk müzakirə mövzusu hazırda tərəflərdə saxlanılan şəxslərin azad edilməsi məsələsi olsun. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev, qoşunların təmas xəttində törətdiyi təxribat əməlinə görə, Azərbaycan məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi Arsen Baqdasaryanın azad edilməsi məsələsini ən yaxın vaxtda BQXK-nın vasitəçiliyi ilə müzakirə edə bilərik.

Sual: A.Kaprielyan Sizin haqqınızda danışarkən həmkar ifadəsini dırnaq arasında işlədib. Buna münasibətiniz?
Cavab: Bu onun adi diplomatik etiket qaydalarını ya bilməməsindən ya da bilərəkdən pozmasından xəbər verir və diplomatik mədəniyyət məsələsidir. Hər halda mən onun yanaşmasını təkrar etməyəcəm.

17 iyun 2016-cı il.

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA