AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1477 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3888 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
Xocalı soyqırımı - insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biridir.   

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımı törədilmişdir. Həmin gecə Ermənistan hərbçiləri və separatçı rejimin terrorçu-təxribat qrupları keçmiş Sovet Ordusunun Xankəndindəki 366-cı alayının köməyi ilə azərbaycanlıların kompakt yaşadığı Xocalı şəhərinə qəflətən hücuma keçmişdir.
Əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət olan dinc əhalinin müəyyən hissəsi evlərində öldürülmüşdür. Soyuq qış gecəsində evlərini tərk etməyə məcbur olan mülki əhalinin bir hissəsi şəhərin küçələrində vəhşicəsinə qətlə yetirilmiş, qaçaraq meşələrə, çöllərə dağılan başqa bir hissəsi isə təqib olunaraq məhv edilmişdir. Onlara heç bir aman verilməmiş, insanlar yaşına, cinsinə fərq qoyulmadan qətlə yetirilmişdir. Ermənilər tərəfindən əsir-girov götürülənlər isə ağır işgəncələrə məruz qalmış, qeyri-insani şəraitdə saxlanılmış, beynəlxalq humanitar hüquq normalarına zidd olaraq alçaldılıb təhqir edilmişlər.
Həmin gecə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilərək yer üzündən silinmişdir. 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirmişdir. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmışdır.
Xocalı soyqırımı ilə bağlı aparılmış əməliyyat - istintaq araşdırması zamanı sübut olunmuşdur ki, şəhərə hücumda sonralar Ermənistan Respublikasının müdafiə naziri işləmiş Seyran Ohanyanın komandanlığı altında 366-cı alayın 2-ci taboru, həmçinin alayın qərargah rəisi Valeriy Sitsiyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri də iştirak etmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında son illər aparılan araşdırmalar da təsdiq edir ki, Xocalı soyqırımı zamanı törədilmiş humanitar fəlakətin miqyası əslində görünəndən daha geniş olmuşdur. Bu səbəbdən də insanların son taleyinin dəqiq müəyyən edilməsi üçün ciddi və ardıcıl araşdırma tədbirlərinin davam etdirilməsi zəruridir. Ermənistan tərəfindən həyata keçirilən işğal faktoru, status-kvonun davam etdirilməsi və hər vəchlə danışıqlardan yayınmağa cəhd öz növbəsində humanitar problemlərin aradan qaldırılmasına da mane olan əsas səbəbdir.
Araşdırmalar təsdiq edir ki, soyqırımı ərəfəsində Xocalıda şəhər sakinləri ilə yanaşı, həmin dövrdə Ermənistandakı ata-baba yurdlarından və Dağlıq Qarabağdakı kəndlərdən zorla qovulmuş azərbaycanlılar, həmçinin də axısxa türkləri məskunlaşmışlar. Ona görə də soyqırımı ərəfəsində əslində şəhərdə yaşayan insanların sayı dah çox olmuşdur. Bu səbəbdən araşdırmaların gedişində statistik rəqəmlərin dəyişəcəyi mümkündür. Hazırda isə Komissiya tərəfindən dəqiqləşmiş məlumata əsasən, 196 nəfər Xocalı soyqırımı zamanı itkin düşmüş şəxs kimi Komissiyanın qeydiyyatındadır. Onların arasında 36 nəfər uşaq, 65 nəfər qadın, 34 nəfər qoca da var. İtkin düşmüş, 196 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilmişdir. Komissiyada aparılmış araşdırmalar nəticəsində soyqırımı aktı zamanı ermənilər tərəfindən əsir-girov götürülmüş 409 nəfərin azad edildiyi müəyyən edilmişdir. Onların arasında 136 nəfər uşaq, 201 nəfər qadın 60 nəfər qoca olmuşdur.
Komissiya tərəfindən əsir-girovluqdan azad edilmiş Xocalı sakinlərinin əksəriyyətinin hadisə ilə bağlı həm yazılı, həm də video ifadələri alınaraq arxivləşdirilmişdir. Bu materiallar eyni zamanda, aidiyyəti üzrə istintaq-əməliyyat qrupuna da göndərilmişdir.
İnsanlığa qarşı aşkar cinayət törətmiş Ermənistan hələ də Xocalıya hücum zamanı guya dinc əhalinin şəhərdən çıxması məqsədi ilə dəhlizin yaradıldığı barədə cəfəng məlumatlar yaymaqdadır. Lakin həm Komissiyada aparılan araşdırma və təhlil işi, həm soyqırımı faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı, xüsusən də şahid ifadələri tam şəkildə təsdiq edir ki, şəhər hər tərəfdən mühasirəyə alınmış və dinc əhaliyə qarşı aşkar soyqırımı həyata keçirilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qətlə yetirilmişdir. Hətta bu məqsədlə ayrı-ayrı erməni terrorçu-quldur dəstələri tərəfindən əvvəlcədən müəyyən edilmiş yerlərdə pusqular da təşkil edilmişdir. Dəhlizin olmaması faktını hadisə zamanı orada olmuş xarici jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri da təsdiq edir. Təsadüfi deyil ki, Rusiyanın «Memorial» hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Şəhərə hücum zamanı əhali əsasən, Ağdam rayonu istiqamətində hərəkət etmişdir, Əslində əhalinin başqa çıxış yolu da olmamışdır. Bu istiqamətdə hərəkət edən əhalinin əsas məqsədi Ağdam şəhərinə çatmaqdan və onlar üçün qurulmuş kütləvi qətliam tələsindən canlarını qurtarmaqdan ibarət olmuşdur. Ancaq düşmən bu məqamları çox dəqiq şəkildə işləmiş, əhalini əvvəlcədən soyqırıma məruz qoymağı, sonuncu nəfərinədək qətlə yetirməyi vacib hərbi-strateji məqsəd kimi müəyyən etmişdir. Bu məqsədlə Xocalıya aparan bütün avtomobil yolları soyqırımı aktından hələ 4 ay əvvəl – 1991-ci il oktyabr ayının sonunda tamamilə bağlanmışdır. Bu səbəbdən şəhərlə yeganə əlaqə yalnız helikopter vasitəsi ilə həyata keçirilmişdir. 28 yanvar 1992-ci il tarixdə Ağdamdan Şuşaya uçan Mİ-8 helokopteri şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən raketlə vurularaq partladıldığı üçün Xocalı ilə əlaqə tam kəsilmişdi. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etmiş və Xocalının mühasirəsini tam şəkildə başa çatdırmışdır.
Bu soyqırımın Xocalıda törədilməsinin Ermənistan üçün vacib məqsədindən biri isə Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsindən ibarət olmuşdur. Çünki Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşən Xocalı bölgədə strateji əhəmiyyətli ərazi kimi Ermənistanın hərbi-siyasi xuntasını narahat edirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Bu hərbi-strateji üstünlük həm də Ermənistanın sonrakı işğalçılıq planlarının reallaşmasında əsas rol oynayacaqdı.
Bundan başqa, Xocalı Azərbaycana məxsus qədim ərazilərdən biri kimi həm də tarixi mədəniyyət abidələri ilə seçilirdi. Təsadüfü deyil ki, yerli əhalini vəhşicəsinə qırarkən ermənilər azərbaycanlı, türk izini itirmək kimi vandalizmə də əl atmış, Azərbaycan xalqı və bəşəriyyət üçün nadir nümunə hesab edilən Xocalı abidələrini də dağıtmışdır. Xocalı isə həm 7 min nəfərdən çox əhalisinə, həm də tarixi mədəniyyət abidələrinə görə, Şuşadan sonra böyük əhəmiyyət kəsb edirdi.
Araşdırmalar təsdiq edir ki, əhali əsasən Ağdam istiqamətinə hərəkət etmiş və bu iki şəhərin arasında yerləşən ərazidə qətlə yetirilmişdir. Sağ qalanlar isə əsir-girov alınmış və onlara qarşı insanlıq tarixinin ən qəddar və vəhşi hərəkətləri törədilmişdir. Saxlanılanlar əsasən ərazidə yerləşən Pircamal və Dəhraz kəndlərindəki mal tövlələrində, Əsgəran şəhərindəki milis İdarəsinin təcridxanasında toplanmışlar, müəyyən bir hissəsi isə Xankəndinə və sonradan Ermənistan ərazisinə aparılmışlar.
Dağlıq Qarabağ münaqişəsinə rəvac verən Ermənistan nəinki 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərini pozmuş və indi də beynəlxalq aləmin gözü qarşısında bu əməlini davam etdirir. Təəssüf ki, beynəlxalq hüquq normalarını qəbul edən aparıcı dövlətlər, eyni zamanda bu normalara münasibətdə ikili standartları da yaratmışdır.
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməllərinə görə, beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi məsələsi daim diqqət mərkəzində olmuşdur. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə istintaq-əməliyyat qrupu” yaradılmışdır. Elə həmin vaxtdan Komissiya istintaq-əməliyyat qrupu ilə sıx əməkdaşlıq etmişdir. İşçi qrupunda toplanmış material və məlumatlar quruma təqdim edilmişdir.
İstintaq-əməliyyat qrupunda Dağlıq Qarabağ münaqişəsi zamanı cinayət törətmiş şəxslər barədə ətraflı məlumatlar toplanmışdır. Son illər aparılan sistemli və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan xalqına qarşı cinayət törətmiş konkret insanların beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə inam gündən-günə artır.
Ümumiyyətlə, həm Xocalı soyqırımına, həm də ermənilər tərəfindən Azərbaycan xalqına qarşı XX əsr boyu törədilmiş soyqırımı və cinayət əmmələrinə siyasi-hüquqi qiymət Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra verilmişdir. Buna misal kimi Xocalı soyqırımı il bağlı 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş məlum sənədi, eyni zamanda Ümummilli lider tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi ilə bağlı 1998-ci il martın 26-da imzalanmış fərmanı və digər normativ sənədləri göstərmək olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş uğurlu xarici siyasət və “hücum diplomatiyası” nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
Sözsüz ki, bu sahədə ən təqdirəlayiq iş Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən aparılır.
2008-ci il mayın 8-də, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının təsis edilməsi isə bu soyqırımın dünyada tanınmasına, beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə ciddi təkan vermişdir. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş kampaniya bir sıra ölkələrdə uğurla həyata keçirilir.
Kampaniya çərçivəsində aparılan işlərin nəticəsində artıq dünyanın 15 dövləti, həmçinin ABŞ-ın 22 ştatı və Böyük Britaniya Krallığına daxil olan Şotlandiya ölkəsi tərəfindən Xocalıda törədilmiş qətliam soyqırımı aktı kimi qəbul edilmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

25 fevral 2019-cu il

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA