AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1444 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3875 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
QARADAĞLI QƏTLİAMI

Məşhur terrorçu, Qərbi Avropada «ASALA-nın inqilabi hərəkatı» adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. Bu istiqamətdə komandanlığa onu şəxsən indiki Ermənistan Prezidenti S.Sarkisyan təyin etmişdir.

1992-ci il fevralın 17-də Melkonyanın rəhbərliyi ilə Ermənistanın hərbi birləşmələri, eyni zamanda, xarici ölkələrdə xüsusi təlim keçmiş erməni terror və quldur birləşmələri “Arabo” və “Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücuma kecdilər. Araşdırmalar göstərir ki, Qaradağlının işğalında Rusiyanın 366-cı alayının hərbçiləri də iştirak etmişdir.
Melkonyanın qardaşı Markar Melkonyan 2005-ci ildə Nyu-Yorkda nəşr olunan “Mənim qardaşımın yolu” kitabında yazır: “Doqquz il əvvəl Monte özünün “Xalq döyüşçülərinin hazırlanması barədə təlimat”ında yazırdı ki, “Pusqudan atəş açmaq əmrini düşmənə ilk atəşi özü açmaqla komandir verməlidir. Bu zaman düşmənin böyük itgisinə səbəb ola biləcək B-7 tipli qumbaraatandan (əgər belə silah varsa) və ya istənilən digər silahdan atəşə başlamağa üstünlük verilməlidir”. Indi isə o soyuqqanlıqla B-7 qumbaraatanı çiyninə alaraq nişan alıb tətiyi çəkdi. Ağ qığılcım və gurultu ilə çıxan ilk mərmi binanın ikinci mərtəbəsində küncdəki pəncərədən daxil olub içəridə hər şeyi külə döndərərək sarı rəngdə alovla pəncrədən geri çıxdı. Bu işarə idi və sonra hücum edənlər kəndi yaylım atəşinə qərq etdilər. Petaşendən olan komandir müavini Nelson bərəlmiş gözləri ilə Montenin B-7-dən atəş açdıqdan sonra qumbaranın dağıdıcı qüvvəsini seyr etmək üçün silahı necə aşağı salmasını, sonra uca səslə kiçik komandirlərə əmrlər verməsini, daha sonra isə onun qumbaraatanı soyuqqanlıqla yenidən doldurmasını müşahidə edirdi. Dolu kimi yağan güllə atəşi altında azərbaycanlı müdafiəçilər şimal istiqamətində, bir neçə kilometr aralıda Ağdam düzənliyində yerləşən qərargahla ratsiya vasitəsilə əlaqəyə girərək öz rəhbərlərinə kömək göndərilməsi üçün müraciət edir, artıq bu hücumun qarşısını ala bilmədiklərini bildirirdilər. Monte müşahidə məntəqəsindən müdafiəçilərin oturduqları binada açılan atəş səslərini eşidirdi. Ona elə gəlirdi ki, müdafiəçilər artıq nə edəcəkləri barədə razılaşmadıqları üçün biri-birinə atəş açırlar.

Müdafiəçilər tərəfdən cavab atəşləri dayandıqdan sonra Monte B-7 qumbaraatanını aşağı endirib hücum dəstələrinin hər tərəfdən Qaradağlıya soxulduqlarını seyr etməyə başladı. Gündüz saat 5-də dəstələr öz vəzifələrini yerinə yetirdilər. Erməni tərəfindən həmin gün yalnız bir döyüşçü öldürüldüyü halda, düşmən tərəfdən 2 döyüşçü öldürülmüş, 48 əsir isə yük avtomaşınına tərəf aparılırdı. Əsirlər Stepanakertə aparıldılar, orada onları azərbaycanlıların əlində əsirlikdə olan ermənilərlə dəyişdirilənədək saxladılar. Qaradağlı uğrunda döyüş Montenin rəsmi komandir vəzifəsində rəhbərlik etdiyi ilk döyüş idi və göründüyü kimi uğurlu keçmişdi. Lakin tezliklə hər şey dəyişdi. “Arabo” və “Aramo” döyüşçüləri aralarında dinc sakinləri, o cümlədən qadınlar da olmaqla 38 nəfər əsir-girovu kəndin kənarında məhv edib xəndəyə tökmüşdülər. Girovlardan biri əlindəki sarğının altında gizlətdiyi qumbaranı çıxarıb Patriot dəstəsinin üzvü olan mühafizəçi Levonun ayaqları altına atdı. Partlayış nəticəsində o ayağının bir hissəsini itirdi. Hələ dünən həlak olmuş döyüşçü dostlarının qisasını almaq arzusunda olan “Arabo” və “Aramo” əsgərləri bütün girovları son nəfərədək güllələyərək, üstəlik onları bıçaqla doğramağa başladılar. Aştarakdan olan Patriot dəstəsinin 5 üzvündən biri ”Şram” ləqəbli Edo bir neçə yaralı əsgərin üzərinə benzin töküb yanar kibriti atdı. Montenin xəndəyə yaxınlaşdığı anda orada yalnız yanmış cəsəd topası var idi”(Markar Melkonyan: “Mənim Qardaşımın yolu”. Nyu-York. 2005. səh.213).
Hadisənin qurbanı olmuş Qaradağlı kəndinin aşağıdakı sakinlərinin fikirləri Markar Melkonyanın dediklərini tam dəqiqliyi ilə təsdiq edir və eyni zamanda, daha ətraflı təsvir yaradır.

İfadələrə nəzər salaq:
- Girovluqdan azad edilmiş Hüseynov İlqar Qardaşxan oğlu – 1992-ci il fevral ayının 15-də səhər saat 6-da bizim kəndə 4 tərəfdən hücuma keçdilər. Biz kənddə 118 nəfər idik. Onun 11-i qadın, qalanları isə kişi idi. Döyüş başladı, düzdür bizim texnikamız yox idi, ancaq biz onlara can vermirdik. Bir sutka biz onlarla döyüşdük. Bizdən 8 nəfər həlak oldu sayımızın azalmasına baxmayaraq biz döyüşü davam etdirirdik. Erməniləri vurub kənddən çıxardıq. 16-sı günü ermənilər yenidən hücuma başladılar. Onlar texnika ilə hücuma keçdilər, biz artıq tab gətirə bilmirdik. Onlar tərəfdən döyüşdə əsasən muzdlular iştirak edirdi. Onlara başçılıq edən Manvel (ad şərti olub) adlı, deyilənə görə Fransadan gəlmiş erməni idi. 17-də saat 3-də artıq silahımızın qurtardığını bilib atəşi dayandırdılar. Ona görə ki, onlardan ölən çox idi. Ermənilər biri-birinə deyirdilər ki, bizdən (ermənilərdən) çox adam ölüb. Bir nəfərimizi kəndin içində ağacla döyə-döyə öldürdülər. Sonra 92 girovu götürüb Xankəndi istiqamətinə apardılar. “Bəylik bağı”na çatanda 32 nəfərimizi orada güllələdilər və güllələməklə ürəkləri soyumadığı üçün başlarını kəsib kuloklara yığırdılar. Meyitləri isə silos quyusuna doldurdular. 3 killometr getdikdən sonra isə daha bir nəfəri güllələdilər. Sonra bir nəfəri də güllələdilər (Dövlət Komissiyasının materialları.Girovluqdan azad edilmiş Hüseynov İlqar Qardaşxan oğlunun 22.11.2002-ci il və 24.02.2003-cü il tarixli ifadələrindən).

- Girovluqdan azad edilmiş Tağıyev Tevon Həbil oğlu - 1991-ci ilin sonlarında Qaradağlı kəndi ətraf kəndlərdə yaşayan ermənilər tərəfindən tam mühasirəyə alındı. Kəndə gediş-gəliş tam kəsilmişdi. 1992-ci ilin yanvar ayından başlayaraq qadınları və uşaqları vertolyotların köməyi ilə kənddən şıxarmağa başladıq. Kəndə hücumlar ara vermirdi. Fevral ayından artıq vertolyotlar da gəlmədi. Kəndin kənarla əlaqəsi tam kəsildi. Fevral ayının 14-dən 17-dək hücum dayanmadı. Ayın 17-dək kəndi müdafiə edə bildik. Kənardan heç bir kömək gəlmədi. Nəhayət güllələr qurtardı və erməni silahlı birləşmələri kəndi işğal etdilər. 8 nəfər döyüşün gedişində qətlə yetirildi. Kəndi işğal etdikdən sonra ermənilər kəndə hücüm vaxtı öldürülmüş ermənilərin meyitlərini kolxozun idarəsinin qarşısına düzüb çəkiliş aparırdılar. Bir nəfər qadın jurnalist veriliş hazırlayırdı. Ermənilər həmin şəxslərin guya erməni kəndinə hücum edən azərbaycanlılar tərəfinən öldürüldüyünü dünyaya çatdırırdılar. 117 nəfər kənd sakinini iki yük maşınına – cavanları ayrı, yaşlıları ayrı yığdılar və Xankəndi istiqamətinə apardılar. Kəndin kənarına çatmamış iki nəfəri də maşından yerə salıb güllələdilər. Kəndin 2 km-də yerləşən “Bəylik bağı”nda bizdən arxada gələn maşını saxladılar. Təxminən aramızda 50-60 metr məsafə olardı. “Bəylik bağı”nda erməni qadın və uşaqlar yığışıb çalıb-oynayırdılar. Maşını da onların yanında saxlayıb düşməyi əmr etdilər. Cavanlar düşmək istəmədikləri üçün, maşının üstünə atəş açdılar və bir neçə adam qətlə yetirildi. Cammat məcbur qalıb maşından töküldü. Toy-bayram edən erməni qadın və uşaqların gözü qarşısında Qaradağlıdan olan cavanları sıraya düzüb güllələdilər. Mənim oğlum Telman dözməyib gizlətdiyi qranatı çəkib qışqıraraq ermənilərin üstünə yürüdü. Qranat partladı və Telman özü ilə on ermənini də öldürdü. “Bəylik bağı”nda ermənilər 33 Qaradağlı sakinini qətlə yetirdilər. Sonra meyitləri yaxınlıqdakı silos quyusuna töküb basdırdılar. Bir az getdikdən sonra Cəmiyyət kəndində mülki ermənilərin gözü qarşısında iki nəfəri də güllələdilər. Xankəndinə 5-6 km qalmış hamını maşınlardan düşürüb isti paltarların hamısınl soyundurdular. Bizi piyada Xankəndinə gətirdilər. Yol boyu mülki ermənilər bizə daş atır və tüpürürdülər (Dövlət Komissiyasının materialları.Girovluqdan azad edilmiş Tağıyev Tevon Həbil oğlunun 24.05.2003-cü il tarixli ifadəsindən).

Qaradağlı kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı nəticəsində, Azərbaycan Respublikasının 26 vətəndaşı hazırda (15 fevral 2017-ci il tarixə olan məlumat) itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 15 nəfərinin əsir-girov götürülməsi və saxlanılması barədə şahid ifadələri mövcuddur.
İşğal zamanı əsir və girov götürülmüş sakinlərdən 50 nəfər müxtəlif vaxtlarda azad edilsə də onların sağlamlığını bərpa etmək mümkün olmamışdır. Azad olunanlardan 10-u qadın, 24-i isə qocalar (9-u qadın) olmuşdur.

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA