AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1437 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3868 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
SOYQIRIM QURBANLARI: QADINLAR VƏ UŞAQLAR

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 23 il ərzində (Komissiya 1993-cü ildə yaradılıb) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı toplanmış materialların təhlili deməyə əsas verir ki, Ermənistan Respublikası «Müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozaraq Azərbaycan vətəndaşlarına qarşı məqsədli surətdə soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə əsirlər boyu yaşadıqları ərazilərdən silah gücünə qovulması, yaşayış məntəqələrinin, tarixi abidələrin, qədim qəbiristanlıqların dağıdılması, insanların kütləvi şəkildə qətlə yetirilməsi, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.

1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı Ermənistan hərbçiləri Qaradağlı kəndindən girov götürülmüş 118 nəfər dinc sakinini Xankəndinə apararkən onlardan 33 nəfərini yolda güllələmişlər. Qətlə yetirilənlər arasında 10-12 yaşına qədər uşaqlar və qadınlar da olmuşdur.

Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda girov götürülmüş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun «Tunel» adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla bir yerdə yandırılmışdır. Bu günahsız soyqırım qurbanlarının böyük hissəsi qadınlar və uşaqlar idi.


Xocalı şəhərinin işğalı və dinc əhalinin məhv edilməsi

Ermənilərin Xocalıda törətdikləri kütləvi qətliam insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Serebrenitsa kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin qətliamı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Planlı şəkildə həyata keçirilən bu kütləvi qırğının Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalı şəhərində 7 min əhali yaşayırdı. 1988-ci ildən etibarən Ermənistandan və Dağlıq Qarabağın Xankəndi və digər yaşayış məntəqələrindən ermənilər tərəfindən qovulmuş xeyli azərbaycanlı və 1989-cu ilin iyun ayında Özbəkistanın Fərqanə şəhərində baş vermiş milli münaqişə zəminində qaçqın düşmüş ahıska türkləri də məskunlaşmışdılar. Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni idi. Belə ki, burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri ağır zirehli texnikanın köməyi ilə yerli əhalini vəhşicəsinə qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Təbii ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də Ermənistan hərbçilərini narahat edirdi. Çünki Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran - Xankəndi yollarının arasında yerləşmiş strateji məntəqə idi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran - Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən hava limanını ələ keçirmək idi.

Faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalı Azərbaycanın digər bölgələrindən təcrid edilmişdi. Yeganə nəqliyyat vasitəsi isə helikopter idi. Ancaq 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 helikopteri şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldıqdan və içərisində olan 3 heyət üzvü və 41 sərnişin həlak olduqdan sonra bu əlaqə də kəsildi. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik kəndlər Ermənistan hərbçiləri tərəfindən yandırıldı, dağıdıldı, talan edildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 PDM (piyadaların döyüş maşını), 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət olan dinc əhalinin böyük bir hissəsi elə evlərindəcə öldürülmüşdür. Soyuq qış gecəsində evlərini tərk etməyə məcbur olan mülki əhalinin bir hissəsi şəhərin küçələrində vəhşicəsinə qətlə yetirilmiş, qaçaraq meşələrə, çöllərə dağılan başqa bir hissəsi isə təqib olunaraq məhv edilmişdir. Onlara heç bir aman verilməmiş, insanlar yaşına, cinsinə fərq qoyulmadan qətlə yetirilmişdir. Ermənilər tərəfindən əsir-girov götürülənlər isə ağır işgəncələrə məruz qalmış, qeyri-insani şəraitdə saxlanılmış, beynəlxalq humanitar qaydalara zidd olaraq alçaldılıb təhqir edilmişdir. Onların arasında başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər işgəncə halları ilə qətlə yetirilənlər çoxluq təşkil edirdi.

Xocalının işğalı zamanı Ermənistan və Rusiya hərbçilərinin qətlə yetirdiyi 613 Xocalı sakininin 63 nəfərini azyaşlı uşaqlar, 106 nəfərini isə müxtəlif yaş hədlərində olan qadınlar təşkil etmişdir. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Hazırda (01.10.2016-cı il tarixə olan məlumat) 186 nəfər (onların arasında 31 uşaq (11 qız), 59 qadın, 33 qoca (20 qadın) var) Xocalı sakini itkin düşmüş şəxs kimi axtarışdadır. İtkin düşmüş həmin 186 nəfərdən 95 nəfərinin ermənilər tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri əldə mövcuddur. 95 nəfərin arasında 12 uşaq (2 qız), 23 qadın, 11 (7 qadın) qoca var.
Aparılmış əməliyyat - istintaq araşdırması zamanı sübut olunmuşdur ki, şəhərə hücumda 366-cı alayın milliyətcə erməni zabiti, mayor Oqanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan Respublikasının Müdafiə naziridir) komandanlığı altında olmuş 2-ci taboru, Yevgeni Na¬bo¬kixinin komandası altında 3-cü taboru, 1-ci taborun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən

50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından»).
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəl¬cə¬dən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafiə mər-kə¬zi¬nin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təh¬qi¬rə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Eks¬per¬¬tiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfə¬rin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

1993-cü ildə Dağlıq Qarabağda öldürülmüş beynəlxalq erməni terrorçusu Melkonyan haqqında qardaşı Markar Melkonyan 2005-ci ildə Nyu-Yorkda nəşr edilmiş “Mənim qardaşımın yolu” kitabında yazır: “Fevral ayının 25-dən 26-na keçən gecə, saat təxminən 23 radələrində 2000-dən artıq erməni döyüşçüsü qəfilətən otların və kolların arasından çıxaraq atəşlə Xocalı əhalisini cənub tərəfə sıxışdırmağa başladı. Əhali buradan 6 mil kənarda yerləşən və onlar üçün təhlükəsiz olan Azərbaycanlı şəhəri Ağdama tərəf üz tutmuşdu. Əsgərlər onları gözlə görünən ərazidə və təpəliklərdə güllə ilə biçməyə başladı. Arabonun döyüşçüləri bellərində gəzdirdikləri bıçaqları çıxarıb onları bıçaqlamağa başladı. İndi yalnız küləyin səsi, otların xışıltısı eşidilir, meyitlərin iyi ətrafa yayılırdı. Qadınlar və qızlar sınmış oyuncaq kimi ətrafa düşüb qalmışdılar. Monte Martuniyə 22 gün əvvəl gəlmişdi. Həmin gündən etibarən o, iki dəfə silahsız kəndlilərin və girov götürülmüş insanların axıdılmış qanı ilə sulanmış ərazilərdən keçmişdir”.

Meyitlərə qarşı törədilmiş vəhşiliklərin ermənilərin nəzarət etdiyi, yəni qətliamın törədildiyi ərazidə həyata keçirildiyini nəzərə alsaq, bunun onlar tərəfindən törədildiyini sübut etməyə ehtiyac qalmır. Bunu hazırda Ermənistanın Prezidenti olan Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaalın 2005-ci ildə Moskvada nəşr olunmuş “Черный сад” kitabında əks olunmuş fikri də təsdiq edir. S.Sarksyan deyir: “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdi ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu stereotipi sındıra bildik”.

1992-ci il fevralın 26-da tarixdə Xocalıda törədilmiş soyqırım aktı dünyanın bir çox jurnalistləri, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev tərəfindən lentə alınmışdır. Həmin videoçəkilişə diqqətlə nəzər salarkən məlum olur ki, Ağdam və Xocalı şəhərləri arasında qətlə yetirilmiş insanların meyitlərini çıxarmaq və hadisəni lentə almaq üçün Ç.Mustafayev və onu müşayiət edən qrup helikopterlərlə əraziyə iki dəfə getmişlər. Birinci çəkiliş zamanı - 1992-ci il 27 fevral tarixdə Ermənistan helikopterlərinin əraziyə gəldiyini və atəş səslərinin eşidildiyini görən qrup meyitlərin bir qismini götürərək ərazini təcili tərk etməyə məcbur olmuşdur. İkinci dəfə qrup əraziyə təxminən 2 gün sonra gəlmiş və orada qalan meyitlərə qarşı vəhşi hərəkətlərə yol verildiyinin şahidi olmuşlar. Bu, istintaq materiallarından və videosüjetlərdə aparılan danışıqlardan da aydın olur. Fakt Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən 18 dekabr 2003-cü il tarixdə yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən prosessual qaydada sənədləşdirilmişdir.

Hadisədən sonra əldə olunmuş bəzi meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa, girovluqdan qaçmağa müvəffəq olmuş sakinlərin ifadələrinə, eləcə də digər dəlil sübutlara əsasən, ermənilər ələ keçirdikləri dinc sakinlərə ağlasığmaz işgəncələr verir, onlara qarşı qeyri-insani davranış nümayiş etdirirmişlər.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımı əməlinə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi siyasi-hüquqi qiymət vermişdir. 2002-ci il fevralın 25-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu amansız qətliamla bağlı demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. 

2008-ci il mayın 8-də, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Kampaniya başlanandan sonra İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri tərəfindən Xocalı faciəsinin kütləvi qırğın kimi tanınması barədə qətnamə qəbul olunmuşdur. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının VI sessiyasında “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.

2012-ci il noyabrın 15-17-də  İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında  İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınmışdır.

2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümü ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmışdır. 2010-cu il fevralda Massaçusets ştatının Nümayəndələr Palatası, 2011-ci ildə isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. 2012-ci ilin fevralında Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. 2012-ci ilin martında isə Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımı ilə əlaqədar qətnamə qəbul etmişdir.

2013-cü il yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə Senatında, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırmının tanınmasına dair qətnamə qəbul edilmiş, Nyu-Meksiko parlamentinin hər iki palatası Xocalı faciəsini tanımışdır. Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, Senatı isə fevralın 11-də Xocalı soyqırımına dair qətnamələr qəbul etmişdir. Martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də  Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının Baş Assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. Bunun ardınca ABŞ-ın Konnektikut ştatının baş assambleyası Xocalı qətliamını rəsmən tanımışdır.

2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul etmişdir. 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etmişdir. Qətnamədə Xarici Əlaqələr Komitəsi ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləmişdir.

Meksikadan sonra Kolumbiya da Xocalıda baş verən hadisələrə soyqırımı kimi qiymət vermişdir. 2012-ci il aprelin 23-də qəbul edilmiş qərar Senatdan öncə onun II Konstitusional Daimi Komitəsində irəli sürülmüş, sənədin təsdiqi üçün tələb olunan 102 səs toplanmış və sənəd yekdilliklə qəbul olunmuşdur. 2012-ci il may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul etmiş, iyunun 13-də Peru parlamentində, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair  qərarlar qəbul etmişdir.

2014-cü il  yanvarın  17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan № 333-2013 saylı qərar qəbul etmişdir. Honduras Milli Konqresinin qəbul etdiyi bu qərar Konqresin Prezidenti və katibləri tərəfindən təsdiq edilmişdir. Bunun ardınca, avqustun 13-də Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilmiş, 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilmişdir.

2014-cü il sentyabrın 1-də Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə  Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir, Xocalı soyqırımı qurbanlarının və onların qohumlarının onlara vurulmuş mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.

Xocalı soyqırımı Avropa ölkələrinin parlamentlərində də artıq müzakirə olunaraq siyasi sənədlər qəbul edilmişdir. 2013-cü il fevralın 12-də Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilmişdir.

Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. 2013-cü il fevralın 7-də bu ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir.

Daha sonra Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında Xocalı soyqırımına dair rəsmi sənəd - “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamə qəbul olunmuşdur.

Bütün bunlarla yanaşı, 2015-ci il yanvarın 29-da İsrail Prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında, Xocalı soyqırımını da qeyd etmişdir.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və  ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü, xüsusən də Xocalı şəhərinin işğalı zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Faktlar bunu təsdiq edir:

Meyitləri qaytarılmış Məmmədova Tamara Səlim qızının, Dadaşova Əsli Bəbir qızının, Hümbətova Ənahət Eldar qızının, Nurəliyeva Dilarə Oruc qızının, Beybutova Səriyyə Yusif qızının və başqalarının gözləri çıxarılmış, döşləri kəsilmiş, dişləri çəkilmiş, cinsiyyət üzvlərinə atəş açılmışdır. Kərimova Firəngül Məhəmməd qızının gözləri çıxarılmaqla, qulaqları və döşləri kəsilməklə yanaşı, bütün bədəni tikə-tikə doğranmışdır. Həsənova Fitat Əhəd qızının, Həsənova Gülçöhrə Yaqub qızının, Abışova Məruzə Məhəmməd qızının, Əmirova Mahı Bəbir qızının, Orucova Xəyalə Telman qızının, Rəhimova Şövkət Şükür qızının, Behbudova Sürəyya İbrahim qızının, Cəfərova Rəfiqə İman qızının və onlarla, yüzlərlə digər qadınlara dəhşətli işgəncələr verilmişdir. Onlar zorlanmış, dişləri mismar kəlbətini, çəngəl, boltaçanla və s. çıxarılmış, döş qəfəsləri və qarınları  yarılmış, əlləri, ayaqları, başı, digər əzaları kəsilmiş, dəriləri soyulmuş, yandırılmış, süngü ilə dəlik-deşik edilmiş, ağır  hərbi texnikanın altında qoyularaq əzilmişlər. Bunlar Dövlət Komissiyasının bu illər ərzində əldə etdiyi məlumatlardır. Arşadırmalar davam etdikcə Ermənistan hərbçiləri tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş neçə-neçə cinayət faktlarının üzə çıxacağı istisna edilmir.

  • Xocalı sakini Hümbətov Cəlil Hümbətəli oğlu təsdiq edir ki, Ermənistan hərbçiləri şəhəri işğal edərkən bütün ailə üzvləri ilə birlikdə həyat yoldaşı Firuzəni, qızı Sümuzəri və gəlini Südabəni onun gözləri qarşısında güllələyib öldürmüşlər.
  • Xocalı şəhərinin işğalı zamanı girov götürülmüş və indiyə qədər taleyi naməlum olan Məmmədovlar ailəsinin 6 nəfər üzvündən 3 qadın – Məmmədova Səltənət Zülal qızı, Məmmədova Lətifə İbad qızı, Məmmədova Şövkət İbad qızının sonrakı taleyi məlum deyil. 
  • Xocalının işğalı zamanı bütün ailəsi ilə girov götürülmüş Səlimova Tamilə, azyaşlı oğlu Səlimov Xəzər Səyavuş oğlunu ayırıb aparmaq istəyən ermənilərin onu döyməsinə baxmayaraq, balasına sarılmış, lakin Ermənistan hərbçiləri balasından əl çəkməyən ananı  da oğlu ilə birlikdə sürüyüb naməlum istiqamətə aparmışlar.

Ümumiyyətlə, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi, mədəni və dini abidələri dağıdılmış, yüzlərlə qadın və uşaq girov götürülmüş, qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır.

Erməni əsirliyindən azad edilmiş, eyni zamanda döyüşlərdə iştirak etmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmişdir. Sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin onlar tərəfindən əsir-girov götürülməsi və saxlanması faktını inkar edir.

Faktlar sübut edir ki, onlarla qadın və uşaq girovluqda ağlasığmaz metodlarla öldürülmüş, azad edilmişlərin isə əksəriyyəti ömürlük fiziki və mənəvi şikəst edilmişlər:

  • Ağdam rayonunun Yusifcanlı kəndinin sakini Həsənov Əliağa Kərim oğlu təsdiq edir ki, girov götürüldükdən sonra erməni nəzarətçiləri onun həyat yoldaşı Həsənova Kəkliyə dəhşətli işgəncələr vermiş, dülgər kəlbətini ilə onun 16 qızıl qapaqlı dişini çıxarmışlar.
  • 18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü İbişov Taleh Mədət  oğlunun bildirdiyinə görə, Ermənistan hərbçiləri bacısı - 1967-ci il təvəllüdlü İbişova Yeganə Mədət qızını onların gözləri qarşısında vəhşicəsinə öldürmüşlər.
  • Kəlbəcər rayonunun işğalı zamanı, 31 mart  1993-cü il tarixdə bütöv bir nəsli təşkil edən bir neçə ailə UAZ 469, QAZ-52 və KAMAZ markalı maşınlarla doğma yurdlarını məcburi şəkildə tərk edərkən «Tunel» deyilən yerdə Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmuş. Yuxarıda qeyd olunduğu kimi, Maşında olan dinc sakinlərin bir hissəsi yerindəcə güllələnərək meyitləri yandırılmış, sağ qalan onlarla şəxs isə girov götürülmüşdür. Həmin adamların bir hissəsinin taleyi bu gün də məlum deyil.

    Onların içərisində aşağıdakı qadın və uşaqlar var:

    Alışova Vəsilə Cəfər qızı - 1976-cı ildə doğulub
    Alışova Qumuru Qəmbər qızı - 1973-cü ildə doğulub
    Alışova Cahan Məşədi qızı - 1937-ci ildə doğulub
    Cəmilova Məsmə Hidayət qızı - 1969-cu ildə doğulub
    Əliyev Tural Nadir oğlu - 1982-ci ildə doğulub
    Əliyeva Qənirə Zülfüqar qızı - 1975-ci ildə doğulub
    Əliyeva Nüşabə Məhəmməd qızı - 1950-ci ildə doğulub
    Quliyev Məzahir Qara oğlu - 1983-cü ildə doğulub
    Quliyev Yaşar Qara oğlu - 1981-ci ildə doğulub
    Quliyeva Aygün Qara qızı - 1990-cı ildə doğulub
    Zeynalov Hafiz Davud oğlu - 1984-cü ildə doğulub
    Zeynalova Təranə Davud qızı - 1965-ci ildə doğulub
    Zeynalova Röya Abbasəli qızı - 1959-cu ildə doğulub
    Zeynalova Qədəmkar Salman qızı - 1936-cı ildə doğulub

  • Məmmədova Məhbulə Həmdi qızı oğlu İlqarla birlikdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş, ananın gözləri qarşısında İlqarın burnu sındırılmış, ağzına yanar siqaret soxulmuş, uşağın gözləri qarşısında isə qadın və qızlar Ermənistan hərbçiləri tərəfindən zorlanmış, bəzilərinin başları kəsilmişdir.
  • Əmralıyeva Arzu Binnət qızı Kəlbəcər rayonu işğal olunan vaxt bir yaşlı uşağı və 30 nəfər qohum-əqrabası ilə qaçarkən Ermənistan hərbçiləri tərəfindən yaxalanmışdır. Ermənilər hamısını aparmağa maşında yer olmadığı üçün son dərəcə soyuqqanlılıqla girovların 19 nəfərini, o cümlədən, Arzunun həyat yoldaşını, qaynını, baldızını, qayınatasını, anasını, bacısını, əmisi arvadını, qonşularını güllələmişlər.

  • 63 yaşlı Cəfərova Məryəm Zinyətovna Zəngilan şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan zaman həm iqtidarsızlığından, həm də milliyyətcə tatar olduğundan ermənilərin ona dəyməyəcəklərini güman edib qaçmamış, ermənilər isə onu döyə-döyə girovluğa sürükləmiş, dörd ay ərzində onu dəhşətli işgəncələrə məruz qoymuşlar.

  • Şirinova Şərqiyyə Rza qızı Ağdam rayonunun işğalı zamanı öz evindən girov götürülmüş, gözlərinin qarşısında onun evi qarət edilmiş, pulu və qızılı əlindən alınmış, təxminən yetmiş yaşında olmasına baxmayaraq 8 qızıl dişi mismar kəlbətini ilə iynəsiz (keyidilməmiş) çəkilmiş, o, huşunu itirənədək döyülərək girov aparılmış və burada altı ay davamsız işgəncələrə məruz qalmışdır.

  • Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə birlikdə girov götürülmüş Quliyeva Səmayə Məmməd qızı BQXK-nın nəzarətində olmasına baxmayaraq, Ermənistan hərbçiləri tərəfindən zorakılıqlara məruz qalmış, bir ildən artıq vaxt ərzində daim soyuq su ilə işləməyə vadar edildiyindən vərəm xəstəliyinə tutulmuş, lakin ona heç bir tibbi yardım göstərilmədiyindən xəstəliyi inkişaf edib vərəmin açıq formasına keçmiş, onun uşaqları da bu mərəzə mübtəla olmuşlar.

  • Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Məmmədova Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova Sara Miriş qızı girov götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cürə ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər.

  • 15 yaşlı Məmmədova Nəzakət İsrafil qızı Şuşa şəhərinin işğalı zamanı atası ilə birlikdə girov götürülmüşdür. Uzun müddət uşağın gözü qarşısında atasının heysiyyətinə toxunulmuş, ləyaqəti alçaldılmış, döyülüb incidilmiş, qulağı kəsilmiş, qızmar dəmirlə bədəni dağlanmış, bir sözlə, ömürlük mənəvi və fiziki şikəst edilmişdir. Yalnız bütün bunlardan sonra Ermənistan hərbçiləri atanı buraxmış, qızı isə daha bir neçə ay girovluqda saxlayaraq ona dəhşətli işgəncələr vermiş, ata-anası Ermənistan hərbçiləri tərəfindən bitib-tükənməyən şantajlara, tələb və hədə-qorxulara məruz qalmış, nəhayət Nəzakət Məmmədova 1993-cü ilin aprel ayında dörd milyon rus rubluna ailəsinə satılmışdır. 23 il keçməsinə baxmayaraq, N.Məmmədova məruz qaldığı mənəvi-psixoloji işgəncələrin təsirindən xilas ola bilmir.

  • Ağdam rayonunun işğalı zamanı Xaqani Əliyevin ailəsinin 6 üzvü, o cümlədən iki uşaq və iki qadın girov götürülmüşdür. Ermənistan hərbçiləri heç bir səbəb olmadığı halda Xaqani Əliyevin qayınatasını və səkkiz yaşlı oğlunu güllələyib öldürmüş, həyat yoldaşı Könül Əliyevanı güllə ilə vurub ömürlük şikəst etmiş və anası ilə birlikdə girov aparmışlar. Ən acınacaqlı hal isə odur ki, ermənilər yaraladıqları 3 yaşlı Şövqü Əliyevin qolunu müalicə etmək əvəzinə onun bazu sümüyünü əzələ qatı ilə birlikdə çox ehtimal ki, transplantasiya məqsədi ilə kəsib götürmüş, uşağı ömürlük şikəst etmişlər.

  • Girov götürüləndə iki yaşı olan Nurlanə Kərimova ömrünün erməni girovluğunda keçmiş dörd ayı ərzində qolundan və başından aldığı ciddi zədələrdən görmə qabiliyyətini itirmişdir. Lakin balaca Nurlanənin ən ağır itkisi çəkdiyi hədsiz mənəvi və fiziki təhqirlərə dözə bilməyən anasının ölümü olmuşdur. Səmayə Kərimova müntəzəm alçaldılmalarla o həddə çatdırılmışdır ki, ana iki yaşlı balasını taleyin ümidinə buraxaraq iki dəfə intihara cəhd edərək venasını kəsmiş və nəhayət haradansa tapdığı zəhəri içib özünü öldürmüşdür.

  • 15 yaşlı Quliyeva Ofelya Əli qızı Kəlbəcər rayonunun işğalı zamanı sol qolundan güllə yarası almış halda girov götürülmüşdü. Baxımsızlıq və müalicə edilməməsi səbəbindən Ofelyanın həmin qolu fəaliyyətdən qalmışdır. BQXK-nın qeydiyyatında olmasına və qolunun şikəstliyinə rəğmən, Ofelya nəinki girovluqdan azad edilməmiş, əksinə, erməni nəzarətçisi avtomat atəşi ilə onun qarnı və sağ qolunu da yaralamışdır. Həmin qolundan da şikəst olmuş Ofelya yalnız bir il yarımdan sonra erməni əsirlə dəyişdirilmişdir.

  • Yerevan şəhərindən Xocalıya qaçqın düşmüş Məmmədova Narxanım Heydərəli qızı burada da rahat həyat tapa bilməmişdir. Ermənilər onun evini dağıtmış, var-dövlətini qarət etmiş, qonşusu Sara Yusifovanı, onun beş yaşlı qızı Natəvanı öldürmüş, Narxanımın üç oğlunu və həyat yoldaşını yaralayıb hamısını girov aparmışlar. Əsgəran rayonunda saxlanmış Narxanımın pul və qızıllarını əlindən almış, uşaqlarının gözü qarşısında ona ağlagəlməz işgəncələr verilmişlər.

  • Ağdam rayonunun keçmiş sakini, milliyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin Ermənistan hərbçiləri tərəfindən necə vəhşicəsinə öldürülüb yandırıldığının şahidi olmuş, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti görmüşdür. Onların bədənləri və sir-sifətləri tanınmaz hala salınıbmış. Bundan əlavə Vladimir Şevelyovun şahidliyinə əsasən ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərləri isə yoxa çıxmışdır.

  • Ağdamlı Şirinova Şərqiyyə Rza qızı girov götürüləndə altmış yaşında idi. Kimsəsiz olduğundan qaça bilməmişdi. Ermənilər Şərqiyyə Şirinovanı öz evində girov götürərək onun evini qarət etmiş, qadını bir həftə maşın qarajında quru yerdə saxlamış, sonra Xankəndi hərbi hissəsinə aparmışlar. Halbuki həmin vaxt əsasən, qadınların saxlandığı Xankəndi uşaq bağçası və Xankəndi uşaq xəstəxanası mövcud idi. Hərbi hissədə onu da digər azərbaycanlı əsir və girovlar, əsasən kişilərlə birlikdə hər gün gecə saat 2-3 radələrində yerlərindən qaldıraraq soyundurub rezin dəyənəklə, yumruqla, təpiklə, armaturla, ağac parçaları ilə döyür, soyuq suda saxlayır, bədənində yanar siqaret söndürürmüşlər və s. Ermənilər dəfələrlə Şərqiyyə Şirinovanın bədənini çapıb qanına qəltan etmiş, başını yarmış, 8 dişini dülgər kəlbətini ilə çıxarmış, yaşlı qadına qarşı insana yaraşmayan hərəkətlər etmişlər.

  • Dadaşova Zəminə Göyüş qızı ermənilərə girov düşəndə 15 yaşında idi. Aldığı güllə yarası baxımsızlıq üzündən yarasında iltihab prosesi başlamış, bədəndə çürümə getmişdir. BQXK-nın təkidləri nəticəsində aparıldığı Yerevan xəstəxanasında onun üzərində qəsdən elə cərrahiyyə əməliyyatı aparılmışdır ki, hazırda qızın sol qolu işləmir. Onun döşünün biri bütövlükdə, digəri isə yarıdan kəsilmişdir. Girov götürülən zaman isə, ermənilər Zəminə Dadaşovanın atası Göyüş kişini və yaşlı nənəsi Qonça İbadovanı elə evlərində qətlə yetirmişdilər.

  • Erməni əsirliyindən qayıtmış Zeynalov Niyaz Balay oğlunun gözlərinin qabağında ermənilər onun anası Zeynalova Nübar Kərim qızını, qohumu Zeynalova Səriyyə Tağı qızını, Mədətova Yeganə Dadaş qızını və Əhmədov Mövsüm Əbdülrəhim oğlunu diri-diri yandırmışlar.

  • 12 yaşlı Həsənov Şahin Arif oğlu Hadrut rayonunun Binəli kəndi yaxınlığında mal-qara otararkən ermənilər tərəfindən tutulmuş, sol barmaqları taxılsəpən maşının şkifinin arasında qoyularaq şikəst edilmiş, 53 yaşlı Əliyeva Dilarə Oruc qızı ayağı yaralı olduğuna görə Ermənistan hərbçilərinin «qalx» əmrini yerinə yetirməyə ləngidiyindən yerindəcə güllələnmişdir.

  • Əsirlikdən qayıtmış Məmmədova Gülöyşə Bəxtiyar qızının ifadəsinə görə, onlar girov götürülərkən ermənilər on birinci sinif şagirdi Məmmədov Zahir Ramiz oğlunu yerindəcə güllələyib öldürmüşlər. Əbdülov Yelmar İskəndər oğlu isə Əsgəran polisində qətlə yetirilmişdir. İşğalçılar burada yüzdən artıq girovu kiçik bir kamerada saxlayaraq hər cürə işgəncələrə məruz qoymuşlar. Həmin adamların, xüsusilə də qadın və uşaqların əksəriyyəti geri qaytarılmamışdır. O cümlədən, 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı öz ev-eşiyindən qaçqın düşmüş İbrahimova Fatmanı naməlum istiqamətə aparılmışlar. Onun sonrakı taleyi hələ də məlum deyil.

  • Şahidlərin ifadələrinə görə, susuz qalan uşaqlara ermənilər su əvəzinə sidik, yemək əvəzinə isə sidik ilə qarışdırılmış jımıx (mal-qara yeməyi) verirmişlər. Ermənilər öldürülmüş azərbaycanlıların qızıl dişlərini çıxarır, üstlərindəki qızıl əşyalarını qarət edirmişlər.

  • Zirzəmidə saxlandıqları müddətdə Ermənistan hərbçiləri cavan qızları və gəlinləri ayırıb, başlarını divara vurub huşsuz vəziyyətə salaraq naməlum istiqamətdə aparırmışlar.

Etik nöqteyi-nəzərdən və girovluqdan azad edilmiş hər iki cinsdən olan insanların müəyyən hissəsinin sağ olmasını (konfidensiallıq prinsiplərini) nəzərə alaraq, Ermənistan hərbçiləri və muzdlu terrorçu-quldur birləşmələri tərəfindən onlara qarşı müxtəlif formalı qeyri-insani, o cümlədən cinsi təcavüzlər barədə məlumatlar Dövlət Komissiyası tərəfindən heç bir sənəddə və arayışda açıqlanmır. Qeyd olunanlar Ermənistan hərbçiləri tərəfindən törədilmiş cinayət faktlarının müəyyən bir hissəsidir. 


Əsir və itkin düşmüş, girov

götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının İşçi qrupu

1 oktyabr 2016-cı il

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA