Vətən müharibəsi
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edir. Bununla da, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini, Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2 (1) və 3 (2) maddələrində müəyyən edilmiş təminatlar da daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsinə baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların xəsarət almaları və həlak olma faktları artır.
10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olmuş, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.