Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabatı

2015-ci ilin 6 ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirmişdir. Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bir neçə görüş keçirilmiş, müzakirələr aparılmışdır. «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, itkin düşmüş şəxslərin ailələrindən DNT nümunələrinin toplanması ilə bağlı nəzərdə tutulmuş işlərin reallaşdırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuş, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən əsir-girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar davam etdirilmişdir.

2014-cü il oktyabr ayının 27-də Azərbaycan və Ermənistan Prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa Prezidenti F.Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması ilə bağlı əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə 4 mart 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Deniz Duranla Dövlət Komissiyasının katibinin görüşü olmuşdur. Görüşdə bu sahədə vəziyyəti ətraflı təhlil etmək, hansı məlumatların mübadilə edilməsi imkanlarının araşdırılması və ümumiyyətlə, bu sahədə işləri inkişaf etdirmək üçün hər iki qurumun əməkdaşlarının (hər qurumdan bir nəfər olmaqla) müntəzəm texniki görüşlər keçirməsi və müzakirələr aparması barədə razılıq əldə olunmuşdur.

Texniki görüşlərin keçirilməsi ilə bağlı 4 mart 2015-ci il tarixdə əldə olunmuş razılığa uyğun olaraq, 4 iyun 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin itkin düşmüş şəxslər və axtarış işləri üzrə regional nümayəndəsi ilə Dövlət Komissiyasının İşçi qrupunda ilk görüş keçirilmişdir. Görüşdə 13-16 iyun 1993-cü il tarixdə Ağdam rayonu, Qalayçılar kəndi və ətraf ərazilərdə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı hər iki qurumda olan siyahı və məlumatlar ətraflı təhlil edilmişdir.

Görüşün nəticəsi olaraq qarşı tərəfə təqdim edilməsi üçün 41 nəfərin adı keçən siyahı, eyni zamanda əsir götürülmüş, qeyri-insani saxlanma şəraitinə və davranışa görə, 1994-cü ilin fevral ayında Şuşa türməsində ölərək yaxınlıqdakı qəbiristanlıqda dəfn edilmiş 2 nəfər barədə şahid ifadələri və digər zəruri məlumatlar BQXK-ya göndərilmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin (bukkal) toplanması işi davam etdirilmişdir. Bu işə aprel ayından start verilmiş və BQXK mütəxəssislərinin təlim-kurs keçdiyi hər iki qurumun əməkdaşları tərəfindən hazırkı vaxta qədər 715 donordan (244 ailə) nümunələr götürülmüşdür. Nümunələrin götürülməsi məqsədilə həmçinin mobil qruplar da təşkil edilmişdir. Bu qruplar nümunələrin götürüldüyü müəssisəyə gəlmək imkanı olmayan şəxslərin evlərinə gedərək prosesi orada həyata keçirirlər. 2011-ci ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış «AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər davam etdirilmişdir. Cari ilin 6 ayı ərzində 200 nəfər barədə anket Komissiyaya təhvil verilmiş onlardan 170 nəfər barədə məlumat bazaya əlavə olunmuşdur. Prosesin əvvəlindən keçən müddət ərzində isə 2178 nəfər barədə anket Komissiyaya təhvil verilmiş onlardan 2138 nəfəri barədə məlumatlar bazaya yüklənmişdir. Bundan başqa, Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Dövlət Komissiyasının İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə göndərilmişdir. Bundan başqa, axtarış işi müxtəlif səbəblərə görə, BQXK-da bağlanmış 27 nəfərlə bağlı bu qurumdan göndərilmiş material həmin şəxslərlə bağlı Komissiyada olan məlumatlarla tutuşdurularaq ətraflı təhlil edilmiş və araşdırmanın nəticəsi ilə bağlı geniş arayış tərtib edilərək işə əlavə edilmişdir.

23 iyun 2015-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azaraq aralıq əraziyə keçmiş və mina partlaması nəticəsində həlak olmuş Azərbaycan Respublikası MN-in müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuları - kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun meyitlərinin minalanmış sahədən çıxarılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə danışıqlar aparılmışdır.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində 25 iyun 2015-ci il tarixdə meyitlər göstərilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.Hesabat dövründə aparılmış araşdırma zamanı 9 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınmış və adları müvafiq siyahıya salınmışdır.

Bu müddətdə 15 itkinin taleyi müəyyənləşdirilmişdir. Onların adının siyahıdan çıxarılması üçün Komissiya sədrinə məruzə edilməsi nəzərdə tutulur. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır.

Bundan başqa, aparılmış axtarış və araşdırma tədbirləri nəticəsində 6 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terror-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanmış və onlar müvafiq qeydiyyata götürülmüşlər. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 1434 nəfər. əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır.

Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 65 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov aparılması ehtimalını yaradan faktlar müəyyənləşdirilmişdir. Bu faktlar, o cümlədən itkin düşmüş və əsir-girovluqdan azad edilmiş 30 şəxslə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ümumiləşdirilmiş arayışlar tərtib edilmişdir.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 147 nəfər barədə 173 sorğu göndərilmişdir. 157 itkin barədə toplanmış əlavə məlumatlar aidiyyəti üzrə bazaya, 518 nəfər barədə toplanmış materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunmuşdur.

2014-cü il oktyabr ayının 27-də Azərbaycan və Ermənistan Prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa Prezidenti F.Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması barədə əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, Komissiya katibinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi ilə görüşü keçirilmiş və məsələ ətraflı müzakirə edilmişdir. Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş sorğuya əsasən, ATƏT-in Minsk qrupunun həmsədrlərinə təqdim edilməsi üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış əsir-girov və itkinlər problemi ilə bağlı” məlumat hazırlanaraq bu quruma təqdim edilmişdir.

13 may 2015-ci il tarixdə Fransanın “Qadın Hüquqlarının qorunmasına dair Beynəlxalq liqa” üzvləri, ekspertlər – Patrisia Lalond və Didier Sode Dövlət Komissiyasının katibi tərəfindən qəbul edilmişlər. Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə baş tutmuşdur. Görüşdə qonaqlara Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və xarakteri, müharibə qurbanı olmuş qadın və uşaqlara qarşı münasibətdə Ermənistan hərbçilərinin humanitar hüquq normalarını kobud şəkildə pozması, insanlığa yaraşmayan təzyiq və davranışlara məruz qoyması barədə faktların köməkliyi məlumat verilmişdir. Eyni zamanda, ingilis dilində hazırlanmış və faktların geniş əksini tapdığı arayış görüşün sonunda qonaqlara təqdim edilmişdir.

İtkin düşmüş 27 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, «Heydər Əliyev fondu»na, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılmış, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar Respublika Prezidenti Administrasiyasına, «Heydər Əliyev fondu»na, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilmişdir. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 27 sorğuda qaldırılmış məsələlər araşdırılmış və icra edilmişdir.

Dövlət Komissiyasına müraciət etmiş 367 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunmuş, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilmiş, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilmiş, anket vərəqələri doldurulmuşdur.

Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırım cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar «Xocalıya Ədalət» kampaniyası və “31 mart azərbaycanlıların soyqırımı günü” ilə bağlı xarici ölkələrdə və Respublika ərazisində və keçirilmiş bir sıra digər tədbirlərin keçirilməsinə Dövlət Komissiyası yardımçı olmuş və Komissiyanın əməkdaşları bu tədbirlərdə yaxından iştirak etmişlər.

Fevral ayında Benelüks Azərbaycanlıları Konqresi (BAK) və Hollandiya-Azərbaycan-Tür Kültür dərnəyi (TürkAzNed) tərəfindən Niderland Krallığının Haaqa və Amsterdam şəhərlərində “Xocalı soyqırımı”na həsr edilmiş tədbirdə Dövlət Komissiyasının katibi və İşçi qrupunun əməkdaşları təmsil olunmuşlar. Komissiya katibi iştirakçılar qarşısında geniş çıxış etmiş, Ermənistanın Azərbaycana təcavüzü zamanı ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət faktları barədə iştirakçılara ətraflı məlumat vermiş və Komissiyanın nəşr etdiyi materialları yayılmışdır. Tədbir Hollandiya və Azərbaycan kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

Fevral ayında fevralın 21-də Ankarada “İndex - Azərbaycanın İnsan kapitalının İnkişafı Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı keçirilmiş “Empathy 2015” adlı geniş tədbirdə Dövlət Komissiyasını İşçi qrupu rəhbərinin müavini təmsil etmişdir. Tədbirə Azərbaycan və Türkiyənin yüksək dövlət məmurları, Millət vəkilləri, alimlər, QHT və KİV nümayəndələri iştirak etmişlər. Tədbirin keçirildiyi mərkəzin geniş zalında Dövlət Komissiyası tərəfindən nəşr edilmiş kitab və CD-lərdən ibarət sərgi açılmış və iştirakçılara ətraflı məlumatlar verilmişdir. İştirakçıların, xüsusən də alimlər, gənclər və KİV nümayəndələrinin Komissiyanın materiallarına marağı diqqəti cəlb etmişdir.

Aprel ayında “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı ermənilər tərəfindən təşkil edilmiş tədbirləri qabaqlamaq məqsədilə İsveç-Azərbaycan Kültür Cəmiyyəti və Azərbaycan-Türk Dərnəyi tərəfindən azərbaycanlıların soyqırımına həsr edilmiş konfransda Dövlət Komissiyasının katibi iştirak etmişdir. Konfransda BQXK-nın, BMT-nin, İsveç Parlamentinin həmçinin bu ölkənin sülh təşkilatlarının və siyasi partiyalarının nümayəndələri də iştirak etmişlər. İştirakçıların müxtəlifliyi nəzərə alınaraq, Komissiyanın materialları yayılmış və onlar mövzuya uyğun şəkildə geniş məlumatlandırılmışlar.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı 1988-ci ildən etibarən yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi prosesində erməni terrorçu-quldur dəstələri tərəfindən həm intensiv hərbi əməliyyatların getdiyi ərazilərdə, həm də həmin ərazilərdən kənarda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş terror əməlləri ilə bağlı materiallar əsasında ötən il Dövlət Komissiyasının İşçi qrupu tərəfindən nəşr edilmiş “Terror: hadisələr, faktlar, sübutlar” adlı kitab ingilis dilinə tərcümə edilərək Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin köməkliyi ilə bu ölkədə nəşr edilmişdir.

Hesabat dövründə 1100 nüsxə Dövlət Komissiyasının materiallar toplusu (azərbaycan, rus ingilis dillərində), 300 ədəd “Terror: hadisələr, faktlar, sübutlar”, 380 ədəd «Erməni terroru», 112 ədəd «Преступление армянских террористических и бандитских формираваний против человечества», 145 ədəd «Bizi əsirlikdən qurtarın», 117 ədəd “QSM-7 təsdiq edir”, 195 ədəd «Qarabağ: dünən, bu gün fotoşəkillərdə», 32 ədəd Dövlət Komissiyasının fəaliyyətinin 20 illiyinə həsr edilmiş “Humanitar dəhlizdə həyata keçirilən missiya” adlı və 27 ədəd Milli qəhrəman Riad Əhmədova həsr edilmiş “Riad” poemasının əks olunduğu kitablar, o cümlədən 350 ədəd «Erməni terroru», 341 ədəd «Armenian terrorizm», 318 ədəd «Bizi əsirlikdən qurtarın», 194 ədəd “QSM-7 təsdiq edir”, 213 ədəd «Xocalı faciəsi» adlı azərbaycan və ingilis dillərində film, 163 ədəd «Qarabağ» kitabının CD və DVD variantları, Avstriyalı alim, tədqiqatçı Erix Fayqlın «Terror haqqında həqiqət», «Kəskin dönüş, erməni mifomaniyası və həqiqət» adlı kitablarının CD variantı 345 ədəd, o cümlədən, xəritə, Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən fotolar yazılmış kompakt disklər Respublikamızda və xarici ölkələrdə yayılmışdır.

Ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq məlumatlar yayılmış, Komissiyanın gördüyü işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir.

İnternet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılmış, materiallar göndərilmiş (o cümlədən video və fotofaktlar), şəbəkədə olan məlumatlar nəzərdən keçirilmiş, əhəmiyyətli materiallar təhlil edilərək öyrənilmiş və arxivləşdirilmişdir.

Dövlət Komissiyasına müraciət etmiş 18 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilmişdir.

Hesabat dövründə Dövlət Komissiyasına 270 sənəd daxil olmuş, 325 məktub isə aidiyyəti üzrə göndərilmişdir.