Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

23 iyun 2015-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq xidmət keçmiş hərbi qulluqçular - kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun sonrakı taleyinin aydınlaşdırılması məqsədilə elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müraciət ünvanlanmışdır.

Ötən müddət ərzində BQXK-nın vasitəçiliyi ilə aparılmış zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bu gün – 25 iyun 2015-ci il tarixdə hərbi qulluqçuların meyitləri minalanmış sahədə aşkar edilmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Dövlət Komissiyası həlak olmuş hərbi qulluqçuların ailələrinə dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir.