Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq, 10 yanvar 2010-cu il tarixdə üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə Respublikamıza qanunsuz keçmiş və o zamandan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçi aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında 12 dekabr 2014-cü il tarixdə, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarmışdır.

Məlum olduğu kimi, ailənin başçısı Y.Gevorkyan Azərbaycan Respublikasının ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün «Yeraz» markalı maşınla Ermənistan Respublikasının Azərbaycan Respublikası Naxçıvan MR ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdir. Y.Gevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 10 yanvar 2010-cu il tarixdə Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışlar.

Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişlər.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olmuşdur. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilmişdir. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq etmiş, onların saxlanma şəraiti ilə bağlı irad bildirməmişlər. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilmiş və sağlamlıqları ilə bağlı hər hansı problem olmamışdır.

Bütün bunlara baxmayaraq, Yeqişe Gevorkyan bir çox hallarda özünü emosional apararaq müxtəlif tələblər irəli sürmüş, beynəlxalq təşkilatların ailəyə baş çəkən nümayəndələrinə “iradlar” bildirmiş, hətta intihar edəcəyi, ailə üzvlərinə fiziki xətər yetirəcəyi və aclıq elan edəcəkləri ilə bağlı dəfələrlə onları şantaj etmiş, hədələmiş, təhqir etməkdən belə çəkinməmişdir. Bu hərəkətləri ilə o, müvafiq beynəlxalq qurumlara təsir edərək ailəni tezliklə üçüncü ölkəyə göndərməyin vacibliyini çatdırmağa çalışmışdır.

Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün bir dəfə də olsun beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmamış, hətta azyaşlı uşaqların da taleyi ilə maraqlanmamışdır.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş və insidentsiz başa çatmışdır.