Dövlət Komissiyası tərəfindən təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmışdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının

Məlumatı



Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) tərəfindən 2025-ci ilin 9-11 oktyabr tarixlərində İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfransın yekun sənədi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılmışdır.

Sənəddə beynəlxalq konfransın iştirakçıları Cenevrə Konvensiyaları və onlara əlavə Protokolları, habelə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının itkin düşmüş şəxslərlə bağlı qətnamələrini rəhbər tutaraq, o cümlədən silahlı münaqişələrlə əlaqədar itkin düşmüş şəxslərin sayının kəskin artması ilə bağlı narahatlığını ifadə edərək silahlı münaqişə tərəflərini insanların itkin düşməsinin qarşısının alınması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi və mövcud olan məlumatların təqdim edilməsi üçün mümkün olan tədbirləri görməyə, beynəlxalq təşkilatları silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həlli üçün xüsusi mandatlı mexanizmin yaradılmasına dəstək verməyə çağırmışlar.

 Qeyd olunmalıdır ki, Dövlət Komissiyası tərəfindən təşkil edilmiş beynəlxalq konfransda yetmişdən artıq xarici ölkədən yüksək vəzifəli rəsmi nümayəndələr, itkin şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, QHT və insan hüquqları sahəsində aparıcı şəxslər, habelə Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin səfir və hərbi attaşeləri, eləcə də itkin ailələrinin üzvləri iştirak etmişlər.

Tədbir çərçivəsində 10-11 oktyabr tarixlərində konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilmişdir. Səfər çərçivəsində Ağdərə rayonunun Ballıqaya kəndində aşkar edilmiş növbəti kütləvi məzarlığa, Şuşa həbsxanasına və şəhərin tarixi-mədəni abidələrinə, Cəbrayıl və Zəngilan şəhərlərinə baş çəkilmişdir.

 

24 dekabr 2025-ci il