Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.
19 Mart 2019
Hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu ilə bağlı məsələ hadisənin baş verdiyi 16 mart 2019-cu il tarixdən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.
E.İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanmış, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılmışdır.
Daxil olmuş məlumata əsasən, 19 mart 2019-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları saxlandığı xəstəxanada E.İbrahimova baş çəkmişlər. E.İbrahimovun səhhətində hər hansı problemin olmadığı və qarşı tərəfə keçərkən ayağından aldığı yaranın müalicəsinin davam etdirildiyi bildirilir.
Dövlət Komissiyası hazırda tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsinin zəruri olduğunu bir daha vurğulayır.