Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət etmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
16 Mart 2019
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçmişdir.
E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanmışdır. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildirmişlər.
Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.
Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət etmişdir.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.