Azərbaycanın gənc istedadı “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmizi layiqincə təmsil etmişdir...
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.
24 Aprel 2018
Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü istiqamətində həll olunması üzrə “hücum taktikası” tövsiyəsini rəhbər tutaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən, 16-22 aprel 2018-ci il tarixlərində İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında keçiriləcək gənc istedadların iyirminci “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gəncin iştirak etməsi üçün Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaxından köməkliyi ilə müvafiq araşdırma aparılmışdır.
Seçim nəticəsində tədbirdə Azərbaycan Respublikasını Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi və Bakı Oksford məktəblərinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Hüseynova Fidan Yaqub qızının təmsil etməsi məqsədəuyğun hesab olunmuşdur. Müvafiq prosedur məsələlər həll edildikdən sonra təmsilçimiz İtaliyada keçirilən beynəlxalq müsabiqədə iştirak etmişdir. Fidan Hüseynovanın ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilmişdir.
16 ölkənin istedadlı gənclərinin iştirak etdiyi, o cümlədən Ermənistan nümayəndəsinin də qatıldığı və gərgin rəqabət şəraitində keçən iki mərhələli müsabiqədə Azərbaycan təmsilçisi münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülmüşdür.
Qeyd olunmalıdır ki, ölkəmizin bu mötəbər tədbirdə iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutmuşdur. Müsabiqədə təmsilçimizin təsirli ifası tədbirin tamaşaçısı olan dünyanın tanınmış müğənniləri, prodüser və kino ulduzlarında böyük təəssürat yaratmış, İtaliya ictimaiyyətində geniş rezonans doğurmaqla Azərbaycanın və onun mədəniyyətinin təbliğinə öz töhfəsini vermişdir.
Müsabiqədə Azərbaycan nümayəndə heyətini Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı müşayiət etmişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” düşmüş Fidan Hüseynovanı ölkəmizi bu mötəbər beynəlxalq musiqi yarışmasında layiqli təmsil etdiyinə görə bir daha səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!