Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabın təqdimatı keçirilib.

“Erməni əsirliyində: işgəncə və qətl antologiyası” kitabının təqdimatı keçirilib...

Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabın təqdimatı keçirilib.

Əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş qəhrəman Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabla tanış olarkən əsir və girovlara qeyri-adi üsullarla verilmiş işgəncə faktları oxucunu dəhşətə gətirə bilər. Bunlar danılmaz faktlardır və hadisə qurbanlarının şahid ifadələridir. Kitabda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb. Kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilib. Bunlar adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda, həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda əsir və girovluqdan azad edilmiş 1450 nəfərdən 339-nun ifadəsi əksini tapıb.

Mədəniyyət və turizm nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Ədalət Vəliyev kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. O, Dövlət Komissiyasının son illər xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Ə.Vəliyev deyib ki, bu kitab insanlığa qarşı törədilmiş cinayətlərin əks olunduğu mühüm sənəddir. Mədəniyyət bir xalqın dövlətçilik tarixi olmadan da onunla bərabər addımlayan stimulverici əsas amildir.

Ölkəmizin teatr tarixindən bəhs edən nazir müavini deyib ki, Azərbaycanda teatrın yaranma tarixi 1873-cü ilə təsadüf edir. Bu, dünya teatr tarixi ilə müqayisədə elə də böyük bir rəqəm deyil. İrəvanda isə 1880-ci ildə Azərbaycan dilində teatr yaranıb. İrəvanda erməni dilində teatr isə 1920-ci ildə fəaliyyətə başlayıb. İndi sual olunur, Ermənistan daha çox kimə məxsusdur, Ermənistan kimin vətənidir? İrəvan kimə məxsusdur? Bu, adi bir misaldır. Lakin çox vacib faktdır. Azərbaycan xalqı tarixən bu torpaqların sahibi olub.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, yeni kitab bütövlükdə ermənilərin xalqımızın başına gətirdiyi dəhşətlərdən bəhs edir. Kitab başımıza gələn müsibətlərdən nəticə çıxarmaqla yanaşı, gələcək nəsillərə istiqamət verir, onları unutqan olmamağa səsləyir.

“Erməni əsirliyində: işgəncə və qətl antologiyası” nəşrinin başqa dillərə də tərcüməsinin vacibliyini söyləyən professor M.Qasımlı deyib ki, bu kitab mütləq səfirliklərimizə göndərilməli və nəşrin dünyada yayılmasına, təbliğinə çalışılmalıdır. O, kitabda yer alan yazılar əsasında sənədli filmlərin çəkilməsini, teatr tamaşalarının hazırlanmasını və qələm adamlarının bu real faktlar əsasında əsərlər yazmasını tövsiyə edib. Belə dəyərli kitabları millətimizin haqq işi uğrunda mübarizəsinə sanballı töhfə hesab edən alim deyib ki, buradakı faktlar erməni yalanlarına ən tutarlı cavabdır.

Təqdimat mərasimində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri - Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçiləri Rizvan Hüseynov və Moisey Bekker, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış edərək kitabda əksini tapmış hadisələri sadəcə humanitar hüquq normalarının pozulması faktı kimi deyil, ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndiriblər. Çıxış edənlər dünyada ikili standartların hökm sürməsinə baxmayaraq, hazırda Ermənistanda yüksək dövlət vəzifələri daşıyan müharibə canilərinin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inam ifadə ediblər. Bu baxımdan kitabın zəngin informasiya mənbəyi olduğu və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Tərtibçilər adından çıxış edən Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov kitabda əksini tapmış faktların müxtəlif vaxtlarda əsir-girovluqdan azad edilmiş şəxslərdən alınaraq arxivləşdirildiyini bildirib. Ermənilər tərəfindən törədilmiş qeyri-insani əməlləri, işgəncə və zorakılıq hallarını insan ləyaqəti, şərəfi, əxlaqı, eləcə də milli-mental dəyərlər baxımından kitabda tam çılpaqlığı ilə təqdim etməkdən çəkindiklərini bildirən tərtibçi bu vəhşiliklərin insanlıq adına ləkə olduğunu deyib. O, ermənilərin bu cür işgəncə və zorakılıq metodlarını hələ XIX əsrin ortalarından etibarən bölgənin türk-müsəlman əhalisinə qarşı tətbiq etdiklərini bildirib. E.Səmədov faşizmin, ksenofobiyanın, dini və irqi dözümsüzlüyün, ayrı-seçkiliyin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırıb.

Komissiyanın katibi əsir-girovlara münasibətdə insanlıq əleyhinə cinayətlər törətmiş ermənilərin işğalçı dövlətdə hazırda tutduqları mövqe və vəzifələrdən asılı olmayaraq, beynəlxalq hüquq müstəvisində cəzalarını alacaqlarına inamını ifadə edib.

Sonda Dövlət Komissiyasının katibi İsmayıl Axundov yaxın vaxtlarda kitabın rus və alman dillərinə də tərcümə olunacağını söyləyib. Bildirib ki, əsir və girovluqdan azad olunmuş 1450 nəfərin hər birindən videoifadələr alınıb və həmin ifadələr arxivləşdirilib, mətnləri elektronlaşdırılıb.

Nəşrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yeritdiyi işğalçılıq və terror siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdıran İsmayıl Axundov Komissiyanın üzvləri və tədbir iştirakçıları adından ölkə rəhbərliyinə bu sahədə verdiyi dəstəyə və qayğıya görə təşəkkürünü bildirib. İ.Axundov bu istiqamətdə fəaliyyətin ardıcıl davam etdiriləcəyini vurğulayıb.