09 Mart 2017
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun əziz xatirəsinə ehtiram, onun ailə üzvlərinə göstərilən davamlı diqqət və qayğının növbəti nümunəsi olaraq 9 mart 2017-ci il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Heydər Məscidində onun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyev, Dövlət Komissiyasının üzvləri, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri, digər dövlət qurumlarının əməkdaşları, eyni zamanda ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak etmişlər.
DTX-nin rəisi, Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək bildirdi: “Bu gün bizim üçün ağır, ancaq şərəfli gündür. Biz əsgər Çingiz Qurbanovu sıralarımızdan itirdik, ancaq o, erməni faşistlərini məhv edərək həlak oldu. Çingiz Qurbanov dörd erməni əsgərini məhv etdi, üçünü isə yaraladı. Çingiz cəmi iyirmi il ömür sürdü, ancaq bu qısa ömrünü şərəflə yaşadı. Çingiz Qurbanov fenomeninin əsasını nə təşkil edir? O, ləyaqətli ailədə böyüyüb, valideynləri əsil kişi böyüdüb, tərbiyə ediblər. İndi onunla bütün Azərbaycan qürur duyur. Mən bu gün Çingizin Azərbaycana və ölkə Prezidentinə sədaqətinə görə, atasına təşəkkürümü bildirirəm. Bəli, bir ata kimi onun üçün eyni zamanda, hamımız üçün ağırdır. Ancaq onun oğlu bizim firavanlığımız üçün həyatını qurban verərək işğalçıları və faşistləri məhv etdi.
Azərbaycan böyük tarixi yol keçmişdir. Ölkəmiz 1991-ci ildə müstəqillik əldə etmişdir. Ancaq həqiqi müstəqil dövləti biz Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra - 1993-cü ildə əldə etdik. Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Bu gün həmin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir ”.
Mərasimdə çıxış edən Şeyx Hacı Allahşükür Paşazadə və digər iştirakçılar Ç.Qurbanovun qəhrəmanlığının bugünkü Azərbaycan gəncliyi üçün nümunə olduğunu və onun xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını bildirdilər.
Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuşdur. Erməni tərəfi beynəlxalq humanitar hüquq normalarına zidd olaraq Ç.Qurbanovun nəşini uzun müddət geri qaytarmamışdır.
Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin səyləri ilə aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınmışdır.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, əsgər Ç.Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalamışdır.