28 Fevral 2017
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Türkiyədə fəaliyyət göstərən Tələt Paşa Komitəsinin birgə təşkilatçılığı ilə fevralın 25-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi konfrans keçirilib.
Əvvəlcə Türkiyə Mədəniyyət Nazirliyinin Ankara Türk Dünyası Musiqi Ansamblının musiqi qrupunun şəhidlərin xatirəsinə ithaf edilən ifaları olub.
Konfransda rəsmi şəxslər, diplomatlar, beynəlxalq dərəcəli hüquqşünaslar və vəkillər, deputatlar, tanınmış alimlər, o cümlədən uydurma “erməni soyqırımı” və onun ayrı-ayrı istiqamətləri üzrə tanınmış tədqiqatçılar, QHT və KİV nümayəndələri, çoxlu sayda tələbə iştirak edib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarını xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən film göstərilib.
Konfransın açılışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Türkiyə Vəkillər Kollegiyasının sədri, professor Mətin Feyzioğlu və Tələt Paşa Komitəsinin sədri, təqaüddə olan general-leytenant Ali Erdinc çıxış ediblər.
Panellərdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov, professorlar Kərim Şükürov, Cəbi Bəhramov, Cəmaləddin Taşkıran, doktorlar Ömər Lütfü Taşçıoğlu, Güntekin Nəcəfli və İradə Əliyeva, tədqiqatçı-publisistlər Fuad Babayev, tədqiqatçı-yazıçı Sean Patrik Smit və başqaları çıxış ediblər.
Konfrans XIX əsrin sonlarından başlayaraq erməni millətçi dairələri və din xadimlərinin təşkilatçılığı ilə Anadoluda və Azərbaycanda müsəlman-türk xalqlarına qarşı törədilən ağır cinayətlər, soyqırımları, terror aktları, o cümlədən hazırda Azərbaycan ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, saxta “erməni soyqırımı” mövzusu, Xocalı soyqırımı, bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində qarşıda duran vəzifələr və s. məsələlər ətrafında müzakirələrlə başa çatıb. Vurğulanıb ki, uydurma “erməni məsələsi”ndən ortaya çıxan bütün bu proseslər ətrafında Azərbaycan və Türkiyənin daha sıx təmaslarla birgə fəaliyyəti qarşıda duran mühüm vəzifələr sırasındadır.
Tədbir çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizminin ayrı-ayrı məqamları, Xocalı soyqırımı, o cümlədən uydurma “erməni soyqırımı” iddialarının əsassızlığı ilə bağlı müxtəlif dillərdə çapdan çıxan kitablar, digər nəşrlər iştirakçılara paylanılıb.