Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı, eyni zamanda Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərinin ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən tədbirlər davam etdirilir.
Türkiyə Respublikasında fəaliyyət göstərən və elmi əsaslarla uydurma erməni soyqırımı iddialarına qarşı mübarizə aparan “Tələt Paşa” Komitəsi ilə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinin, tanınmış elm adamlarının, diplomatların və Xocalı soyqırımı şahidlərinin iştirakı ilə 25.02.2017-ci il tarixdə Ankara şəhərində konfrans keçiriləcək və televiziya kanallarında ayrıca veriliş hazırlanacaqdır.
Həmçinin “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” ilə birlikdə 17 fevral 2017-ci il tarixdə “Qaradağlıdan Xocalıya” adlı dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masa 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törədilmiş soyqırım aktlarına həsr edilmişdir. Tədbirdə ictimai xadimlərin və alimlərin, Dövlət Komissiyasının üzvlərinin və əməkdaşlarının iştirakı nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Dövlət Komissiyasının üzvləri və əməkdaşları xaricdə və ölkə daxilində təşkil ediləcək bir sıra tədbirlərdə və anım mərasimlərində iştirak edəcək, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyəti məlumatlandıracaqlar.