Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının tapılması, eyniləşdirilməsi və qaytarılması ilə bağlı BQXK təşkilatçılığı ilə yanvar ayının 24-28-də Kipr Respublikasında təlim-kursları keçirilmişdir.
31 Yanvar 2017
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin göstərişinə uyğun olaraq, Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının tapılması, eyniləşdirilməsi və qaytarılması ilə bağlı BQXK tərəfindən cari ilin yanvar ayında Kipr Respublikasında keçirilmiş təlim-kursda Azərbaycan Respublikasını aşağıdakılar təmsil etmişdir:
- Səmədov Eldar İslam oğlu – Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini;
- Efendiyev Namiq Abil oğlu - Dövlət Komissiyası İşçi qrupunun böyük referenti;
- Əhmədov Ülvi Rövşən oğlu – Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi;
- Hacıyeva Günay Tofiq qızı - Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi kriminalistika şöbəsinin ekspert-kriminalisti.
Səfərin əsas məqsədi Kiprdə ötən əsrin 60-70-ci illərində baş vermiş silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı oradakı mövcud iş təcrübəsinin öyrənilməsindən ibarət idi.
Kiprdə bu işi İtkin Düşmüş Şəxslərlə əlaqədar Komitə (İDŞK) həyata keçirir. Bu Komitə Kiprin Yunan və Türk icmalarının razılığı əsasında 1981-ci ilin aprelində BMT-nin himayəsi altında yaradılmışdır. Sonrakı iyirmi il ərzində hər iki tərəfin birgə səyi ilə itkin düşmüş şəxslərin ortaq rəsmi siyahısı dəqiqləşdirilərək, yaxın qohumlarından qan nümunələri toplanmışdır. 1997-ci ildə tərəflər nəzarətlərində olan ərazilərdəki naməlum məzar yerləri barədə məlumatların qarşılıqlı şəkildə biri-birinə təqdim edilməsi barədə razılığa gəlmişlər. 2006-cı ildə adanın BMT-nin protektoratında olan müdafiə sahəsində Antropoloji laboratoriya yaradılmış və Argentinadan olan mütəxəssislər tərəfindən hər iki icmanın alım və mütəxəssislərindən yaradılmış birgə qrupa təlim-kurslar keçirilmişdir. 2008-ci ildən etibarən birgə komanda tərəfindən qalıqların ekshumasiya və identifikasiya prosesini həyata keçirməkdədir. Bu, adadakı türk və yunan icmalarının əməkdaşlıq etdiyi yeganə sahədir. İDŞK əsasən Avropa Birliyi və ABŞ, qismən isə Türkiyə və digər donor ölkələr tərəfindən maliyyələşdirilir.
Səfər çərçivəsində ilk görüş 25 yanvar 2017-ci il tarixdə BMT-nin ofisində keçirildi. Görüşdə İDŞK-dan Kiprli türk üzv Gülden Plümer Küçük, Kiprli yunan üzv Nestoras Nestoros, BMT-nin təmsilçisi və üçüncü üzv Paul-Henri Arni və qurumun BMT üzrə katibi Florian von Konig, BQXK-nın əməkdaşları – itkin düşmüş şəxslər və axtarış üzrə regional nümayəndə Samir Hacımustafiç, məhkəmə-tibbi ekspert Metyu Vennemeyer və tərcüməçi Sərxan Hüseynov iştirak etmişlər.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə əvvəlcə İDŞK-nın nümayəndələri qurumun yaranması zərurəti, keçdiyi yol və hazırda gördüyü işlərlə bağlı ətraflı məlumat verdilər. Vurğulandı ki, qurum bütövlükdə münaqişə zamanı itkin düşmüş 2001 nəfərin axtarışı işini aparır. Onlardan 1508 nəfəri yunan, 493 nəfəri isə türkdür. Aparılmış birgə iş nəticəsində 701 nəfərin artıq şəxsiyyəti tam müəyyən edilmişdir. Onlardan 520 nəfəri yunan, 181 nəfəri türkdür. Hazırda işlər intensiv şəkildə davam etdirilir. Bildirildi ki, proses bütövlükdə Arxeoloji, Antropoloji, Genetik, Eyniləşdirmə və qalıqların qaytarılması kimi 4 əsas mərhələyə bölünür. Sonuncu mərhələdə şəxsiyyətin təyin edilməsi üçün əldə edilmiş sümük qalıqlarından götürülmüş nümunələr ABŞ-ın Vircinya ştatındakı Boud Selmak Məhkəmə Tibbi-Ekspertiza DNT laboratoriyasına göndərilir və son nəticələr orada çıxarılır.
Azərbaycan nümayəndə heyəti adından danışan Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin salamlarını İDŞK üzvlərinə çatdırdı, səmimi qəbula görə təşəkkür etdi.
E.Səmədov görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və yaranma səbəbləri barədə məlumat verdi. Vurğulandı ki, Azərbaycan Respublikasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılmış və həmin ildən etibarən əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı işində iştirak etmiş və bu sahədə mərkəzləşmiş siyasəti həyata keçirmişdir. Bildirildi ki, münaqişə müddətində 6 minə yaxın insan itkin düşmüş, əsir-girov götürülmüşdür. 1437 nəfər əsir-girovluqdan azad edilsə də, hazırda 3867 nəfər Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. İtkin düşmüş şəxslərin axtarışı istiqamətində Dövlət Komissiyasının bir sıra beynəlxalq təşkilatlarla, əsasən də Beynəlxalq Qızıl Xaş Komitəsi ilə yaxından əməkdaşlıq etdiyi qeyd olundu. Bu sahədə vacib addım kimi o, əməkdaşlıq çərçivəsində BQXK və Dövlət Komissiyası arasında 2008-ci ildə imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və xüsusi qaydada saxlanması işinin həyata keçirildiyini bildirdi.E.Səmədov səmimi qəbula və ətraflı məlumata görə, bir daha təşəkkürünü bildirdi, təcrübə mübadiləsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində aparılan işlərə səmərə verəcəyini diqqətə çatdırdı. İDŞK üzvləri bu sahədə həm Azərbaycana, həm də Ermənistana yaxından kömək edə biləcəklərini, lazım gəldikdə öz mütəxəssisləri ilə dəstək verməyə hazır olduqlarını bildirdilər. Elə həmin gün görüş Yunan və Türk üzvlərinin müavinləri Ksenopon Kallis və Murat Soysalın iştiarkı ilə davam etdirildi. Hər iki yetkili aparılan işlərin detalları barədə ətraflı məlumat verərək, görülmüş işlərlə bağlı təqdimat keçirdilər. Növbəti gün 26 yanvar 2017-ci il tarixdə nümayəndə heyəti konkret olaraq arxeoloji qazıntıların aparıldığı və Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən üç sahəyə baş çəkərək aparılan işlərlə yerində tanış oldular. Qazıntı yerləri köhnə yunan məzarlığı, su quyusu və əkin sahəsindən ibarət idi. Yerlərdə arxeoloqlar və antropoloqlar tərəfindən aparılan işlərin xüsusiyyətləri və metodları barədə ətraflı məlumat verildi və qazıntının aparılması qaydaları izah edildi.
Səfərin son iş günü 27 yanvar 2017-ci il tarixdə nümayəndə heyəti BMT-nin protektoratındakı müdafiə sahəsində yerləşən Antropoloji Laboratoriya ilə tanış oldu. Burada gün ərzində Məhkəmə Tibbi-ekspertiza mütəxəssisləri, Antropoloq və psixoloqlar tərəfindən təlim-kurslar keçirildi, nümayəndə heyətinin çoxsaylı sualları cavablandırıldı, ətraflı fikir mübadiləsi aparıldı. Kiprdə itkin düşmüş şəxslərin işi üzrə fəaliyyət göstərən İDŞK-nın təcrübəsi, xüsusən də iş prosesində sistemli və mərhələli yanaşma prinsipinin tətbiqi, o cümlədən xarici mütəxəssislərlə yanaşı, yerli mütəxəssislərin hazırlanaraq işə cəlb edilməsi sahəsində əldə edilmiş nailiyyətlərlə tanışlıq bu sahədə gələcəkdə həyata keçiriləcək fəaliyyətin təşkili baxımından səmərəli idi. Bununla yanaşı, İşçi qrupu Komissiya sədri cənab Mədət Quliyevin beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı tapşırığına uyğun olaraq bu sahədə daha çox təcrübəsi olan digər dövlətlərin fəaliyyəti ilə tanış olmaq üçün araşdırmaları davam etdirir.