Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

6 may 2016-cı il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə (DİA) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” mövzusunda konfrans keçirmişdir.

Tədbirin məqsədi Akademiyada təhsil alan tələbə-gənclərin müharibə qurbanları, onların beynəlxalq humanitar sənədlərlə qorunan hüquqları və Ermənistan tərəfindən beynəlxalq normaların pozulması faktları barədə məlumatlandırılması, bu sahəyə münasibətlərinin öyrənilməsindən ibarət idi.

Tədbirdə Milli Məclisin deputatları, DİA-nın tanınmış alimləri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Komissiyasının üzvləri, İşçi qrupunun əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, tələbə-gənclər və Respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açmış, iştirakçıları salamlamış və konfransın məqsədi barədə məlumat vermişdir.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mövzu üzrə məruzə edən Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu quldur birləşmələri tərəfindən törədilmiş terror, soyqırım, etnik təmizləmə, vandalizm, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı faktları diqqətə çatdırmış, Ölkə rəhbəri tərəfindən Komissiyanın qarşısında qoyulmuş vəzifələrdən danışmışdır.
Dövlət Komissiyasının üzvü, milli məclisin deputatı Bəxtiyar Sadıqov, Dövlət Komissiyasının üzvü, milli məclisin deputatı Çingiz Qənizadə, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Komissiyasının üzvü Gəray Fərhadov, “İki sahil” qəzetinin baş redaktoru, Dövlət Komissiyasının üzvü Vüqar Rəhimzadə, Dövlət Təhlükəsizliyi Xidməti Heydər Əliyev adına Akademiyasının kafedra rəisi Rövşən Əzizov çıxış edərək mövzu barədə fikir və rəylərini bildirmişlər.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında danışan natiqlər həmin cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulamış, bu istiqamətdə Respublikamızda görülən işlərdən bəhs etmiş, tələbə-gəncləri bu məsələlərdə aktiv olmağa çağırmışlar.

Tədbirdə tələbə-gənclərin sualları cavablandırılmış, onların fikir və təklifləri dinlənmişdir.Konfrans iştirakçıları mövzu ilə bağlı video və foto materiallarla tanış olmuş, onlara Dövlət komissiyası tərəfindən nəşr etdirilmiş kitablar və DVD-lər paylanmışdır.