Terminologiya
İtkin düşmüş şəxs – harada olduğu onun yaxın qohumlarına və müvafiq dövlət qurumlarına məlum olmayan və ya etibarlı məlumatlara əsasən, eyni zamanda milli qanunvericiliyə uyğun olaraq beynəlxalq və ya lokal silahlı münaqişələrdə, ölkə daxili gərginlik və ixtişaşlarda, o cümlədən təbii fəlakətlər zamanı (sel, zəlzələ, sunami, torpaq sürüşməsi, uçqun və s.), yoxa çıxdığı bildirilən şəxsdir.
Şəxsin itkin düşmüş və ölmüş elan edilməsinin hüquqi əsasları və nəticələri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Hərbi əsirlər – Beynəlxalq silahlı toqquşma zamanı münaqişə edən tərəflərdən birinin silahlı qüvvələrindən düşmən tərəfin əlinə keçmiş şəxslərdir. Münaqişədə iştirak edən tərəfə mənsub olan, öz ərazisində və ya ondan kənarda, hətta bu ərazi işğal edilsə belə, fəaliyyət göstərən mütəşəkkil müqavimət hərəkatlarının üzvləri də daxil olmaqla, digər polis və könüllü dəstələrin üzvləri saxlanılarkən hərbi əsir hesab edilir.
Kombatantlar – (fr. combattant) Silahlı qüvvələrin tərkibinə daxil olan və döyüş əməliyyatlarında iştirak edən hərbçilərdir. Bu onunla bağlıdır ki, kombatant olan şəxsin güc tətbiq etmək və öldürmək ixtiyarı var. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, döyüş əməliyyatlarında iştirak etməyən hərbçilər, eyni zamanda, silahlı qüvvələrin tərkib hissəsi sayılmayan polis və digər hərbiləşdirilmiş qurumlar, həmçinin döyüşən silahlı qüvvələrin tərkibində olan tibbi və ruhani heyət kombatant hesab edilmirlər.
Mülki şəxslər, başqa sözlə dinc əhali – silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün şəxslərdir. Mülki şəxslərin hərbi əməliyyatlarda iştirakı belə demək mümkünsə, humanitar hüquqla qadağan edilmişdir. Əks halda onlar humanitar hüquqla himayə olunmaq statuslarını itirirlər və onlara qarşı güc tətbiq edilə bilər. Lakin buna baxmayaraq, onlar mülki şəxs statuslarını itirmirlər və kombatant hesab edilmirlər.