Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu bildirir ki, 16 may 2008-ci il tarixdə Azərbaycan hərbçilərinin mövqelərinə yaxın ərazidə saxlanılmış Qabrielyan Qrant Samveloviç adlı şəxs 19 avqustda müqabil tərəfə təhvil verilmişdir.
Bununla bağlı qondarma DQR-ın “Dövlət Komissiyası” adından müxtəlif mətbuat orqanlarına ötürülən məlumatlar isə həqiqəti əks etdirmir, xəstə təxəyyülün məhsulundan başqa bir şey deyildir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı səmərəli danışıqlar nəticəsində, 19 fevral 2008-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Zalam kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubov Arzu Nurəddin oğlu 14 avqust 2008-ci il tarixdə, Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunmuşdur.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı səmərəli danışıqlar nəticəsində, 11 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonu istiqamətində Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülmüş, Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Heybətov Vüsal Şirsultan oğlu 3 may 2008-ci il tarixdə, Ağdam rayonu, Baş Qərvənd kəndi istiqamətində, qoşunların təmas xəttində əsirlikdən azad olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilmişdir.