Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

Bu günlərdə Ermənistana məxsus KİV-də 8 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində könüllü şəkildə Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçmiş və saxlanılmış Ermənistan ordusunun əsgəri İnciqulyan Akop Gevorkoviçin öz iradəsi ilə üçüncü ölkəyə getmək istəyi barədə ziddiyyətli və həqiqətə uyğun olmayan, müxtəlif şəxslərin fikirlərini ifadə edən məlumatlar yayılmaqdadır.

Həmin mənbələr guya A.İnciqulyanın üçüncü ölkəyə göndəriləcəyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) məlumatın olmadığına, hətta bu barədə A.İnciqulyanın ailəsinə ünvanladığı “Qızıl Xaç məktublarında” da heç nə yazmadığına istinad edir. Bu ölkənin Müdafiə nazirinin müavini isə daha da irəli gedərək verdiyi “şərhlər”də A.İnciqulyanın üçüncü ölkəyə getmək barədə müraciətinin təbliğat məqsədilə “Azərbaycan hakimiyyət dairələrinin növbəti uydurması” adlandırır.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, Azərbaycan Respublikası müharibə qurbanları ilə bağlı məsələdən təbliğat vasitəsi kimi istifadə etmir.

O da məlumdur ki, əsir düşmüş şəxsin üçüncü ölkəyə göndərilməsi məsələsi ilə məşğul olmadığı üçün BQXK ona “Qızıl Xaç məktublarında” üçüncü ölkəyə getmək qərarı barədə valideynlərinə yazmaq icazəsini vermir. Bu məqam beynəlxalq humanitar hüquq normaları barədə azacıq bilgisi olan hər kəsə məlumdur. Ona görə də müharibə qurbanlarının işi ilə məşğul olan Ermənistanın analoji qurumları da bunu bilməmiş deyil. Əgər unudublarsa, xatırlatmaq istərdik ki, 26 iyul 2012-ci il tarixdə, Ermənistan Respublikasının hərbçiləri tərəfindən əsir götürülmüş və 30 avqust 2013-cü il tarixdə üçüncü ölkəyə göndərilmiş Azərbaycan əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlunun da üçüncü ölkəyə göndəriləcəyi barədə BQXK rəsmi məlumat verməmiş, F.Fərəcov özü də ailəsinə yazdığı “Qızıl Xaç məktublarında” bu barədə fikir ifadə etməmişdir.

Qısacası bildirmək istəyirik ki, bu məsələ BQXK-nın mandatına aid deyil. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əsasən, BQXK bu məsələdə yalnız neytral vasitəçi qismində iştirak edir.

Beləliklə, Dövlət Komissiyası bir daha bəyan edir ki, A.İnciqulyanın üçüncü ölkəyə göndərilməsi barədə Azərbaycan Hökumətinə ünvanladığı rəsmi müraciəti bütün zəruri prosedurlardan sonra BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına göndərilmişdir. Hazırda A.İnciqulyanın işi ilə bu qurum məşğuldur.