Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı.

29 iyun 2013-cü il tarixdə Ermənistanda keçirilmiş “itkinlər günü” ilə bağlı ölkənin müxtəlif mətbuat orqanlarının Azərbaycan Respublikası Dövlət Komissiyası İşçi qrupuna ünvanlanmış bir sıra suallarına aydınlıq gətirmək məqsədi ilə İşçi qrupunun rəhbəri Firudin Sadıqovun cavablarını təqdim edirik.

Sual 1. Ermənistan KİV-də yayılmış məlumatlara əsasən, 29 iyun 2013-cü il tarixdə bu ölkədə “itkinlər günü” qeyd edilmişdir. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsinizmi, Ermənistandakı hazırkı ictimai-siyasi və sosial durum hamıya məlumdur. Ona görə də bu cür, ictimai rəyə hesablanmış tədbirlərin keçirilməsi bizdə təəccüb doğurmur. Ancaq təəccüb doğuran məqam ondadır ki, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş ermənilərin sayını hələ də dəqiq bilməyən, yaxud da bilməkdə maraqlı olmayan Ermənistanın müvafiq dairələri indi “itkinlər günü” qeyd edir. Əlbəttə ki, onların niyyəti sadə ermənilərdə “itkinləri axtarırıq” fikrini formalaşdırmaqdır. Əgər Siz son bir neçə il ərzində Ermənistan KİV-inə nəzər salsanız erməni itkinlərin sayı barədə Ermənistan rəsmilərinin söylədiyi müxtəlif rəqəmlərə rast gələcəksiniz. Misal üçün onlar itkin ermənilərin sayını 2011-ci ildə bütövlükdə 200-dən artıq, sonra Ermənistan üzrə 200, Qarabağ üzrə 700-dən artıq. 2012-ci ildə Ermənistan üzrə 407, Qarabağ üzrə 449 kimi göstərmişlər. Barəsində söhbət gedən son “tədbirdə” isə daha gülməli fikirlər səslənmişdir. Bir məlumatda yazırlar ki, Ermənistan üzrə 400, bütövlükdə 1000 nəfərdən artıq, digər məlumatda isə Qarabağ müharibəsində 950 erməninin itkin düşdüyünü, onlardan 400 nəfərinin hərbçilər, digərlərinin isə Ağdərə (Mardakert) rayonunun mülki şəxsləri olduğunu yazmışlar. Bu nə deməkdir? Ümumiyyətlə, bu rəqəmlərin və fikirlərin hansına inanasan, həqiqət haradadır? Belə çıxır ki, münaqişə zamanı yalnız bir rayonun mülki əhalisi itkin düşmüşdür? Əslində bunlar heç təəccüblü də deyil ona görə ki, Ermənistanın Dövlət Komissiyasının İşçi qrupu 2006-cı ilin yayından fəaliyyətə başlayıb. Yəni, münaqişənin başlamasından 18 il sonra. Bu onu göstərir ki, əslində Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış bu humanitar problem onları maraqlandırmır və sadəcə görüntü yaratmaq və gündəmdə qalmaq üçün hər səhər bir rəqəm söyləyirlər.

Ancaq bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 2004-cü ilin yanvar ayında BQXK tərəfindən Dövlət Komissiyasına “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş erməni mənşəli mülki şəxslərin və hərbçilərin əlifba siyahısı” adlı siyahı təqdim edilmişdir. Biz bu siyahıda adları keçən şəxslərin axtarışı üzrə zəruri tədbirləri həyata keçirmişik. Bu siyahıda 414 ermənin adı keçir. Dövlət Komissiyasında aparılmış təhlil zamanı müəyyən edilmişdir ki, 414 nəfərdən 23 nəfəri Ermənistan Respublikasının ərazisində, 2 nəfəri Gürcüstan Respublikasının ərazisində itkin düşmüşlər və əslində onların münaqişəyə heç bir aidiyyəti yoxdur. Bundan başqa, 414 nəfərdən 211-i Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşamış ermənilər – yəni Azərbaycan Respublikasının vətəndaşları, 197-si Ermənistan Respublikasının vətəndaşları, 3-ü Gürcüstan, 2-si Rusiya, 1 nəfər isə İran İslam Respublikası vətəndaşıdır.

Bir məqama da diqqət etməyi vacib sayıram, münaqişə zamanı itkin düşmüş hər iki tərəfə aid şəxslərin böyük əksəriyyəti məhz Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində itkin düşmüşlər. Axı bu ərazilər Ermənistan hərbçilərinin nəzarətindədir. Demək orada axtarış aparmaq ermənilər üçün daha asandır.

Maraqlıdır ki, itkinlərə aid müxtəlif və qeyri-dəqiq rəqəmlər söyləyən ermənilər, onlara aid etdikləri günün də adını müxtəlif cür – bir yerdə “Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüşlər”, digər yerdə “İtkin düşmüş hərbçilərin xatirə” günü kimi yazırlar. Bu məqam isə belə günün rəsmi təsis edilməsini də şübhə altına alır.

Sual 2. Həmin tədbirdə iştirak etmiş bəzi erməni QHT-lərinin rəhbərləri guya 90 itkinin tapıldığını da bildirmişlər.

Cavab: Mən indi deyə bilmərəm ermənilər kimi və harada tapıblar. İnanıram ki, heç onlar özləri də söhbətin kimdən getdiyini bilmir. Bu, yenə deyirəm ki, sadəcə olaraq ictimai rəyi məşğul etmək üçün ortaya atılan spekulyativ bir fikirdir. Əgər 90 nəfər itkini tapıblarsa, niyə onların adını siyahılarından çıxarmırlar və bu barədə geniş məlumat vermirlər?

Bilirsinizmi, Dövlət Komissiyası fəaliyyətə başladığı müddətdən etibarən biz işğal zamanı ermənilər tərəfindən əsir-girov götürülmüş və beynəlxalq təşkilatlardan gizlədilmiş Azərbaycan vətəndaşları barədə şahid ifadələrinin olduğunu müntəzəm olaraq bəyan etmişik. Qeyd etdiyim kimi, bizim məlumatlar şahid ifadələrinə əsaslanır və təkzibedilməz faktlardı. Bu məlumatları vaxtilə cəbhə xəttində yaradılmış radioəlaqələr və birbaşa danışıqlarda iştirak etmiş “səlahiyyətli” ermənilər də təsdiq etmişlər. Söhbət əsir və girov götürülmüş və gizlədilmiş 877 Azərbaycan vətəndaşından gedir.

Digər təkzibedilməz fakt isə bilavasitə BQXK tərəfindən əsir-girovluqda saxlanarkən baş çəkilmiş azərbaycanlılara aiddir. Məsələ burasındadır ki, BQXK 2001-ci ildə əsir və girovluqda baş çəkdiyi 50 nəfər azərbaycanlının siyahısını Dövlət Komissiyasına təqdim etmişdir. Sonradan həmin şəxslərdən 17 nəfərinin meyiti qaytarılsa da, 33 nəfərin taleyi qaranlıq qalmışdır. Halbuki yenə də qeyd edirəm bu şəxsləri BQXK-nın əməkdaşları öz gözləri ilə görmüşlər. İndi mən Ermənistanın hakimiyyət dairələrindən soruşuram. Bu 33 azərbaycanlı haradadır və onların sonrakı taleyini hansı məqsədlə gizlədirsiniz?

Artıq Ermənistanın hakimiyyət dairələri bizim faktlardan yayınmaq üçün müxtəlif variantlara əl atırlar. Hətta evindən çıxıb geri qayıtmayan ermənilərin belə, guya Azərbaycan tərəfindən əsir-girov götürüldüyü barədə sərsəm iddialarla çıxış edirlər.

Ötən il Ermənistanın Xarici İşlər Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bizə guya Azərbaycan Respublikası tərəfindən əsir-girov götürüldüyü bildirilən 90 nəfərin adının keçdiyi əlavə siyahı təqdim etmişdir. Təsəvvür edirsinizmi təhlil zamanı siyahıda 90 deyil, 94 nəfərin adının keçdiyi müəyyənləşdirmişdir. Axı hər bir rəqəmin arxasında konkret insan taleyi dayanır. Deməli erməniləri konkret insanların taleyi deyil, sadəcə erməni ictimai rəyinə hesablanmış fəaliyyət maraqlandırır.

Təhlil zamanı müəyyən edilmişdir ki, adı çəkilən 94 nəfərin yarıdan çoxunun adı yuxarıda qeyd etdiyim, yəni BQXK tərəfindən 2004-cü ildə təqdim edilmiş siyahıda keçir. Qalan hissə isə yeni adlardır. Ancaq siyahının təhlili həmin yeni adların əksəriyyətinin ümumiyyətlə, münaqişəyə heç bir aidiyyətinin olmadığını və Ermənistan ərazisində itkin düşdüyünü ortaya çıxardı. Gəldiyimiz nəticələri biz yazılı şəkildə BQXK-ya təqdim etdik.

Sual 3. Həmin tədbirdə Ermənistan rəsmiləri və QHT nümayəndələri guya itkinlərin axtarışı ilə bağlı efferktli nəticələrin olmadığı ilə bağlı fikir bildirmiş və buna səbəb kimi Azərbaycan tərəfinin əməkdaşlıqdan imtinasını göstərmişlər.

Cavab: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılandan keçən 20 il ərzində Qarşı tərəflə bir sıra görüşlər olmuşdur. Mən sadəcə 2005-ci ildən sonrakı görüşlər barədə məlumat verəcəm.

2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi bölgəsində əsir-girovların azad edilməsi, itkinlərin axtarışı üzrə Beynəlxalq İşçi qrupu tərəfindən irəli sürülmüş təklifə əsasən, həmin ilin mart ayının 18-də Gürcüstanın Tbilisi şəhərində növbəti görüş keçirilmişdir. Görüşdə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasını Komissiya sədrinin müavini Mixail Qriqoryan və onun köməkçisi Leo Ağacanov təmsil etmişlər.(Video çəkiliş var, lazım olsa təqdim edə bilərik)

Görüşdə tərəflər itkin düşmüş şəxslərin axtarışının və sonrakı taleyinə aydınlıq gətirilməsi, əsir və girov götürülmüş şəxslərin tez və heç bir şərt irəli sürülmədən azad edilməsi barədə razılıq əldə etmişdir. Eyni zamanda bu görüşdə M.Qriqoryan guya Ermənistanda azərbaycanlı əsir-girovlarının saxlanmadığını bildirmiş və bununla bağlı Azərbaycan Respublikasının Dövlət Komissiyasının əməkdaşlarının Ermənistanda monitorinq aparmasına şərait yaradacaqlarına söz vermişdir. Bunadan başqa, M.Qriqoryan erməni tərəfinin 1400 deyil, 1800 Azərbaycanlını azad etdiyini vurğulamış və onların siyahısını göndərəcəyinı bildirmişdir.

Lakin M.Qriqoryan Ermənistana qayıtdıqdan az müddət sonra vəzifəsindən azad edilmiş və verilmiş sözlərə əməl edilməmişdir.

Ermənistan Respublikasının Dövlət Komissiyası ilə növbəti belə görüş isə İşçi qruplarının rəhbərləri səviyyəsində 2006-cı ildə Belçikanın Brüssel şəhərində, bu ölkənin beynəlxalq humanitar hüquq üzrə idarələrarası komissiyasının Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə keçirdiyi “itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılmasının mexanizmləri və hüquqi tədbirlər” adlı Avropa simpoziumu çərçivəsində baş tutmuşdur.

Görüş Simpoziumdan bir gün əvvəl - 24 sentyabr 2006-cı il tarixdə Brüssel şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı nümayəndəliyinin müdafiə işləri üzrə əlaqələndiricisi xanım Suzanna Lopezin vasitəçiliyi ilə həyata keçirilmişdir.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə bu məsələlər müzakirə olunmuşdur - İtkinlərin axtarışı işinin fəallaşdırılması, bu sahədə informasiya mübadiləsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması. Siyahılar üzrə işin təşkili və təkmilləşdirilməsi. Eyni vaxtda hər iki ölkə ərazisində monitorinqin keçirilməsi. Əsirlikdə saxlanılanlar barədə məlumatların gecikdirilmədən verilməsi. Zərurət yarandığı təqdirdə üçüncü ölkə ərazisində birbaşa görüşlərin təşkili.

Tərəflər ilkin mərhələdə görüşlərin Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı və vasitəçiliyi ilə keçirilməsini razılaşdırmışlar. Görüşlərin intensivliyi isə gələcək fəaliyyətdən asılı olmalı idi. Danışıq və əlaqələrin internet vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Bundan başqa, azad olunmuş şəxslərə aid siyahılar üzərində dəqiqləşdirmə işinin aparılması da müzakirə mövzusu olmuşdur.

Görüşdə 2005-ci ilin martında Tbilisidə keçirilmiş danışıqlar zamanı Ermənistan Dövlət Komissiyasının keçmiş heyətinin onlarda 1800 nəfərin Azərbaycana qaytarılması ilə bağlı siyahının mövcud olduğu barədə məlumat verdiyi xatırladılsa da, Ermənistanın Dövlət Komissiyası İşçi qrupunun rəhbəri belə siyahıdan xəbərsiz olduğunu qeyd etmiş və onlarda bir neçə siyahıların mövcud olduğunu söyləmiş, bu siyahıların həm Ermənistanın qeyri-hökumət təşkilatlarında, həm də Müdafiə nazirliyində olduğunu vurğulamışdır. O, 2007-ci ilin yayına kimi həmin siyahılarda dəqiqləşmənin aparılacağını və Beynəlxalq Qızıl Xaç Komitəsinə təqdim olunacağını bildirsə də indiyə kimi bu siyahılardan da bir xəbər yoxdur.

İndi baxın, belə bir şəraitdə hansı effektli əməkdaşlıqdan söhbət gedə bilər? Bizim məqsədimiz görüntü naminə görüşlər keçirmək deyil. Bizim indi Ermənistanın aidiyyəti qurumlarına tövsiyəmiz sadəcə budur ki, öncə itkin düşmüş ermənilərin siyahısını və kateqoriyasını dəqiqləşdirsinlər ki, heç olmasa müzakirəyə çıxarılacaq konkret materiallar olsun.

Sual 4. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşları barədə nə deyə bilərsiniz?

Cavab: Qısa olaraq qeyd edim ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu artıq 20 ildir fəaliyyət göstərir. Bu ilin yanvar ayında keçirilmiş iclasda Komissiyanın bu illər ərzində gördüyü işlər geniş təhlil etmiş və sonrakı fəaliyyəti üçün prioritetlər müəyyənləşdirilmişdir. Bu barədə mətbuatda geniş məlumat verildiyi üçün Azərbaycan ictimaiyyəti xəbərdardır. Ümumiyyətlə, biz müntəzəm olaraq fəaliyyətimiz barədə ictimaiyyətə müntəzəm məlumat veririk. Hər ilin yekununda isə görülmüş işlərlə bağlı geniş məlumat yayırıq. Əgər Siz Dövlət Komissiyasının rəsmi internet səhifəsinə - www.human.gov.az nəzər salsanız, bunun şahidi olacaqsınız.

Hazırda son statistik məlumatlar aşağıdakı kimidir:

1 iyul 2013-cü il tarixə olan məlumata əsasən, 4033 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü qocalardır.

İtkin düşmüş 4033 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması lakin ermənilərin bunu danması barədə Dövlət Komissiyasında konkret faktlar vardır.

Münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilmişdir.

Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur.

Azərbaycanda isə 5 nəfərdən ibarət bir erməni ailəsi saxlanılır. Bu ailənin başçısı Gevorkyan Yeqişe Petroviş 10 yanvar 2010-cu il tarixdə ailə üzvləri (3 uşaq və həyat yoldaşı) ilə birlikdə xarici ölkələrdən birinə getmək məqsədilə idarə etdiyi maşınla Azərbaycan ərazisinə keçmişdir. Ermənistana qayıtmaqdan imtina edir.

Əsir-girovların azad edilməsi, itkinlərin axtarışı sahəsində Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyir.

2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişi imzalanmışdır.

Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Başqa sözlə, itkin düşmüş şəxslərlə bağlı toplanmış məlumatlar, naməlum meyit qalıqlarının ekspertizası zamanı əldə olunan məlumatlarla tutuşdurulur və meyit qalığının kimə aid olduğu müəyyənləşdirilir. Hazırda bu proqramın reallaşdırılması sahəsində konkret işlər davam etdirilir.

Sonda bir daha xatırladım ki, biz itkinlərin axtarışı istiqamətində əlimizdən gələni etməyə çalışırıq və bunun müsbət nəticəsini də görürük. Lakin yuxarıda qeyd etdiyim kimi bütün itkinlər bu gün Ermənistan Respublikası qoşunlarının işğal etdiyi ərazilərdə itdiyi üçün bizim o ərazilərdə axtarış aparmaq imkanlarımız da məhduddur.

Bununla əlaqədar Ermənistanın Dövlət Komissiyasına tövsiyyəmiz ondan ibarətdir ki, heç olmasa itkin düşdüyü bildirilən öz vətəndaşlarının sayını dəqiqləşdirib onların axtarılmasını təşkil etsinlər.