Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20 illiyi ilə bağlı tədbirdə Komissiya katibi Şahin Sayılovun məruzəsi
01 Fevral 2013
Hörmətli cənab Baş nazirin müavini!
Hörmətli cənab sədr!
Hörmətli qonaqlar!
1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi vəziyyət, dövlət çevrilişi cəhdləri, ölkədə hökm sürən hərc-mərclik 1993-cü ilin yayında özünün son həddinə çatdı. Belə bir vəziyyətdə, narahatlıq doğuran daha bir ciddi məsələ əsir, girov və itkinlərin problemi idi.
Həmin dövrü xarakterizə edən əsas cəhət ondan ibarət idi ki, münaqişə qızışdıqca qurbanlar artır, ancaq yaxınları barədə məlumat ala bilməyən insanlar müraciət etməyə ünvan tapa bilmirdilər. Bu şəraitdən isə ayrı-ayrı qüvvələr və ya fərdlər yararlanırdılar. Belə vəziyyətdə hökmən məqsədyönlü dövlət siyasəti zəruri idi.
Qeyd olunanlar nəzərə alınaraq, müharibə zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların Vətənə qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin uzlaşdırılması məqsədilə 1993-cü ilin yanvarın 13-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və mart ayında müvafiq İşçi qrupu yaradıldı.
Komissiyanın zəruri və təxirəsalınmaz ilk işi kimi, vətəndaşlar barədə məlumatları mərkəzləşdirilmiş qaydada toplamaq və sistemləşdirmək məqsədilə respublikanın əlaqədar orqanlarına və əhaliyə müraciət olundu. Bu məlumatlar əvvəllər respublika Müdafiə və Daxili İşlər Nazirliklərində, Qırmızı Aypara Cəmiyyətində, bir sıra digər ictimai təşkilatlar, habelə ayrı-ayrı adamlar tərəfindən pərakəndə halda toplanır, əsir və girovlar qeyri-mütəşəkkil surətdə, fərdi qaydada dəyişdirilirdi.
Erməni əsir-girovluğunda olub qayıtmış vətəndaşların bir qismində sonradan keçirilmiş tibbi müayinə zamanı yoluxucu xəstəliklər aşkar olunurdu. Digər tərəfdən Milli Təhlükəsizlik Nazirliyinin apardığı filtrasiya işi nəticəsində bəzi əsir-girovların erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi faktları ortaya çıxırdı. Fərdi qaydada dəyişdirilmiş adamlarımızın yarıdan çoxunu Milli Təhlükəsizlik orqanları müəyyənləşdirə bilmirdi. Münaqişə ilə bağlı Respublikada əhalinin xaotik miqrasiyası bu işi son dərəcə çətinləşdirirdi.
Dövlət Komissiyası öz işini bütövlükdə müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun surətdə həyata keçirirdi. Erməni tərəfi isə, həmin beynəlxalq sənədlərə məhəl qoymur və beynəlxalq humanitar hüquq normalarının pozulmaqda davam edirdilər. Münaqişə qızışdıqca, dinc əhalinin kütləvi şəkildə qırılması, girovluğa məruz qalması getdikcə daha böyük miqyas alırdı. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girov götürülməsi və işgəncələrə məruz qalması, alver vasitəsinə çevrilməsinə dair xeyli faktlar toplanılmışdı.
Erməni tərəfdə «müharibə biznesi» üzrə artıq bir növ ixtisaslaşmış qruplar meydana gəlmişdi. Onlar Yuxarı Qarabağın və Ermənistanın dövlət strukturları ilə əlbir şəkildə əsir və girovlar arasında sorğu aparır, hansı əsir, yaxud girov ailəsinin böyük maddi imkanları olduğunu müəyyənləşdirirdilər. Bundan sonra, həbs düşərgələrindən adamları satın-alıb evlərinə aparır, Azərbaycanla əlaqəyə girərək, onları qohum-əqrəbalarına satırdılar.
Girovların böyük bir qrupunu bütün ailə və tayfa ilə girov götürülənlər, xəstə, şikəst, uşaq, qadın və yaşı altmışı ötmüşlər təşkil edirdi. Ermənilərin yaş həddinə məhəl qoymamasını belə faktlar sübut edir ki, girovluqda olanların arasında xeyli sayda yaşı 80-dən, həmçinin 90-dan yuxarı olanlar var idi. Hətta 1-2 yaşında və südəmər körpələr də girov götürülürdülər.
Lakin ümid həmişə yaşayır. İndi də bir çox vətəndaşımız həmin illərdə itkin düşmüş yaxınlarını axtarmaq və ya düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin meyitlərini almaqda köməklik göstərmək üçün o illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və işləyən Ümummilli lider Heydər Əliyevə müraciət etdiklərini, onun diqqət və qayğısını, yardımını minnətdarlıqla xatırlayırlar.
Komissiya yarandığı ilk günlərdən etibarən humanitar problemin aradan qaldırılması üçün qarşı tərəflə də danışıqların aparılmasına təşəbbüslər göstərmişdir. 1993-cü ilin martın 9-da Moskva şəhərində Azərbaycan tərəfinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin və hər iki ölkənin Rusiyadakı səfirliklərinin nümayəndələrinin iştirakı ilə, Azərbaycan və Ermənistan Dövlət Komissiyalarının sədrlərinin görüşü keçirilmişdi. Bu görüşdə Azərbaycan tərəfi Cenevrə Konvensiyalarına uyğun 4 sənəd layihəsi hazırlamışdı.
Bu sənədlər Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi vasitəsilə Yerevana göndərilmiş, lakin erməni tərəfi Dağlıq Qarabağın sənədə müstəqil imza atması tələbini irəli sürərək Cenevrə şəhərinə gəlməkdən imtina etmiş və danışıqlar pozulmuşdu.
1999-cu ilin dekabrında Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsində əsir, girov və itkin düşmüş şəxslərin axtarılması məsələləri müzakirə edilmiş və Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə beş bənddən ibarət prinsiplərin yerinə yetirilməsi təklifləri irəli sürülmüşdü.
Bu prinsiplərin qəbul edilməsi barədə 1999-cu il dekabrın 30-da Azərbaycan Respublikası Milli Məclisi xüsusi bəyanat vermişdir. Siyasi Komitənin təklifinə baxmayaraq, Ermənistan parlamenti bu barədə rəsmi mövqeyini bildirməmişdir.
Dövlət Komissiyası müstəqil hüquq müdafiəçiləri Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakareişvilidən (Gürcüstan) ibarət qrup ilə də sıx əməkdaşlıq etmişdir. Qrupun üzvləri 1996-2005-ci illərdə dəfələrlə Ermənistan və Azərbaycanda, o cümlədən Xankəndində olmuş, hərbi əsirlərlə görüşmüş, onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün danışıqlar aparmış, itkin düşənlərin axtarışı məqsədi ilə müvafiq tədbirlər həyata keçirmişlər. Həmin qrupun 1999-cu ildə Yerevana növbəti səfəri zamanı əvvəllər ermənilər tərəfindən əsir düşməsi faktı gizlədilən 6 (altı) azərbaycanlı barədə məlumat əldə edilmiş, onların əsirlikdə ölməsi müəyyənləşdirilmişdir. Bu fakt bir daha sübut edir ki, erməni tərəfi yüzlərlə azərbaycanlının əsir və yaxud girov düşməsi faktını beynəlxalq təşkilatlardan gizlətmişdir.
Son illər apardığımız araşdırmalar nəticəsində əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir.
Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur.
Erməni tərəfinin bildirdiyinə görə, guya F.Fərəcov Vətənə qayıtmaqdan imtina edir. Ümumiyyətlə, azərbaycanlı əsirlərin qayıtdıqdan sonra repressiyalara, təzyiqlərə məruz qalması, incidilməsi, cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar Vətənə qayıtmaqdan imtina etmələri barədə erməni tərəfində xeyli böhtan xarakterli məlumatlar yayılmışdır. Əsirlərimiz saxlanma yerlərində mənəvi-psixoloji təzyiqlərə, guya, Vətənə qayıtdıqda həbs olunacaqları, incidiləcəkləri barədə yalan və böhtanlara məruz qalmışlar. Onlara Avropa ölkələrinin birində yaşamaq, işlə təmin olunmaq barədə şirnikləndirici vədlər verilmiş. Məhz bu təbliğatın nəticəsində bizə məlum olan 8 (səkkiz) nəfər azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq, məkrli erməni təbliğatına uymuş və 3-cü ölkədə yaşamağa üstünlük vermişdir. Ermənistan hərbçilərindən isə 7 (yeddi) nəfəri bu yolu könüllü olaraq seçmişdir.
Əslində əsirlikdən azad olunmuş 1042 vətəndaşımızdan cəmi 31 nəfəri heç də əsir düşdüklərinə görə deyil, məhz konkret cinayət əməllərinə görə məhkum olunmuşlar. 1994-cü il iyulun 3-də Bakı metropolitenin sərnişin qatarında xeyli insan tələfatı ilə nəticələnmiş partlayış törədən əsirlikdə məxfi əməkdaşlığa cəlb edilmiş vətən xaini Azər Aslanov, erməni əsirliyində olarkən öz həmvətənlərinə işgəncələr verən, onları alçadan İlham Qurbanov, «ağ bayraq» qaldıraraq əlində silah düşmənə könüllü təslim olmuş, satqınlıq etmiş Nizaməddin Bayramov və başqaları bu qəbildəndir.
MTN-də olan çoxsaylı faktlar göstərir ki, erməni xüsusi xidmət orqanları Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyətində azərbaycanlı əsir və girovlardan fəal istifadə edir, onlar vasitəsi ilə terror və digər düşmənçilik əməllərini həyata keçirməyə çalışırlar. Belə ki, 107 nəfərin erməni əsirliyində olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilmişdir. Onların böyük əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmamışlar. Qeyd olunduğu kimi cəmi 31 nəfər (2-si ömürlük) Vətənə qarşı konkret cinayətə görə azadlıqdan məhrum edilmişdir.
Son illər, Dövlət Komissiyası əsirlikdən azad edilmiş vətəndaşlarımızın filtrasiya məntəqəsində saxlanılmasından imtina etmişdir. Əsirlikdən azad olunanlar tibbi müayinədən keçirilib və ehtiyacı olanlara təcili yardım göstərilib. Qısa müddət ərzində onlarla müvafiq söhbətlər aparılıb və ailələrinə qaytarılıb. Bunun MTN üçün müəyyən çətinliklər yaratmasına baxmayaraq, Komissiya əsasən gənclərdən ibarət əsirlərin mənəvi reabilitasiyasını vacib sayır.
2004-cü ildən başlayaraq, komissiyanın fəaliyyətində demək olar ki, yeni dövr başlandı və köklü dəyişikliklər baş verdi. Prioritet təşkil edən məsələlərin müəyyənləşdirilməsi, kadr probleminin həlli və maddi-texniki bazanın yaradılması əsas amil kimi önə çəkildi.
Bu dövrdə ən əsas vəzifə, itkinlərlə bağlı Dövlət Komissiyasındakı siyahıda dəqiqləşmənin həlli və bu siyahı ilə Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) olan analoji siyahıdakı fərqin aradan qaldırılması idi. Həmin ildə fəaliyyətə başlamış Komissiyanın yeni sədri bu işi ilk günlərdən etibarən İşçi qrupunun qarşısında vacib vəzifə kimi qoymuşdur. Bu həm də humanitar problemin miqyasının dəqiqləşməsi üçün vacib idi. Bu işin mühüm nəticəsi 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinin imzalanması oldu.
Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Başqa sözlə, itkin düşmüş şəxslərlə bağlı toplanmış məlumatlar, naməlum meyit qalıqlarının ekspertizası zamanı əldə olunan məlumatlarla tutuşdurulur və meyit qalığının kimə aid olduğu müəyyənləşdirilir.
Beləliklə, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılmışdır. Onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü (Komissiyanın axtarış-araşdırma obyekti olmadığı) müəyyənləşdirilmişdir. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanmış və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilmişdir. Qeyd etmək yerinə düşər ki, hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 147 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanmış və qeydiyyata götürülmüşdür.
İtkin düşmüş 4031 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, lakin ermənilərin bunu gizlətməsi barədə Dövlət Komissiyasında konkret faktlar vardır. Erməni əsirliyindən azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmiş, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilmişdir. Dəlil-sübutlara baxmayaraq, erməni tərəfi bu şəxslərin onlara əsir düşməsi faktını yenə də inkar edir. Təəssüf ki, beynəlxalq təşkilatlar qeyd olunan siyahıdakı şəxslərin axtarışı üzrə hələ ki, lazımi tədbirlər həyata keçirmirlər.
Çərçivə sazişi imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə məlumatların toplanması işi idi ki, bu iş BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilmişdir. Məlumatları toplamaq üçün BQXK tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü qruplarına təlim-kurslar keçirilmişdir. 2008-2010-cu illərdə 1110 itkin barədə məlumatlar toplamışlar. Göstərilən müddətdə ümumilikdə 3490 sorğu anketi toplanılaraq BQXK-ya təhvil verilmişdir.
26 yanvar 2011-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış «AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, toplanmış məlumatların elektron məlumat bazasına daxil edilməsi işi Dövlət Komissiyasının BQXK tərəfindən əvvəlcədən təlim keçilmiş əməkdaşları tərəfindən aparılır. Bu günə qədər artıq 850 nəfər barədə məlumatlar bazaya daxil edilmişdir
Digər, çox vacib mərhələ naməlum məzar yerlərinin bütün Respublika, o cümlədən işğal olunmuş ərazilər üzrə müəyyənləşdirilməsi və dəqiq qeydiyyat işinin aparılmasıdır. Bu sahədə aparılmış araşdırmalar ciddi məlumatların ortaya çıxması ilə nəticələnmişdir. Hazırda Komissiyanın İşçi qrupunda bütün Respublika üzrə 139 naməlum məzar barədə məlumat qeydiyyata alınmışdır.
Lakin qeyd olunan işlər qarşıda duran vəzifənin həyata keçirilməsinin ilkin mərhələsidir. Çərçivə sazişinə əsasən, sonrakı mərhələlərdə itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması zəruri sayılmışdır.
Dövlət Komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Ölkə Prezidenti bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş vermiş və məsələnin icrası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılmışdır. İlkin məlumata görə, yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır. Yaradılacaq qurum Milli Təhlükəsizlik Nazirliyi ilə sıx işgüzar münasibətdə işləyəcək. Hazırda qan nümunələrinin toplanması və bankın yaradılması üçün BQXK ilə müzakirələr davam etdirilir.
Dövlət Komissiyasının səyləri nəticəsində 2004-2012-ci illər ərzində əsir və girov götürülmüş 22 nəfər BQXK-nın vasitəçiliyi ilə azad edilmişdir. Bundan başqa, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər Dövlət Komissiyasının siyahısına düşməmiş 54 nəfərin əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınmışdır. Bu müddətdə həmçinin Azərbaycan ərazisində saxlanılmış 21 erməni və 1 meyit də qarşı tərəfə qaytarılmışdır.
Məlumdur ki, Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı münaqişənin həllinin uzanması, eyni zamanda, Ermənistan hərbçilərinin mütəmadi şəkildə atəşkəsi pozması nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslərin (o cümlədən uşaqların) həlak olması halları davam edir. Komissiya 2004-cü ildən keçən müddət ərzində həlak olaraq düşmən nəzarətində qalmış 5 nəfərin (3 hərbçi, 2 mülki) meyitini alaraq yaxınlarına təhvil vermişdir. Böyük ictimai rezonans doğurmuş hal isə 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin uzun müddət Ermənistan tərəfindən qaytarılmaması olmuşdur. Onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi isə daha çox narahatlıq yaratmışdır.
Bu prosesdə Dövlət Komissiyası gərgin anlar yaşamışdır. Həmin vaxt çox çətin və mürəkkəb bir situasiya yaranmışdı. Ancaq oktyabr ayında Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin Həştərxanda keçirilmiş görüşü məsələnin həllinə öz töhfəsini verdi. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatı imzalanmış və bundan sonra Komissiya çox vacib olan meyitlərin və girovun qaytarılması prosesini həyata keçirmişdir.
12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını qəbul edən Azərbaycan Respublikası milli qanunvericiliyinin də bu sənədə uyğunlaşdırılmasını həyata keçirmiş, 30 iyun 1995-ci il tarixdə «Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikası bu sahədə beynəlxalq sənədlərin də qəbuluna nail olmuşdur. Belə ki, Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş «İtkin düşmüş şəxslər» adlı qətnamə BMT İnsan Hüquqları Komissiyasının bir çox sessiyalarında qəbul edilmişdir.
Həmin qətnamələr dövlətləri mövcud silahlı münaqişələr zamanı beynəlxalq hüquq normalarına ciddi riayət etməyə çağırır.
Humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikasının Dövlət Komissiyası itkin düşdüyü bildirilən və BQXK tərəfindən siyahısı təqdim olunan ermənilərin də axtarışını diqqət mərkəzində saxlayır. Onların hər biri üçün ayrıca axtarış-araşdırma işi açılmış və materiallar toplanmışdır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, münaqişə başlayandan 416 nəfər erməni itkin düşmüşdür. Bu şəxslərdən 211 nəfəri Dağlıq Qarabağ bölgəsində yaşamış Azərbaycan Respublikasının vətəndaşları olmuşdur. Təhlil zamanı bu şəxslərdən 27 nəfərinin ümumiyyətlə, münaqişəyə aid olmadığı və hərbi əməliyyatların getdiyi Azərbaycan Respublikasının ərazisində itkin düşmədiyi aşkarlanmışdır (25 nəfəri Ermənistanda, 2 nəfər Gürcüstanda).
Bu illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq əlaqələri də nəzərə çarpacaq dərəcədə inkişaf etmiş, Komissiya sədri Eldar Mahmudov tərəfindən bir sıra önəmli görüşlər keçirilmiş, danışıqlar və müzakirələr aparılmışdır.
Komissiya sədri 2004-cü ildən başlayaraq BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin bütün rəhbərlərini, 2005-ci ildə BQXK-nın Şərqi Avropa Üzrə Əməliyyat İdarəsinin Başçısını, 2006-cı ildə BQXK-nın Prezidenti və qurumun Avropa üzrə əməliyyat bölməsinin rəhbərini, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi və həmin komitənin katibini, 2007-ci ildə Avropa Şurasının İnsan hüquqları üzrə Komissarını, 2008-ci ildə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini, 2009-cu ildə ölkəmizdə səfərdə olmuş Belçika Krallığının senatoru və onun rəhbərlik etdiyi nümayəndə heyətini, 2010-cu ildə Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Huquq kafedrasının müdiri, Müstəqil Dövlətlər Birliyi Antiterror Mərkəzinin koordinatorunu, 2011-ci ilin fevral ayında “Terror qurbanları Fransa Assosiasiyası”nın Baş direktoru və onun köməkçisini, həmçinin macar tarixçi alim, antropoloqu qəbul etmiş və müzakirələr aparılmışdır.
2004-2012-ci illər ərzində Dövlət Komissiyası ölkə daxilində və xaricdə keçirilmiş bir sıra önəmli tədbirlərdə təmsil olunmuş, iştirakçılara Ermənistanın Azərbaycana təcavüzü nəticəsində etnik təmizləmə, soyqırım, insanlığa və bəşəriyyətə qarşı törədilmiş digər cinayət əməlləri barədə geniş məlumatlar verilmişdir. Qeyd etmək lazımdır ki, “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü iş 2004-cü ildən sonra daha güclü, düşünülmüş və sistemləşdirilmiş şəkildə həyata keçirilməyə başlamışdır.
Azərbaycan reallıqlarının, Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün geniş işlər aparılmışdır. Ölkə daxilində isə əsasən, təhsil müəssisələrində geniş tədbirlər və elmi konfranslar təşkil edilmişdir. Ümumiyyətlə, 2004-2012-ci illər ərzində Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən çox dildə hazırlanmış iki yüz mindən artıq təbliğat vasitəsi Respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına, politoloq və konfliktoloqlara, xarici dövlət və ictimai xadimlərinə göndərilmiş, keçirilmiş tədbirlərdə yayılmışdır. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək olar ki, hamısını əhatə edir.
Komissiyanın birgə fəaliyyət göstərdiyi daha vacib bir qurum “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin birgə istintaq-əməliyyat qrupu”dur. Hazırda istintaq-əməliyyat qrupu fəaliyyətini davam etdirir və Komissiya bir qayda olaraq iclaslarında istintaq-əməliyyat qrupunun fəaliyyətini müzakirə edir.
Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar axtarışda olan ermənilərin məsuliyyətə cəlb edilə bilmələri üçün Azərbaycan Respublikasının qanunvericilik aktlarının qəbul olunması məqsədi ilə Komissiya təşəbbüslə çıxış etmişdir. Respublika rəhbərliyi tərəfindən bu təşəbbüsə dəstək verilmiş və nəticədə beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən aidiyyəti qanunvericilik aktlarının qəbul edilməsinə nail olunmuşdur.
Ermənistanın təcavüzü ilə bir vaxtda yaranmış əsir-girov və itkinlər problemi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. İsveçrənin Davos şəhərində keçirilmiş “Dünya İqtisadi Forumu” çərçivəsində, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Yakob Kellenberqerlə keçirdiyi görüş və apardığı müzakirələr bu diqqətə daha bir əsasdır. Ona görə də vətəndaşlarımız əmindirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hər bir insanımızın sonrakı taleyi aydınlaşana qədər Komissiya Vətən və Dövlət tərəfindən onun qarşısında qoyulmuş missiyanı həyata keçirəcək.
Əlbəttə ki, 20 il ərzində hər birimiz üçün çox ağır və həssas olan problemlə məşğul olmuş Dövlət Komissiyasının fəaliyyətini bir məruzəyə sığışdırmaq mümkün deyil. Bunu nəzərə alaraq, biz 20 illik fəaliyyətlə bağlı kitab və sənədli film hazırlamışıq. Hazırlanmış kitabda tarixi xronologiya və kontent analiz metodlarından istifadə edilərək Dövlət Komissiyasının fəaliyyəti ilk dəfə geniş surətdə elmi araşdırılmışdır. Hesab edirik ki, kitab beynəlxalq münasibətlər, tarix, politologiya, jurnalistika və hüquq ixtisası üzrə təhsil alan tələbə, aspirantlar, eləcə də müəllimlər, diplomatlar və Dağlıq Qarabağ münaqişəsi barədə məlumat almaq istəyən hər bir şəxs üçün maraqlı mənbə olacaq. Hər iki vəsait tanış olmaq üçün Sizə təqdim ediləcək.
Diqqətinizə görə sağ olun!!!