Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 30 yanvar 2013-cü il tarixli iclasında İşçi qrupunun rəhbəri Firudin Sadıqovun çıxışı

Hörmətli cənab sədr!
Hörmətli Komissiya üzvləri!
Hörmətli qonaqlar!

2012-ci il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirmiş və aşağıdakı nəticələri əldə etmişdir.

Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq davam etdirilmiş, dəfələrlə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələrin və onların saxlanması barədə təşkilati məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuş, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılmışdır.

2011-ci ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış «AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər aparılmışdır. Bu müddət ərzində 850 nəfər barədə anket Komissiyaya təhvil verilmiş və hər biri bazaya yüklənmişdir. Bu işdə BQXK-nın mütəxəssisi də yaxından iştirak etmişdir. Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Dövlət Komissiyasının İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 38 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə göndərilmişdi.

Bundan başqa, BQXK-nın Komissiyaya ünvanladığı 16 mart 2012-ci il tarixli məktubunda Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun Ermənistandakı nümayəndəliyinə təqdim edilmiş və guya Azərbaycanda saxlanıldığı iddia edilən 90 nəfər itkin erməniyə aid siyahı ətraflı təhlil edilmiş və tərtib olunmuş geniş məlumat Ermənistan Respublikasına göndərilmək üçün BQXK-ya təqdim edilmişdir. Təhlil nəticəsində Ermənistan tərəfinin iddiasının əsassız olduğu aydınlaşmış və bu BQXK-nın diqqətinə çatdırılmışdı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində 30 noyabr 2012-ci il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, Azərbaycan - Ermənistan sərhədində, qoşunlarının təmas xəttində növbəti humanitar aksiya həyata keçirilmişdir.

Prosesdə 12 noyabr 2012-ci il tarixdə Qazax rayonu, Alpoud kəndi istiqamətində Ermənistan hərbçiləri tətəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu azad edilmişdir. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdi. Tədbir insidentsiz başa çatsa da, Ermənistan nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə tədbir barədə açıqlama vermiş və proses günü jurnalistlərin iştirakına şərait yaratmış, görüş yerinə silahlı hərbçilərlə gəlmişlər. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşları tərəfindən yerindəcə irad bildirmiş və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan Respublikasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılmışdır. BQXK Ermənistan nümayəndələrini bu addımlardan çəkindirməyə səy göstərsə də, buna müvəffəq olmamışdır. Ermənistan nümayəndələri isə həmişə olduğu kimi “heç bir danışıq olmamışdır” kimi əsassız və humanitar etikaya sığmayan arqument gətirmişlər.

Bundan başqa, 23 yanvar 2012-ci il tarixdə Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbciləri tərəfindən əsir götürülmüş Azərbaycan hərbçisi, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu və Azərbaycan Respublikası ərazisində saxlanılmış üç Ermənistan hərbçisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkəyə göndərilmişlər.

İtkinlərin axtarışı istiqamətində aparılmış araşdırma zamanı 20 nəfərin də döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınmış və adları müvafiq siyahıya salınmışdır. 38 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılmışdır. 38 nəfərdən 5 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 26 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilmişdir. 13 nəfərin də axtarış siyahısından çıxarılması üçün tədbirlər davam etdirilir. 1 dekabr 2012-ci il tarixə olan məlumata görə, 4031 nəfər itkin düşmüş, 1402 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.

Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 33 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilmişdir. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 125 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilmişdir.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 606 nəfər barədə 961 sorğu göndərilmişdir. 1567 itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunmuşdur.

Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin İşçi qrupu tərəfindən son illərdə aparılmış axtarış-araşdırma işi nəticəsində sağ olduğu müəyyənləşdirilərək qeydiyyatan çıxarılmış Bakı şəhəri Suraxanı, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Zaqatala, Qazax rayonları və Şirvan şəhəri üzrə şəxslərə aid material və məlumatlar hazırlanaraq həmin rayonların aidiyyəti qurumlarından daxil olmuş sorğular əsasında onlara göndərilmişdir. Eyni zamanda, itkin düşmüş və əsir-girovluqdan azad edilmiş kimi qeydiyyata alınmış Bakı şəhəri Nizami, Göygöl, Balakən, Qazax, Zəngilan və Lerik rayonları üzrə şəxslərə aid material və məlumatlar hazırlanaraq bu rayonların müvafiq qurumlarından daxil olmuş sorğular əsasında onlara göndərilmişdir.

Dövlət Komissiyasının İşçi qrupu 14 aperl 2008-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahənin ən vacib elementi olan naməlum məzarlar barədə məlumatların toplanması və dəqiqləşmə işinin aparılmasını diqqət mərkəzində saxlamışdır. Bu məqsədlə il ərzində aidiyyəti qurumlara sorğular verilmiş və məlumatlar dəqiqləşdirilmişdir. Bundan başqa, Bakı şəhərində yerləşən Birinci Şəhidlər Xiyabanına baxış keçirilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 21 naməlum məzar aşkarlanaraq qeydiyyata alınmışdır.

MTN, DİN və Respublika Prokurorluğu tərəfindən yaradılmış birgə istintaq-əməliyyat qrupu ilə bu il ərzində səmərəli əməkdaşlıq davam etdirilmişdir.

2002-2011-ci illərdə əsir-girovluqdan azad edilmiş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administarsiyasından daxil olmuş məktuba əsasən məlumat hazırlanaraq müvafiq ünvana göndərilmişdir.

Azərbaycan Respublikasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyası və Baş Assambleyanın müvafiq sessiyalarında qəbul edilmiş «İtkin düşmüş şəxslər» adlı qətnamənin icrası barədə Baş Katib tərəfindən İnsan Hüquqları Şurası və Baş Assableyanın 67-ci sesiyasında hesabatın təqdim edilməsi ilə bağlı Xarici İşlər Nazirliyindən daxil olmuş sorğuya əsasən, geniş məlumat hazırlanaraq göndərilmişdir.

Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 232 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilmişdir.

İtkin düşmüş 23 vətəndaşın valideynləri tərəfindən Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılmış, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilmişdir.

İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 67 sorğu icra olunmuşdur.

Dövlət Komissiyasına müraciət etmiş 758 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunmuş, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilmiş, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilmiş, anket vərəqələri doldurulmuşdur.

Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırım cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar «Xocalıya Ədalət» kampaniyası çərçivəsində Dövlət Komissiyası silsilə tədbirlərin keşirililməsinə yardımçı olmuş və Komissiyanın əməkdaşları Belçika, Hollandiya, Türkiyə Almaniya, İtaliya və Sinqapurda keçirilmiş tədbirlərdə yaxından iştirak etmişlər.

Xocalı, Qaradağlı və Şuşanın işğalının ildönümü, 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı ölkə ərazisində keçirilmiş Respublika əhəmiyyətli və bir sıra digər tədbirlərdə də Komissiya üzvləri və İşçi qrupunun əməkdaşları fəal iştirak etmiş, bununla bağlı Komissiyada olan materiallar əsasında ictimaiyyətə əlavə məlumatlar verilmiş, çıxışlar edilmiş, kitablar və kompakt disklər yayılmışdır.

Hesabat dövründə Respublikamızda və xarici ölkələrdə keçirilmiş tədbirlərdə 1300 nüsxə Dövlət Komissiyasının materiallar toplusu (azərbaycan, rus ingilis dillərində), 6317 ədəd «Erməni terroru», «Преступление армянских террористических и бандитских формираваний против человечества», «Bizi əsirlikdən qurtarın», “QSM-7 təsdiq edir”, «Qarabağ: dünən, bu gün fotoşəklillərdə» adlı kitablar, 18127 ədəd isə kitabların DVD versiyası yayılmışdır. Bu işdə Komissiyanın üzvləri, dövlət və qeyri-hökumət təşkilatları yaxından iştirak etmişlər.

Ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq məlumatlar yayılmış, Komissiyanın gördüyü işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir.

İnternet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılmış, materiallar göndərilmiş (o cümlədən video və fotofaktlar), şəbəkədə olan məlumatlar nəzərdən keçirilmiş, əhəmiyyətli materiallar təhlil edilərək öyrənilmiş və arxivləşdirilmişdir.

Dövlət Komissiyasına müraciət etmiş 21 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilmişdir.

Hesabat dövründə Dövlət Komissiyasına 943 sənəd daxil olmuş, 2015 məktub (sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyətı üzrə göndərilmişdir.

Hörmətli Sədr!
Hörmətli Komissiya üzvləri!

Qarşımıza qoyulmuş vəzifələrin icrası istiqamətində görüləsi işlər çoxdur. Sizi əmin edirik ki, səylərimizi artıracaq və bizə olan etimadı bundan sonra da doğrultmağa çalışacağıq.

Diqqətinizə görə sağ olun!