25 Fevral 2020
Azərbaycan Respublikası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının
M Ə L U M A T I
Anım mərasimi Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Mədəniyyəti Muzeyi, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları muzeydə Xocalı soyqırımından bəhs edən sərgi ilə tanış olublar.
Mərasim Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra pianoçu Rasim Pirməmmədov və kamança ifaçısı Şəbnəm Hüseynlinin müşayiəti ilə faciəyə həsr olunan ədəbi-musiqili kompozisiya təqdim olunub. GAİM-in tələbələri “Mən Xocalıyam" sözləri ilə faciə ilə bağlı faktları Azərbaycan və gürcü dillərində səsləndiriblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxışında bildirib ki, Xocalı qətliamı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bildirib ki, Xocalı qurbanlarını yad etmək dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının mənəvi borcudur.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışıb, Xocalı soyqırımının da həmin ssenarinin davamı və ən acı nəticəsi olduğunu bildirib. O deyib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən ağır faciədir. Bu faciə dəhşətinə görə Holokost cinayəti ilə eyni tutula bilər.
Diplomat Gürcüstan parlamentində də Xocalı faciəsi ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib, Gürcüstanın da bu qətliamı soyqırımı kimi tanıyacağına ümidvar olduğunu bildirib.
D.Həsənov daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində əldə olunan nailiyyətlərdən də danışıb, müasir gəncləri bu aksiyada daha fəal iştiraka dəvət edib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, məlum aprel döyüşləri və Azərbaycan Prezidentinin Münxendə keçirilən müzakirələrdə N.Paşinyan üzərindəki siyasi qələbəsi bunu deməyə əsas verir.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Cəmilağa Ağayev çıxışında deyib ki, Xocalı faciəsi insanlığa qarşı aşkar törədilən cinayətdir. Bildirib ki, Xocalı hadisələrində Ermənistan silahlı birləşmələrinin qeyri-insani əməlləri barədə təkzibolunmaz faktlar mövcuddur.
Bəzi statistik məlumatları diqqətə çatdıran C.Ağayev deyib ki, Xocalı soyqırımı zamanı 196 nəfər itkin düşmüş şəxs Dövlət Komissiyasının qeydiyyatındadır. Həmin şəxslər arasında 36 nəfər uşaq, 65 nəfər qadın, 34 nəfər qoca var: “İtkin düşmüş 196 nəfərdən 95 nəfərinin işğal zamanı əsir, girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilib.
O, Xocalının işğalı zamanı ermənilər tərəfindən əsir, girov götürülmüş və sonradan müxtəlif yollarla azad edilmiş 413 nəfərin hadisə ilə bağlı həm yazılı, həm də video ifadələri alınaraq Dövlət Komissiyasında arxivləşdirildiyini də diqqətə çatdırıb.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çıxışında qeyd edib ki, ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətlər, xüsusən də Xocalı faciəsi ilə bağlı həqiqətlər daha geniş yayılmalı, Gürcüstan ictimaiyyəti daha çox məlumatlandırılmalıdır.
Parlamentin digər deputatı Mahir Dərziyev də çıxışında Azərbaycanın haqq səsinin müdafiə olunması üçün bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
Mərasimdə digər çıxış edənlər Xocalı soyqırımı ilə bağlı fikrilərini bölüşüblər.
Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımına həsr olunan “Bitməyən əzab” filmi nümayiş etdirilib.
Mərasimdə azərbaycanlı və gürcü gənclər, ziyalılar, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Xocalı mövzusunda fotoşəkillər və kitablar da sərgilənib.