Eldar Səmədov: “İndiki mərhələdə ən vacib məsələ itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır.
10 Dekabr 2018
Dekabrın 10-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməllərinə həsr olunan konfrans keçirib.
10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən konfransda iştirakçılar əvvəlcə Dövlət Komissiyasının hazırladığı və nəşr etdirdiyi, Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərini əks etdirən fotostend və əyani vəsaitlərlə tanış olublar.
Tədbirin keçirilməsində məqsəd Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri, o cümlədən əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə tələbə-gənclərin məlumatlandırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də səmavi dinlərdə silahlı münaqişələrə, xüsusən də müharibə qurbanlarına münasibətlə bağlı müzakirə aparmaqdır.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Хocalı soyqırımı, bütövlükdə Qarabağ müharibəsi zamanı хalqımızın başına gətirilən müsibətlər barədə həqiqətləri ən yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdıqlarını vurğulayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov məruzəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.
Eldar Səmədov diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir və girovluğundan azad edilib. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan üç azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır. Eyni zamanda, Azərbaycan tərəfində erməni mənşəli üç şəxs saxlanılır. Azərbaycan hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad olunması üçün zəruri tədbirləri davam etdirir. Onların azad edilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
İşçi qrupu rəhbərinin müavini qeyd edib ki, dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Söhbət zamanı, həmçinin Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, dəyişdirmə “hamının hamıya” prinsipi əsasında tam həyata keçirilməli, Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilənlərin arasında olmalıdır. Humanist xarakter daşıyan belə addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir. Ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
“İndiki mərhələdə ən vacib məsələ Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə əsasən, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələrin saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. Prosesin başlandığı 2014-cü ildən ötən müddətdə 1943 itkinlə bağlı 5889 nümunə toplanıb”, - deyə E.Səmədov bildirib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışıb. O, bu cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayaraq, bu yöndə görülən işlərdən bəhs edib.
Yazıçı-publisist, müstəqil jurnalist Səriyyə Cəfərova “Xocalı soyqırımı zamanı əsir və itkin düşmüş şəxslərin taleyi” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkinlərin axtarışı və sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Sonra məruzələr ətrafında çıxışlar dinlənilib, tələbələrin sualları cavablandırılıb.
Sonda Dövlət Komissiyasının materialları əsasında çəkilmiş “Sərhəd” sənədli filmi nümayiş olunub.