Fevralın 22-də AMEA-nın İqtisadiyyat İnstitutunda tədbir keçirildi...
22 Fevral 2018
Fevralın 22-də AMEA İqtisadiyyat İnstitutu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və AMEA Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayətdir”adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxanada Dövlət Komissiyasının İşçi qrupu tərəfindən nəşr edilmiş əyani vəsaitlərlə (kitablar, DVD-lər), foto-stendlə tanış olublar.
Tədbiri giriş sözü ilə AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib...
Rəsmiyyə Abdullayeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunlarıtərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan atəş açılmış, şəhər yandırılmış, silahsız şəhər sakinləri amansızlıqla qətlə yetirilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə müqayisə oluna bilər. Çünki burada baş verənlər silahsız və köməksiz sadə insanlara qarşı əsl soyqırımı hadisəsidir. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca insanlar idi. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
R.Abdullayeva qeyd edib ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq. Tariximizin belə acı səhifələrini gələcək nəsillərə də çatdırmalıyıq ki, dostlarımızı və düşmənlərimizi tanıyaq, bir olaq, bütöv olaq, dövlətçiliyimizi, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı faciəsi ilə bağlı xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" da Azərbaycan Prezidenti tərəfindən Fərman verilmişdir.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girov, itkin problemi”, mövzusunda çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror, soyqırımı, etnik təmizləmə, vandalizm və əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüququq normalarının pozulması faktları barədə konkret misallarla məlumat verdi. Eldar Səmədov Xocalı soyqırımı zamanı 197 nəfərin itkin düşmüş şəxs kimi hazırda Dövlət Komissiyasında qeydiyyatda olduğunu, onlardan 95 nəfərinin əsir-girov götürülməsi və saxlanması barədə məlumatların olduğunu da diqqətə çatdırdı.
Sonra AMEA Mərkəzi Elmi Kitabxananın “Beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Mübariz Göyüşlü "Xocalı faciəsi yerli və dünya mediasında", İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri Tanrıverdi Paşa “Xocalı soyqırımı XX əsrdə xalqımızın ən böyük faciəsi və erməni seperatizmini dəstəkləyən supergüclərin ifşasıdır” mövzularında məruzə ilə çıxış ediblər.
Xalqımızın öz tarixi torpaqlarına qayıdacağına inamını ifadə edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli iki gün davam edən aprel döyüşlərində ordumuzun buna qadir olduğunu sübut etdiyini, şəhidlərimizin qanının yerdə qalmayacağını, tezliklə bütün işğal altındakı torpaqların azad ediləcəyini bildirib.
Məruzəçilər hazırda Xocalı soyqırımının dünyada tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu hücum diplomatiyası siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi göstərildiyini qeyd etdilər. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımların atıldığını bildirdilər.
Xüsusən bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən aparılan işlərin təqdirəlayiq olduğu vurğulanmışdır. 2008-ci il mayın 8-də, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının təsis edilməsi isə bu soyqırımının dünyada tanınmasına, beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə ciddi təkan vermişdir. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş kampaniya bir sıra ölkələrdə uğurla həyata keçirilir.
Tədbir iştirakçıları aparılan sistemli fəaliyyət nəticəsində Xocalı soyqırımının təşkilatçıları və icraçılarının beynəlxalq cinayət hüququ müstəvisində layiqli cəzalarına alacaqlarına inam ifadə etdilər.