A R A Y I Ş

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin göstərişinə əsasən, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının tapılması, eyniləşdirilməsi və qaytarılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət aşağıdakı tərkibdə nümayəndə heyəti cari ilin 2-5 oktyabr tarixlərində Bosniya və Herseqovina Respublikasının (BHR) Sarayevo, Tuzla və Srebrenitsa şəhərlərində təşkil olunmuş təlim-kursda iştirak etmişdir:

- Namiq Efendiyev - Dövlət Komissiyası İşçi qrupunun böyük referenti;
- Nərgiz Əliyeva - Dövlət Komissiyası İşçi qrupunun böyük referenti;
- Günay Hacıyeva - Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi kriminalistika şöbəsinin ekspert-kriminalisti.

Təlim-kurs Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hərtərəfli dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir. 2 oktyabr 2017-ci il tarixdə BQXK-nın Sarayevo Nüməyəndəliyinin ofisində keçirilən ilk görüşdə, nümayəndəliyin başçısı Zeljko Filipoviç BQXK-nın Sarayevo Nümayəndəliyinin əsasının 1992-ci ildə bölgədə yaşayan xorvatlar, serblər və boşnaklar arasında başlanmış silahlı münaqişədən sonra qoyulduğunu bildirmişdir.

Bosniya və Hersoqovina Respublikasında itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan aşağıdakı strukturlar sistemi mövcuddur:
- Beynəlxalq Qızıl Xaç Komitəsi;
- İtkin düşmüş şəxslər üzrə İnstitut;
- İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya;
- Respublika Prokurorluğu;
- İtkin ailələrinin Assosiasiyası.
Müharibədən sonra itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi məqsədi ilə BQXK-nın himayəsi altında münaqişədə olmuş bütün tərəflərin daxil olduğu İşçi qruplar yaradılmışdır. Axtarış zamanı istənilən nəticələr verməyən ənənəvi və problemlərin həll edilməsinə böyük köməyi olmuş DNT metodlarından istifadə edilmişdir.
Azərbaycan nümayəndə heyəti tərəfindən görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələri və terrorçu-quldur dəstələri tərəfindən törədilmiş etnik təmizləmə, soyqırımı, əsir-girov götürülmüş vətəndaşlarımıza qarşı münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması haqqında məlumat verildi.

Bildirildi ki, 1440 nəfər əsir-girovluqdan azad edilsə də, hazırda 3874 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Dövlət Komissiyasının Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlığına, eyni zamanda 2008-ci ildə imzalanmış ”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişinə uyğun olaraq, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və xüsusi qaydada saxlanması işi uğurla həyata keçirilir.

İtkin ailələri Assosiasiyasının prezidenti, qurumun bölgə əlaqələndirmə şurasının rəhbəri Ema Çekiç, “Srebrenitsa və Jepa anklavları anaları” hərəkatının prezidenti Munira Subaşiç, Sarayevo-Romanya regionu üzrə “Əsir düşmüş və həlak olmuş əsgər ailələri və itkin düşmüş şəxslər” üzrə təşkilatın prezidenti Milka Kokot, “Podrınye-Bratunats qadınları Assosiasiyası”nın vitse-prezidenti Şurra Sinanoviçlə keçirilmiş görüşdə onlar itkin düşmüş şəxslərlin axtarışı ilə bağlı beynəlxalq səviyyədə keçirdikləri görüşlər barədə məlumat verdilər. Münaqişə zamanı Srebrenitsada 10071 itkin düşmüş şəxsdən 8372 nəfərin meyit qalıqlarının identifikasiya olunaraq ailəsinə qaytarıldığı qeyd olundu.

Həmin gün nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və dəstəyi ilə Xocalı soyqırımı və Srebrenitsa qurbanlarının xatirəsinə salınmış parkda oldu, abidəninin önünə gül dəstələri qoyuldu. Sarayevo şəhərindəki “Bakı” küçəsi ilə tanışlıq oldu.

3 oktyabr 2017-ci il tarixdə Sarayevo şəhərində İtkin düşmüş şəxslər üzrə İnstitutun (MPİ) Direktorlar Şurasının üzvləri - Nikola Perişiç, Amor Maşoviç, Marko Curişiçlə görüş keçirildi. Perişiç bildirdi ki, institut 2008-ci ildə BHR Nazirlər Şurası və itkin düşmüş şəxslər uzrə Beynəlxalq Komissiyanın təşəbbüsü ilə yaradılmışdır.

Nümayəndə heyəti ölkəmizdə itkin düşmüş şəxslərlə bağlı həyata keçirilən tədbirlərin hazırkı mərhələsi barədə məlumat verdi. Eyni zamanda, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması, məlumat bazasının yaradılması, itkin ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ücün dövlət dəstəyinin olduğu nəzərə çatdırıldı.

3 oktyabr 2017-ci il tarixdə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın mənzil-qərargahında və DNT laboratoriyasında aparılan işlərlə tanışlıq oldu. Qərbi Balkan bölgəsi üzrə proqramın əməkdaşı Nihad Brankoviç komissiyanın yaranma səbəbi və məqsədi barədə məlumat verdi. Komissiya hökumətə itkin düşmüş şəxslərin taleyini qərəzsiz və uğurla araşdıran və identifikasiya edən institutun yaradılmasında və qanunvericiliyin hazırlanmasında köməklik göstərir. Komissiya həmçinin, beynəlxalq hüquq çərçivəsində yerli və beynəlxalq məhkəmə orqanlarına insanlığa qarşı törədılmiş soyqırımı və digər cinayətlər üzrə ekspert ifadələrinin sənədləşdirilməsində yaxından yardım edir.

Komissiyanın DNT laboratoriyasında şöbəsi rəisinin müavini Ana Biliç nümünələrin toplanması və onun vasitəsi ilə identifikasiya prosesini əyani şəkildə iştirakçılara təqdim etdi. Nümayəndə heyəti proqram çərçivəsində, həmçinin Bosniya və Herseqovina Respublikasının Qaçqınlar və İnsan haqqları üzrə nazirinin köməkçisi Salixa Cuceriya və insan haqqları üzrə departament rəhbəri Minka Smayeviçlə görüşdü. Nazirliyin nüməyəndəsi bildirdi ki, Bosniya ilk ölkədir ki, itkin düşmüş şəxslərin problemi qanunvericilikdə öz əksini tapmışdır. Ölkənin itkin düşmüş şəxslər haqqında qanununda hansı orqanların bu məsələdə səlahiyyətli olduğu, dövlətin vəzifələri və müharibə qurbanlarının hüquqları təsbit edilmişdir. 4 oktyabr 2017-ci il tarixdə Tuzla şəhərində “Qərbi Balkan” proqramı üzrə məlumatların əlaqələndirmə şöbəsinin rəhbəri (DNT üzrə) Pakiza Çolo səmimi görüşdən sonra heyəti oradakı laboratoriya, itkin düşmüş şəxslər haqqında məlumatların saxlandığı arxivlə tanış etdi. İtkin düşmüş şəxslərin yaxın qohumlarından götürülmüş qan nümunəsinin və sümük qalıqlarının təhlili və DNT formulalarının təyin edilməsinin mərhələli olması və bununla bağlı inzibatı işlərin necə həyata keçirildiyi barədə məlumat verdi.

Daha sonra nümayəndə heyəti Tuzla şəhərində yerləşən və 1995-ci ildə Srebrenitsada itkin düşmüş şəxslərin sümük qalıqları ilə bağlı Podqrinye identifikasiya layihəsi obyektində oldu. Antropologiya və Arxeologiya şöbəsinin baş məhkəmə antropoloqu Draqana Vuçetiç Srebrenitsada törədilmiş soyqırımı zamanı qətlə yetirilmiş və kütləvi şəkildə dəfn edilmiş şəxslərin müəyyənləşdirilməsi və ekshumasiyası ilə bağlı məhkəmə ekspertizası üzrə ekspert, antropoloq və arxeoloqların iş prosesi barədə məlumat verdi.

5 oktyabr 2017-ci il tarixdə Srebrenitsa qurbanlarının xatirəsini əbədiləşdirmək ücün salınmış Potoçari Memorial Mərkəzdə dəfn edilmiş şəxslərin məzarlığı ziyarət edildi. Memorialı ziyarət xidmətinin rəhbəri Amra Beqiç məzarlıq haqqında məlumat verdi. O, 8372 nəfərin şəxsiyyətinin müəyyən olunaraq dəfn edildiyini bildirdi. Eyni zamanda, Memorial mərkəzinin nəzdində yeni açılmış Muzeydə tarixi stendlərlə yanaşı, soyqırımı faktlarını əks etdirən filmə baxış oldu.

Təlim-kurs zamanı nümayəndə heyəti ilk növbədə Bosniya və Hersoqovina Respublikasında itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan yerli və beynəlxalq strukturların sistemli və əlaqəli fəaliyyətinin şahidi olmuşdur.

Səfər müddətində, nümayəndə heyətinə Azərbaycan Respublikasının Bosniya və Herseqovina Respublikasındakı Diplomatik nümayəndəliyi tərəfindən avtonəqliyyat vasitələri ayrılmış, müşayiət edilmiş, hər bir məsələdə diqqət və köməklik göstərilmişdir.