19 Yanvar 2017
19 yanvar 2017-ci il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşr edilmiş “Qətl edilmiş uşaqlar” adlı kitabın Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Birliyin sədri, əməkdar incəsənət xadimi, millət vəkili Anar açmış, təqdim olunan kitabın Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən qətlə yetirildiyi Azərbaycanlı uşaqlardan bəhs etdiyini bildirmiş və nəşrin ciddi əhəmiyyət daşıdığını bildirmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov Komissiya Sədri cənab Mədət Quliyevin adından iştirakçıları salamlayaraq tədbirin təşkilinə görə, görkəmli yazıçı Anara təşəkkürünü bildirdi.
Müharibənin xarakterində qəddarlığın dayandığını, və insanlığın arzu edilməz kəşfi olduğunu bildirən İ.Axundov döyüşlər zamanı daha çox bölgədə yaşayan günahsız əhalinin əzab və işgəncələrə düçar edildiyini bu konteksdə əsas ağırlığın isə məhz uşaqların üzərinə düşdüyünü qeyd etdi. Onların daha çox itirdiyini, başlıcası isə uşaqlıqlarını itirdiyini vurğuladı. Bu baxımdan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz xarakterik xüsusiyyətləri ilə fərqləndiyini, bəlkə də digər müharibələrdə hədəf bir başa uşaqlar olmasa da, Dağlıq Qarabağ münaqişəsində ermənilər tərəfindən əsas hədəflərdən birinin elə dinc əhali və uşaqlar olduğunu, bunu Dövlət Komissiyasında toplanmış çoxsaylı faktların da sübut etdiyini bildirdi.
Kitabın müharibə qurbanları ilə bağlı məsələlərin və ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyəti kəsb etdiyinin nəzərə alaraq Komissiya sədri tərəfindən çapına göstəriş verildiyini, gələcəkdə bir neçə dilə tərcümə olunaraq daha nəfis şəkildə nəşr olunacağını qeyd etdi.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış 3867 nəfərdən 62 nəfərinin təəssüf ki, uşaqlar olduğunu bildirən İ.Axundov onlardan 29 nəfərinin Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və aidiyyəti beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılması barədə şahid ifadələrinin mövcudluğunu təəssüflə vurğuladı.
Ermənistan Respublikasının «Müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyalarını tələblərini kobud surətdə pozaraq, Azərbaycan vətəndaşlarına qarşı məqsədli terror, soyqırımı, etnik təmizləmə siyasəti yeritdiyini bildirən İşçi qrupunun rəhbəri, bununla yanaşı, artıq erməni ziyalıların Xocalıda soyqırım törədildiyini etiraf etməyə başladığını, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə “hücum diplomatiyası” taktikasının tətbiq edilməsinin, eyni zamanda Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış Xocalıya ədalət kompaniyasının bu sahədə əsas rol oynadığını xüsusi qeyd etdi.
O, bir neçə gün əvvəl erməni millətçilərinin sosial şəbəkələrdə ABŞ-da yaşayan erməni yazıçı Anna Paytyana qarşı hədələmə kompaniyasına başladığını, erməni yazıçının qorxmadan Xocalı soyqırımının qatillərinə, xüsusən də indiki Ermənistan Prezidenti Serj Sarksyana cəza tələb etməsinin buna səbəb olduğunu bildirdi. İ.Axundov S.Sarksyanın Xocalı soyqırımının əsas qatili olduğunu vurğulayan Anna Paytyanın: “Azərbaycanlı uşağı qətlə yetirən erməni uşağı da qətlə yetirər” deyərək ona və digər qatillərə ölüm hökmü tələb etdiyini bildirdi.
Sonda İ. Axundov Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri barədə Komissiyada xeyli sayda materiallar toplandığını, gənc yazıçılara həmin materiallarla tanış olaraq həqiqətləri həm bədii, həm də digər janrlarda qələmə almağa dəvət etdi.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin birinci katibi xalq şairi Fikrət Qoca, xalq şairi Nəriman Həsənzadə, millət vəkili, akademik Nizami Cəfərov, millət vəkili, yazıçı Aqil Abbas, yazıçılar birliyinin katibi, Dövlət Komissiyasının üzvü Rəşad Məcid və digərləri nəşrin əhəmiyyətindən danışdılar və bu cür materialların daha çox çap edilərək, yayılmasının zəruriliyini vurğuladılar.