25 Oktyabr 2016
Beynəlxalq humanitar hüquq sahəsində Azərbaycan Respublikasının qoşulduğu konvensiyalardan irəli gələn öhdəliklərlə bağlı məqamların aidiyyəti strukturların diqqətinə çatdırılmasının zəruriliyi barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 iyul 2016-cı il tarixli iclasında Komissiya Sədri cənab Mədət Quliyevin verdiyi tapşırıqlara uyğun olaraq tədbirlər davam etdirilir.
Razılaşdırılmış plana əsasən, mövzu üzrə növbəti tədbir 21 oktyabr 2016-cı il tarixdə Müdafiə Nazirliyi ilə birlikdə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində yerləşən “N” saylı hərbi hissədə keçirilmişdir.
Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov hərbi hissənin şəxsi heyətinə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar problem və onun nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasında həyata keçirilmiş işlər barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, münaqişənin başlandığı vaxtdan etibarən Ermənistan Respublikasının beynəlxalq humanitar hüquq normalarını pozmaq xətti götürməsi və humanitar problemi siyasiləşdirmək cəhdləri əsir-girov və itkinlər məsələsinin həllinə mane olmuşdur. Müstəqilliyinin ilk illərində Ermənistanın hərbi təcavüzü və işğalın yaratdığı humanitar problemlə üz-üzə qalan Azərbaycan Respublikasında 1993-cü ildə mərkəzləşmiş Dövlət orqanı olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmışdır. Respublikamız elə həmin il beynəlxalq humanitar hüququn əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə və 14 may 1954-cü il tarixli Haaqa Konvensiyalarına qoşulmuş, bu sənədlərlə bağlı müvafiq qanunların qəbulu, aidiyyəti normativ sənədlərdə uyğunlaşmanın aparılması istiqamətində işlər görülmüşdür. O, deyilənlərə misal olaraq «Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında» (30 iyun 1995-i il) və digər bu xarakterli qanun və qərarların qəbul olunduğunu qeyd etmişdir.
Cari ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş döyüşlərə toxunan E.Səmədov hərbi əməliyyat zamanı düşmənin layiqli cəzasını aldığını bildirmiş, ancaq cəbhə bölgəsindəki uğursuzluqlarını Ermənistan ictimaiyyətindən gizlətmək və daxili ictimai rəyin yayındırılmasına hesablanmış bəyanatlar yayaraq, guya Azərbaycan Ordusunun humanitar hüquq normalarını pozması barədə yüksək tribunalardan heç bir əsası olmayan fikirlər səsləndirdiyini diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, əvvəllər olduğu kimi son hadisələr zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarına hörmətsiz yanaşmış, müharibə qaydalarına və adi insani dəyərlərə hörmətsizlik edərək şəhid olmuş Azərbaycan hərbçilərinə qarşı qeyri-insani davranış sərgiləmiş, eyni zamanda məqsədyönlü şəkildə mülki əhalini hədəfə almışdır.
İşçi qrupu rəhbərinin müavini Respublikamızın qoşulduğu beynəlxalq konvensiyalara daim hörmətlə yanaşaraq onlara əməl etdiyini, bu prinsiplərin davamlı şəkildə qoşunların qarşıdurma xəttində xidmət keçən əsgər və zabitlərin diqqətinə çatdırılmasının zəruriliyini bildirmiş, hərbi hissəyə əyani vəsaitlər təqdim etmişdir.
Tədbirdə eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları da iştirak etmiş, beynəlxalq humanitar hüququn tarixi və inkişafı, qurumun Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki fəaliyyəti barədə məlumat vermiş, bu sahə ilə bağlı slaydın təqdimatı keçirilmişdir.
Sonda mövzu üzrə hərbçiləri maraqlandıran suallar cavablandırılmışdır.