Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu əməkdaşlarının Xorvatiya Respublikasına ezamiyyətinin nəticələrinə dair.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin göstərişinə uyğun olaraq, itkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və işdə tətbiqi üçün Xorvatiya Respublikasının analoji qurumu ilə əlaqələr yaradılmışdır. Bununla bağlı Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, 08-12 oktyabr 2016-cı il tarixlərində İşçi qrupunun əməkdaşları Xorvatiya Respublikasına ezam olunmuşlar.
Nümayəndə heyəti 10 oktyabr 2016-cı il tarixində Xorvatiya Respublikasının Veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyasının sədri cənab Stjepan Suçiç tərəfindən qəbul edilmişdir.

Cənab Stjepan Suçiç Azərbaycan nümayəndə heyətini salamlayaraq Yuqoslaviyanın parçalanması nəticəsində regionda baş vermiş etnik münaqişələrinin səbəbləri və doğurduğu humanitar problemlər, Xorvat xalqına qarşı törədilmiş müharibə cinayətləri haqqında məlumat verdi. Qeyd edildi ki, 1991-1995-ci illərdə Xorvatiya Respublikasında 56 dəfə əsir-girovların dəyişdirilməsi prosesi həyata keçirilmiş və 7666 nəfər azad edilmişdir. Ümumilikdə 149 kütləvi, 1200 fərdi məzar yeri tapılmış, 5059 insanın qalığı ekshumasiya edilmiş, onlardan 81.5%-i identifikasiya edilərək şəxsiyyəti müəyyən olunmuşdur. Eyni zamanda, II dünya müharibəsində həlak olmuş insanlarla bağlı 59 kütləvi məzar yeri müəyyənləşdirilmiş, 998 insanın qalıqları ekshumasiya edilmiş, onlardan 773 nəfərinin qalıqları dəfn olunmuşdur.

Sonra Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçı qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin salamlarını cənab Stjepan Suçiçə və görüş iştirakçılarına çatdırdı, səmimi qəbula görə təşəkkür etdi.

E.Səmədov görüş iştirakçılarına Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və yaranma səbəbləri, erməni silahlı qüvvələri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror, etnik təmizləmə, soyqırım, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüququ normalarının pozulması siyasəti haqqında ətraflı məlumat verdi. İştirakçılarının diqqətinə çatdırıldı ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması tələb edilsə də, Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsi hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmaqdadır.

Vurğulandı ki, Azərbaycan Respublikasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılmış və həmin ildən etibarən əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı işində iştirak etmiş və bu sahədə mərkəzləşmiş siyasəti həyata keçirmişdir. Bildirildi ki, Azərbaycan Respublikası daim humanitar məsələlərin həllində konstruktiv mövqe tutmuş, ölkə vətəndaşları ilə yanaşı, erməni milliyyətindən olan şəxslərin də işi ilə məşğul olmuş, onların öz ailələrinə qaytarılmasını təmin etmişdir. Münaqişəni başlamış Ermənistan Respublikası isə bir qayda olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirmiş, humanitar məsələni siyasiləşdirməyə çalışmışdır. E.Səmədov buna misal olaraq 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisinə getmiş Respublika vətəndaşları - Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni silahlı birləşmələri tərəfindən girov götürülməsi, Həsən Həsənovun isə qətlə yetirilməsi faktını göstərdi.

Daha sonra E.Səmədov Dövlət Komissiyasının fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Bildirildi ki, münaqişə müddətində 6 minə yaxın insan itkin düşmüş, əsir-girov götürülmüşdür. 1437 nəfər əsir-girovluqdan azad edilsə də, hazırda 3824 nəfər Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. İtkin düşmüş şəxslərin axtarışı istiqamətində Dövlət Komissiyasının bir sıra beynəlxalq təşkilatlarla, əsasən də Beynəlxalq Qızıl Xaş Komitəsi ilə yaxından əməkdaşlıq etdiyi qeyd olundu. Bu sahədə vacib addım kimi o, əməkdaşlıq çərçivəsində BQXK və Dövlət Komissiyası arasında 2008-ci ildə imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və xüsusi qaydada saxlanması işinin həyata keçirildiyini bildirdi.

E.Səmədov diqqətə çatdırdı ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğal altında saxlanılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin və onun yaratdığı humanitar nəticələrin həll edilməsinin qarşısında ən böyük maneə olmaqla yanaşı, itkin düşmüş şəxslərin axtarışı sahəsinə ciddi əngəllər yaradır.

E.Səmədov səmimi qəbula və ətraflı məlumata görə, bir daha təşəkkürünü bildirdi, təcrübə mübadiləsinin dərinləşməsi və əməkdaşlığın davam etdirilməsi məqsədilə Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin adından Veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyanın sədri Stjepan Suçiçi və Xorvatiya Respublikasının nümayəndə heyətini Azərbaycan Respublikasına dəvət etdi.

Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən gətirilmiş kitablar və digər vəsaitlər cənab Stjepan Suçiçə təqdim edildi.

Görüş Veteranlar Nazirliyinin İtkin düşmüş və saxlanılan şəxslərin axtarışı üzrə idarəsinin fəaliyyəti haqqında geniş məlumatın verilməsi ilə davam etdirildi. Azərbaycan nümayəndə heyəti üçün İtkin düşmüş və saxlanılan şəxslərin axtarışı üzrə idarənin fəaliyyəti haqqında 41 slayddan ibarət təqdimat keçirildi.

Təqdimatın ilk hissəsi Veteranlar nazirinin müavini, İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyasının sədri cənab Stjepan Suçiç tərəfindən keçirildi. S.Suçiç idarənin visionu, missiyası, yaranması və inkişafı tarixi, fəaliyyətində əsaslandığı yerli və beynəlxalq hüquqi baza, o cümlədən idarənin daxili strukturu haqqında ətraflı danışdı. Qeyd edildi ki, bütün mümkün və əlçatan insan və maddi resurslardan istifadə etməklə, dünya miqyasında tətbiq edilə bilən itkin düşmüş şəxslərin axtarışı modelinin yaradılması idarənin əsas missiyasıdır. Bildirildi ki, vətən müharibəsi (1991-1995 illərdə) Xorvatiyada 18 000 insanın əsir-girov götürülməsi, itkin düşməsi ilə nəticələnmişdir. Bu səbəbdən də 1991-ci ildə Xorvatiyada itkin düşmüş şəxslərin axtarışı üzrə institusional mexanizm yaradılmış, 1993-cü ildə 2004-cü ilədək bu qurum İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyası, 2004-cü ildən isə Veteranlar Nazirliyin İtkin Düşmüş və saxlanılan şəxslər üzrə İdarəsi kimi fəaliyyət göstərir. 2013-cü ildən İdarənin nəzdində II dünya müharibəsi və müharibədən sonrakı dövrdə itkin düşmüş şəxslərlə əlaqədar departament yaradılmışdır. Daha sonra cənab S.Suçiç Veteranlar Nazirliyinin strukturu, idarənin fəaliyyətinin hüquqi əsasları haqqında geniş məlumat verdi. Vurğulandı ki, nazirliyin tərkibində hüquq, itkin düşmüş və saxlanılan şəxslər və Xorvatiya vətən müharibəsi veteranları və onların ailə üzvləri idarələri fəaliyyət göstərir. İtkin düşmüş və saxlanılan şəxslərin axtarışı idarəsi iki departamenti - vətən müharibəsi zamanı itkin düşmüş və saxlanılan şəxslərin axtarışı və II dünya müharibəsi və müharibədən sonrakı dövr qurbanları departamentlərini - özündə birləşdirir. İdarə müharibə dövründə və müharibədən sonrakı dövrdə əsirlərin dəyişdirilməsi fəaliyyətini koordinasiya etmiş, o cümlədən itkin düşmüş şəxslərin axtarışını, bununla bağlı administrativ məsələləri, aşkar edilmiş insan qalıqlarının ekshumasiyası və identifikasiyasını həyata keçirmişdir.

Qeyd edildi ki, idarə öz fəaliyyətində Müharibə qurbanları haqqında 1949-cu il Cenevrə Konvensiyasına və onlara 1977-ci il əlavə protokollarına, Zorakılıq nəticəsində yoxa çıxmış şəxslərin müdafiəsi haqqında Beynəlxalq Konvensiyaya (BMT 2007), Avropa Şurası Parlament Assambleyasının 2013-cü ildə qəbul etdiyi “Avropa Münaqişələrində itkin düşmüş şəxslər: humanitar həllin tapılması üçün uzun yol” adlı qətnaməyə, Hərbi münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsində ölkələrin rolu və insan hüquqlarının pozulması haqqında bəyannaməyə (2014), qonşu ölkələrlə bağlanılmış qarşılıqlı müqavilələrə (Almaniya, İtaliya, Sloveniya) və Xorvatiya Respublikasının yerli qanunvericiliyinə əsaslanır.

Sonra təqdimat Veteranlar naziri müavininin müşaviri Denis Dekloviç tərəfindən davam etdirildi. D.Dekloviç təmsil etdiyi idarə tərəfindən hazırlanan itkin düşmüş şəxslərin axtarışı metodologiyası haqqında ətraflı məlumat verdi. Bildirildi ki, idarə tərəfindən formalaşdırılan metodologiya 12 əsas mərhələni – informasiyanın toplanması, itkin düşmüş şəxslər haqqında məlumat bazasının yaradılması, informasiyanın emalı və departamentlər arası əməkdaşlıq, ərazinin ziyarət edilməsi, sınaq qazıntısı, qazıntı, insan qalıqlarının müayinəsi, müvəqqəti qayğı, yekun identifikasiya, dəfnetmə, insan qalıqlarının müvəqqəti yerləşdirilməsi, kütləvi məzarların əbədiləşdirilməsi mərhələlərini – özündə birləşdirir. D.Dekloviç tərəfindən hər bir mərhələ haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, informasiyanın toplanılması mərhələsində bütün mümkün və əlçatan mənbələrdən - Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlardan, vətən müharibəsi məsələləri ilə bağlı Serbiya, Bosniya və Hersoqovina Respublikası ilə, 2-ci dünya müharibəsi qurbanları ilə əlaqədar Almaniya, İtaliya və Sloveniya ilə bağlanmış ikitərəfli müqavilələr əsasında daxil olan informasiyalardan, BQXK və İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən informasiyalar toplanılır, itkin düşmüş şəxslərin sənədləşdirilməsi və dəfn edilməsi, insan qalıqlarının təhvil verilməsi, əsirlərin dəyişdirilməsi sahələrində digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq edilir. Göstərildi ki, Xorvatiya Respublikasında itkin düşmüş şəxslər haqqında məlumatlar BQXK tələblərinə uyğun şəkildə hazırlanan və yüksək beynəlxalq standartlara cavab verən məlumat bazasında saxlanılır. Əldə edilən məlumatların dəqiqləşdirilməsi üçün anti-mortem məlumat bazası və xüsusi sorğu blankından istifadə edilir. Növbəti mərhələdə kütləvi və ya fərdi məzar yerləri haqqında məlumatlar İtkin düşmüş və saxlanılan şəxslər üzrə idarədə yoxlanılır, digər mənbələrdən əldə edilən informasiyalarla müqayisə edilir, sonra mümkün kütləvi məzar yerlərinə baxış keçirilir. Ərazinin müayinəsində prokurorluq və ədliyyə orqanlarının, Daxili İşlər Nazirliyinin, Xorvatiya Mina Agentliyinin nümayəndələri və məhkəmə tibbi ekspertləri iştirak edir.

Bildirildi ki, Xorvatiyada kütləvi məzar yerlərinin müəyyən edilməsində müasir texnoloji avadanlıqlardan geniş istifadə olunur. Ən maraqlı yeniliklərdən bir kimi dronların istifadəsi və onun əhəmiyyəti haqqında ətraflı məlumat verildi. Bundan əlavə kütləvi məzar yerlərinin müəyyən edilməsində georadarlardan (georadar – DVL) istifadənin əhəmiyyəti və üstün cəhətləri haqqında danışıldı. Xorvatiyada insan qalıqlarının və cəsədlərin aşkar edilməsində xüsusi təlim görmüş itlərdən effektiv istifadə edildiyi və bu sahədə müsbət nəticələr əldə edildiyi də göstərildi. Qeyd edildi ki, növbəti mərhələdə müəyyən edilmiş yerlərdə qazıntı işləri aparılır, qalıqların məhkəmə tibbi ekspert müayinəsi həyata keçirilir. Xorvatiya Respublikasında itkin düşmüş şəxslərin identifikasiyası üçün iki əsas metoddan – klassik məhkəmə tibbi ekspert və DNT analizindən istifadə edilir. İdentifikasiyanın yekun mərhələsində nəticələr ailə üzvləri tərəfindən tanınır. Şəxsiyyəti müəyyən edilmiş qalıqlar dini ənənələrə və ailələrinin istəyinə uyğun şəkildə dəfn edilir. Şəxsiyyəti müəyyən edilməmiş insan qalıqları isə müvəqqəti saxlama yerlərində qorunub saxlanılır. Yekunda həlak olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün aşkar edilmiş kütləvi məzar yerlərində xatirə abidələri ucaldılır.

Qeyd edildi ki, Xorvatiya Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə tətbiq edilən model bütün dünyada tətbiq edilə bilər və model bu sahədə mövcud olan ən praktik nümunələrdən biridir. Hazırda digər ölkələrdə də tətbiq edilə bilməsi üçün, qurum tərəfindən hazırlanmış model layihəsinin Avropa İnstitutlarına təqdim edilməsi planlaşdırılır. Daha sonra görüş Xorvatiya Respublikasında itkin düşmüş şəxslərin axtarışı haqqında hazırlanmış qısa metrajlı filmin nümayiş etdirilməsi ilə davam etdi.

Səfər proqramına uyğun olaraq günün ikinci yarısında Dövlət Komissiyası İşçi qrupunun əməkdaşları Zaqreb Universiteti Məhkəmə-Tibbi Ekspertiza və Kriminologiya laboratoriyasını ziyarət etdi. Mərkəzin ekspertləri laboratoriyanın yaranma tarixi, mərkəzin BQXK və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, itkin düşmüş şəxslərin identifikasiyası metodları haqqında İşçi qrupunun əməkdaşlarına geniş məlumat verdilər. Vurğulandı ki, mərkəzdə itkin düşmüş şəxslərin identifikasiyası üçün iki əsas metoddan - klassik məhkəmə ekspertizası və DNT analiz metodlarından istifadə edilir. Xorvatiyada Respublikasında kütləvi məzar yerlərində tapılmış insan qalıqlarının böyük bir hissəsi, o cümlədən keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal tərəfindən aşkar edilmiş kütləvi məzarlıqlardakı insan qalıqları bu mərkəzdə identifikasiya edilmişdir. Ekspertlər identifikasiya prosesinin detalları, bioloji nümunələrin toplanılmasının xüsusiyyətləri haqqında geniş təqdimat keçirdilər.

İşgüzar səfər oktyabr ayının 11-də Dövlət Komissiyası İşçi qrupu əməkdaşlarının Vukovar şəhərini ziyarəti ilə davam etdi. Nümayəndə heyətinə məlumat verildi ki, 1991-1995-ci ildə baş vermiş müharibə zamanı şəhər tamamilə dağılmış, yalnız müharibədən sonrakı dövrdə beynəlxalq donorların yardımı ilə bərpa edilmişdir. Səfər çərçivəsində Dövlət Komissiyası İşçi qrupunun əməkdaşları ilk olaraq Vukovar Mərkəzi Hospitalında yaradılmış xatirə muzeyini ziyarət etdi. Muzeyin əməkdaşları tərəfindən nümayəndə heyəti üzvlərinə Xorvatiyada müharibənin yaratdığı humanitar nəticələr və şəhərdə törədilmiş insanlıq əleyhinə cinayətlər haqqında geniş məlumat verildi. Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini E.Səmədov çıxış edərək, həlak olanların ailələrinə səbr dilədi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı soyqırımı haqqında muzey əməkdaşlarını ətraflı məlumatlandırdı. Bildirildi ki, 1992-ci ilin fevral ayında Ermənistan Respublikasının silahlı qüvvələri və erməni terroçu-quldur dəstələri tərəfindən Xocalı şəhəri bir gecə ərzində tamamilə dağıdılmış, uşaqlar və qocalar da daxil olmaqla 613 insan amansızlıqla qətlə yetirilmişdir. Vurğulandı ki, Dağlıq Qarabağın digər işğal olunmuş ərazilərində də erməni terrorçu-quldur dəstələri tərəfindən oxşar cinayətlər törədilmişdir. E.Səmədov qeyd etdi ki, yuxarıda göstərilən səbəblərdən Azərbaycan xalqı Xorvat xalqının yaşadığı acıları dərindən dərk edir.

Sonra İşçi qrupunun əməkdaşları Vukovar şəhərində yerləşən vətən müharibəsi qurbanlarının xatirə məzarlığını ziyarət etdi. Qeyd edildi ki, kütləvi məzar yerlərində aşkar edilmiş insan qalıqları və vətən müharibəsində qəhrəmanlıq göstərən Xorvat hərbçiləri bu məzarlıqda dəfn edilmişdir. İşçi qrupunun əməkdaşları həmçinin müharibə dövründə əsir düşərgəsi kimi istifadə edilmiş Ovçara fermasında qətlə yetirilmiş 261-dən artıq müharibə qurbanının xatirəsinə həsr edilmiş xatirə muzeyini və yaxınlıqdakı kütləvi məzarlığı ziyarət etdi. Muzeyin əməkdaşları muzeyin tarixi və Ovçara fermasında qətlə yetirilmiş insanlar haqqında nümayəndə heyətinə geniş məlumat verdi. Bildirildi ki, qətlə yetirilənlər arasında mülki şəxslər, jurnalistlər, o cümlədən qadınlar da olmuşdur. Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini E.Səmədov qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi zamanı da Ermənistan Respublikasının silahlı qüvvələri və erməni terrorçu birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı oxşar cinayətlər törədilmişdir. Vurğulandı ki, Dövlət Komissiyasında əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı törədilən işgəncə, qeyri-insani rəftar və qətllərlə bağlı çoxsaylı faktlar toplanmışdır.

İşgüzar səfərin yekunu olaraq Dövlət Komissiyası İşçi qrupunun əməkdaşları Xorvatiyada itkin düşmüş şəxslərin axtarışı, xüsusən identifikasiya və ekshumasiya prosesləri üzrə qabaqcıl metodologiya və itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi sahəsində Xorvatiya təcrübəsi ilə yaxından tanış olmuşlar.

Xorvatiya Respublikasında İtkin düşmüş və saxlanılan şəxslərin işi üzrə Dövlət Komissiyasının institusional inkişafı və modern təcrübə Azərbaycan Respublikasında bu sahədə normativ hüquqi bazanın və analoji Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, struktur islahatlarının aparılması və statusun dəqiqləşməsi, eyni zamanda itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində səmərəli nəticənin əldə edilməsinə yardımçı ola bilər.