Bərdə terroru

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Bərdə terroru fotolarda

Fotolar