Dəmir yumruq əməliyyatı
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan Respublikası ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Lakin uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz idi.
2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı.
2020-ci ilin iyul ayında ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.
Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.
Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri danışıqlar prosesindən tamamilə imtina anlamına gəlirdi.
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.
Döyüşlərin gedişi
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir.
Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi.