“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” mövzusunda konfransda Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun məruzəsi.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov - MƏRUZƏ.
10 May 2016
Hörmətli cənab rektor!
Hörmətli Komissiya üzvləri!
Hörmətli müəllimlərim və tələbə dostlar!
Məruzəyə başlamazdan əvvəl Sizi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevin adından salamlayıram və Konfransın təşkilində göstərdiyiniz köməyə görə təşəkkür edirəm.
Tarixdə heç vaxt mövcud olmamış “Böyük Ermənistan” yaratmaq ideyasının müəllifləri 1988-ci ildən etibarən yenidən Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürməyə və Dağlıq Qarabağda separatizmi alovlandırmağa başladılar. Həmin dövrdə Azərbaycanın və Ermənistanın daxil olduğu SSRİ rəhbərliyinin məsələyə ermənipərəst münasibəti münaqişənin silahlı toqquşma, hərbi mərhələyə keçməsinə, bununla da qaçqın və məcburi köçkün, əsir-girov və itkinlər kimi ağır humanitar problemin yaranmasına səbəb olmuşdur.
Ona görə də müharibə zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və girovların Vətənə qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin uzlaşdırılması məqsədilə 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmışdır.
Dövlət Komissiyası beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq aidiyyəti beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmişdir. Ən vacib məqamlardan biri isə bu sahədə olan beynəlxalq sənədlərin qəbulu və onlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi idi.
Axtarış-araşdırma tədbirləri, siyahılarda dəqiqləşmə işi və statistik məlumatlar.
Aparılmış araşdırmalar nəticəsində 6 mindən artıq Azərbaycan vətəndaşının itkin düşməsi, əsir-girov götürülməsi faktı müəyyən edilmişdir. Ötən müddət ərzində 1435 nəfər Azərbaycan vətəndaşını əsir-girovluqdan azad etmək mümkün olmuşdur (1 may 2016-cı il tarixə olan məlumat)
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi (1 may 2016-cı il tarixə olan məlumat) qeydiyyata alınmışdır. 3094 nəfəri hərbçi, 707 nəfəri mülki şəxsdir Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (20 nəfər azyaşlı qız), 251 nəfər qadın, 299 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).
İtkin düşmüş 3801 nəfərdən 877 nəfərinin (o cümlədən 27 uşaq, 99 qadın, 114 qoca) əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilmişdir. Ermənistan Respublikasının bu faktları gizlətməsi barədə Dövlət Komissiyasında məlumatlar var. Erməni əsirliyindən azad edilmiş, eyni zamanda döyüşlərdə iştirak etmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmişdir. Sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin onlar tərəfindən əsir-girov götürülməsi və saxlanması faktını inkar edir.
Bu sahədə ən ciddi və təkzib edilməz digər fakt isə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1998 və 2001-ci illərdə Dövlət Komissiyasına təqdim edilmiş məktublarda adı keçən 50 (əlli) azərbaycanlı ilə bağlıdır. Həmin məktublara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 50 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sonradan həmin 50 nəfərdən 16 nəfərinin meyiti qaytarılsa da, 34 nəfərin son taleyi barədə məlumatlar gizlədilmişdir.
Beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı faktlar.
Azərbaycan Respublikası münaqişənin əvvəlindən öz işini bütövlükdə müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun surətdə həyata keçirmişdir. Münaqişəni başlayan Ermənistan isə həmin beynəlxalq sənədlərə məhəl qoymamış və beynəlxalq humanitar hüquq normalarını pozmaq xətti götürmüşdür.
Əsir-girovluğa sürüklənənlər hərbi əməliyyatların intensiv dövründə erməni əsir-girovluğundan azad edilmiş vətəndaşların bir qismində sonradan keçirilmiş tibbi müayinə zamanı yoluxucu xəstəliklər aşkar olunurdu. Son illər aparılmış araşdırmalar nəticəsində 553 Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürüldükdən sonra qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir.
Faktlara diqqət edək:
a) Azərbaycan vətəndaşlarının əsir-girov götürülməsi və saxlanması faktları
- 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərinin işğalı zamanı və şəhər sakinlərinin gözü qarşısında 13 gənc (13-15 yaşlarında) oğlan yaxın qohumlarından zorla ayrılaraq naməlum istiqamətdə aparılmışdır. Sonrakı taleləri məlum deyil.
- Ermənistandan qovularaq Xocalı şəhərinə sığınmış Məmmədovlar ailəsi də eyni taleyi yaşamışdır. Belə ki, Ermənistan hərbçiləri girov götürdükləri Məmmədovlar ailəsinin 7 üzvündən ana – Narxanım Məmmədova və üç azyaşlı uşağın dəyişdirilməsinə razılıq versə də, ata – Məmməd Məmmədovun və oğlanlar, 17 yaşlı Möhlətin və 16 yaşlı Söhbətin azad edilməsinə razılıq verməmiş, onları naməlum istiqamətə aparmışlar.
- Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı - 31 mart 1993-cü il tarixdə rayonu tərk edən dinc əhalinin olduğu maşın karvanı “tunel” ərazisində pusquya salınaraq dinc əhali atəşə tutulmuşdur. Şahidlərin ifadəsinə əsasən, hadisə zamanı girov götürülən dinc əhalinin bir hissəsi yerindəcə güllələnərək yandırılmışlar. Girov götürülmüş şəxslərin arasında 3 yaşlı Quliyeva Aygün Qara qızı və onun azyaşlı bacı-qardaşları da olmuşdur. Həmin 6 uşaqdan yalnız 3 (üç) nəfəri azad edilsə də, Aygün və onun qardaşları - 10 yaşlı Məzahir və 12 yaşlı Yaşarın sonrakı taleləri məlum deyil.
- Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 118 nəfər kənd sakinindən 33 nəfərini yerindəcə güllələmişlər. Faktı girovluqdan azad edilmiş kənd sakinləri təsdiq edir.
- 1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
- 16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın «Həkimlər insan hüquqları uğrunda» təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya «qaçmağa cəhd edərkən» öldürülməsi fikrini rədd etmişdir.
- 1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
- Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni «həkim» Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə ömürlük şikəst olmuş Arzu Hacıyev 2003-cü ildə ölmüşdür.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill «İnsanlar belə imişlər» adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Ovanes Apresyan xatırlayır: «Qərbi Ermənistandakı hərbi hissələrimizin əsas qüvvələri Aleksandropolun 60 kilometrliyində, dəmiryolu xətti üzərində yerləşən Qarakilsə şəhərinə toplanmışdı. Türklər Aleksandropla yaxınlaşanda biz də Qarakilsəyə çəkilərək əsas qüvvələrimizə birləşdik. Bu zaman ruslar tərəfindən əsir edilmiş, amma onların cəbhədən çəkilməsi nəticəsində bizim əlimizə keçmiş 3 min nəfərlik hərbi əsirləri də özümüzlə götürdük. Qarakilsəyə geri çəkildiyimiz zaman bu zavallılardan 2 min nəfəri mərhəmətsizcəsinə öldürüldü. Şahidi olduğum həmin kütləvi qətl məni xəstə vəziyyətinə salsa da etirazımı bildirməyə cəsarət etməmişdim. Əsirlərin bir hissəsini heç bir işgəncə vermədən sadəcə güllələmişlər, Böyük əksəriyyətini isə diri-diri yandırmışdılar, Əsirləri saman yığılmış mərəkələrə doldurur, sonra isə samanlığa hər tərəfdən od vururdular».
Əlbəttə ki, müasir dövrdən və tarixdən gətirdiyim bu faktlar arasındakı oxşarlığı sübut etmək üçün hər hansı xüsusi texnologiyaya ehtiyac yoxdur. Bu faktlar təsdiq edir ki, cəmiyyətin inkişaf etməsinə və bir sıra müasir beynəlxalq hüquq normalarının qəbul edilməsinə baxmayaraq, Ermənistan hərbçilərinin əsir və girov götürülmüş insanlara olan münasibəti dəyişməmiş, əksinə yeni vəhşilik çalarları qazanmışdır.
Apardığımız təhlillər və araşdırmalar Ermənistanın Azərbaycana təcavüzü zamanı ermənilərin əsir və girov götürülmüş insanlarla davranışı və onların saxlanma şəraiti ilə bağlı münasibətini aşağıdakı kimi təsnif etməyə imkan verir:
- Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq mülki əhali qorunmamış, onlar girov götürülmüş və bir çox hallarda uzun müddət girovluqda saxlanmışdır (3-cü və 4-cü Cenevrə Konvensiyalarının 3-cü maddəsi);
- Yaşına və cinsinə məhəl qoyulmadan onlara dəhşətli işgəncələr verilmiş və qeyri-insani şəraitdə saxlanılmışdır;
- Cenevrə Konvensiyalarının tələbinə uyğun olaraq düşərgələr yaradılmamış, bir çox hallarda isə əsir və girovlar hərbi hissələrdə saxlanmışdır;
- Əsir və girovlar Ermənistanda ağır cinayətlər törətmiş şəxslərlə birlikdə həbsxanalarda saxlanmışdır;
- Ayrı-ayrı səhra komandirləri və «səlahiyyətli» şəxslər tərəfindən evlərdə və müxtəlif fərdi saxlanma yerlərində saxlanmış və çirkin məqsədlər üçün istifadə olunmuşlar;
- Cenevrə Konvensiyalarının ziddinə olaraq müxtəlif məlumatların əldə olunması üçün dəhşətli işgəncələrin müşayiəti ilə qeyri-qanuni sorğu-suallara cəlb olunmuşlar;
- Müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilmiş, bədənlərinə şüalar verilmiş və tərkibi məlum olmayan maddələr yeridilmişdir;
- Biri-birinə qarşı alçaldıcı və təhqir edici əməllər törətməyə təhrik edilmişlər;
- Biri-birinin əleyhinə ifadələr verməyə məcbur edilmişlər;
- Onlara qarşı yalançı ittihamlar irəli sürülmüş və günahsız olaraq məsuliyyətə cəlb edilmişlər;
- Soyuq və qarlı havada paltarsız vəziyyətə açıq meydanda saxlanılmış və müxtəlif heyvan hərəkətlərini yerinə yetirməyə təhrik edilmişlər;
- İtlə və ya digər heyvanlarla bir qabdan yemək yeməyə məcbur edilmişlər;
- Nəhayət hər bir vəchlə beynəlxalq təşkilatlardan gizlədilmişlər və s.
c) Əsir və girovların alver obyektinə çevrilməsi faktları
Yuxarıda qeyd olunduğu kimi, münaqişənin əvvəlində Ermənistan tərəfi əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarını yaxın qohumlarına satmağa və bununla da onların alver obyektinə çevrilməsi kimi cinayət faktına imza atmışdır. Son illər Dövlət Komissiyasında aparılmış araşdırmalar təsdiq edir ki, 69 Azərbaycan vətəndaşı əsir və girovluqdan böyük məbləğdə pul ödənilməsi müqabilində azad olunmuşdur. Əlbəttə ki, bu yalnız məlum olan faktlardır.
- Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln rus rubluna ailəsinə satmışlar.
- Ermənistan hərbçiləri tərəfindən 18.10.1992-ci ildə Laçın şəhərində əsir götürülmüş Nəzərov Aqşin Nəcmi oğlu 23 oktyabr 1993-cü il tarixdə Aram adlı erməni tərəfindən atasına 7,5 mln rus rubluna satılmışdır.
- 28 avqust 1993-cü il tarixdə doğulduğu Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Bakı şəhəri təcili tibbi yardım xəstəxanasının həkimi Şixəliyev Şəmsi Xanəhməd oğlu 27 mart 1995-ci il tarixdə Rusiyada yaşayan qardaşına 8 min ABŞ dollarına satılmışdır.
- 31 dekabr 1992-ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olmuş qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı Məmmədov Məmməd Qərib oğlu 7 noyabr 1993-cü il tarixdə Ermənistanın Gürcüstanla sərhəd ərazisinə gedərək orada ermənilərlə danışığa girmişlər. Ermənilər göstərilən iki nəfəri də aldadaraq Ermənistana aparmışlar. Hazırda onların hər üçünün sonrakı taleyi qaranlıq qalmışdır.
- 1993-cü ilin fevral ayında Azərbaycan Respublikasının Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaratmışlar. Onları guya Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ dolları müqabilində onu azad edəcəklərini bildirmişlər. Yaxın qohumlarının köməkliyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya getmişdir. Lakin ermənilər göstərilən məbləği gətirmiş Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu götürmüş və aradan çıxmışlar. Mahir Quliyevin meyiti həmin ilin avqust ayında ailəsi tərəfindən gətirilərək Şamaxı şəhərində dəfn edilmişdir.
Əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur.
3 iyul 1994-cü il. Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, 13 yanvar 1994-cü ildə əsir düşmüş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni ideoloqlarından biri, Zori Balayan hərbi əsir, milliyyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini təlqin etmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, məxfi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə peçenye, şokolad və dezodorant qutularında gizlədilmişdir.
A.Aslanov Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Yerevanda girov saxlanılan anası bundan sonra azad olunmuşdur.
Çoxsaylı faktlar göstərir ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyətində azərbaycanlı əsir və girovlardan fəal istifadə edir, onlar vasitəsi ilə terror və digər düşmənçilik əməllərini həyata keçirməyə çalışırlar. Araşdırmalar zamanı 107 nəfərin erməni əsirliyində olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilmişdir. Onların böyük əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmamışlar.
d) Əsir-girov probleminin siyasiləşdirilməsi və psixoloji təzyiq vasitəsinə çevrilməsi faktları
Son vaxtlar Ermənistan Respublikası bir qayda olaraq atəşkəsin pozulması və yaxud qoşunların təmas xəttində baş vermiş hər hansı hadisə nəticəsində həyatını itirmiş insanların meyitini uzun müddət gizlədərək saxlamaq və bununla da humanitar hadisədən psixoloji təzyiq vasitəsi kimi yararlanmaq taktikasından açıq aşkar istifadə edir.
Misal kimi son illər ərzində baş vermiş bir neçə faktı göstərmək kifayətdir. 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun, meyitləri uzun müddət Ermənistan tərəfindən qaytarılmamış, hətta bu meyitlərin onlarda olmadığı barədə bu ölkə yetkililəri dəfələrlə bəyanatlar vermişlər.
Digər bir hal isə 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu, Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülməsi, Həsənov Həsən Fərman oğlunun isə qətlə yetirilməsidir.
Hadisənin baş verdiyi andan etibarən Ermənistan məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşmış, guya Azərbaycan tərəfinin ərazidə xüsusi əməliyyatlar keçirmək üçün Kəlbəcər istiqamətinə təxribat-diversiya qrupu göndərməsi barədə uydurma məlumatlar yaymışdır. Faktla bağlı Azərbaycan Respublikası aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmış, lakin səylərə baxmayaraq, qarşı tərəfin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində girovların azad edilməsi mümkün olmamışdır. Meyitin qaytarılması prosesi isə 3 ay uzanmışdır. Ermənistan hətta Fransa prezidenti Fransua Ollandın iştiraklı ilə oktyabrın 27-də Parisdə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşü günü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı separatçı Dağlıq Qarabağ rejiminin vasitəsi ilə məhkəmə şousu təşkil etmişdir. “Dövlət sərhədini pozma”, “casusluq” və s. kimi qondarma ittihamlarla 29 dekabr 2014-cü il tarixdə birinciyə ömürlük, ikinciyə isə 22 il müddətinə azadlıqdan məhrumetmə “cəzası” kəsilmişdir.
Digər psixoloji təzyiq vasitəsi isə azərbaycanlı əsirlərə qayıtdıqdan sonra repressiyalara, təzyiqlərə məruz qalacaqları, cinayət məsuliyyətinə cəlb olunacaqları barədə yalan məlumatların verilməsi və Avropa ölkələrinin birində yaşamaq, işlə təmin olunmaq barədə şirnikləndirici vədlər verilərək Vətənə qayıtmaqdan imtina etmələri barədə onların müraciət ünvanlamağa təhrik edilməsidir. Məhz bu təbliğatın nəticəsində 9 (doqquz) azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq 3-cü ölkəyə göndərilmişdir. Bu, psixoloji təzyiq vasitəsinin əsası Ermənistan tərəfindən qoyulmuşdur.
Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi isə bildiyiniz kimi Xocalı soyqırımıdır.
Azərbaycan Respublikasının təşəbbüsləri və beynəlxalq əlaqələr.
Ölkə rəhbərliyi Ermənistanın təcavüzü ilə bir vaxtda yaranmış əsir-girov və itkinlər problemini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BQXK-nın Prezidenti Yakob Kellenberqerlə 2006-cı ildə Bakıda və 2012-ci ildə İsveçrənin Davos şəhərində olmuş “Dünya İqtisadi Forumu” çərçivəsində keçirdiyi görüşlər, Azərbaycan və Ermənistan Prezidentlərinin 2010-cu ildə Həştərxanda, 2014-cü ildə Soçidə və Parisdəki danışıqlarda əsir-girov və itkinlər məsələsinin müzakirəsi buna bariz nümunədir.
İtkin düşmüş şəxslər məsələsi Azərbaycan Respublikası üçün daim prioritet təşkil etdiyi üçün ölkəmiz tərəfindən irəli sürülmüş «İtkin düşmüş şəxslər» adlı qətnamə BMT-nin İnsan Hüquqları Komissiyasının 25 aprel 2002-ci il tarixli 58-ci (Diplomatik kanallarla aparılmış mütəmadi danışıqlar nəticəsində 17 dövlət qətnaməyə həmmüəllif qismində qoşulmuşdur) və sonrakı illərdə keçirilmiş sessiyalarında, «Hərbi münaqişələr zamanı sonradan həbs olunanlar da daxil olmaqla girov götürülmüş qadınlar və uşaqların azad edilməsi» adlı qətnamə isə BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 10 mart 2006-cı il tarixli 50-ci sessiyasında qəbul edilmişdir.
1999-cu ilin dekabrında Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsində əsir, girov və itkin düşmüş şəxslərin axtarılması məsələləri müzakirə edilmiş və Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə beş bənddən ibarət prinsiplərin yerinə yetirilməsi təklifləri irəli sürülmüşdü.
Bu prinsiplərin qəbul edilməsi barədə 1999-cu il dekabrın 30-da Azərbaycan Respublikası Milli Məclisi xüsusi bəyanat vermişdir. Siyasi Komitənin təklifinə baxmayaraq, Ermənistan parlamenti bu barədə rəsmi mövqeyini bildirməmişdir.
Milli qanunvericiliyin implementasiyası.
Hələ 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında «beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək» prinsip olaraq qəbul edilmişdir. Bu baxımdan, beynəlxalq hüquqla (həmçinin beynəlxalq humanitar hüquqla) əlaqədar sənədlərin qəbulu və onlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi, eyni zamanda bununla bağlı xüsusi qanunların qəbulu və qanunvericiliyin həmin sənədlərlə uyğunlaşdırılması istiqamətində vacib işlər həyata keçirilmişdir.
1993-cü ilin aprel ayında Azərbaycan Respublikası 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını («Quruda döyüşən silahlı qüvvələrdəki yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında», «Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında», «Hərbi əsirlərlə rəftara dair», «Müharibə zamanı mülki şəxslərin qorunmasına dair») və «Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında» 14 may 1954-cü il tarixli Haaqa Konvensiyasını qəbul etmiş, bu sənədlərlə bağlı müvafiq qanunların qəbulu, aidiyyəti qanunlarda uyğunlaşmanın aparılması istiqamətində işlər görülmüşdür. Buna misal olaraq «Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında» (30 iyun 1995-i il), «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi», «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında», «Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında» və bu kimi, bir çox Azərbaycan Respublikasının qanunlarını, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli Fərmanını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı və digər bu xarakterli normativ sənədləri göstərmək olar. Beynəlxalq humanitar hüququn prinsip və normaları həmçinin Azərbaycan Respublikasının cinayət, cinayət prosessual, mülki və digər məcəllələrində də öz əksini tapmışdır.
Bildiyiniz kimi, 2002-ci ildə Dövlət Komissiyasının təşəbbüsü ilə “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə istintaq-əməliyyat qrupu” yaradılmışdır. Bu qrup hazırda işini davam etdirir.
Məlumdur ki, Ermənistan Respublikasının tutduğu qeyri-konstruktiv mövqe nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş hələ ki, mümkün deyil. Buna görə də biz hələ də hər iki tərəfə aid insanların əsir-girov götürülərək saxlanılması və itkin düşməsi halları ilə qarşılaşırıq. Ötən ilin avqust ayında, bu ilin aprel ayında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribat nəticəsində baş vermiş döyüşlər dediklərimə sübutdur.
O da məlumdur ki, son döyüşdə düşmən öz layiqli cavabını almış, Ali baş Komandanımızın rəhbərliyi altında qoşunların təmas xəttində strateji yüksəkliklər ələ keçirilmiş, mövqelərimiz möhkəmlənmişdir. Ancaq təəssüf ki, itkilərimiz də olmuş, hərbçilərimiz şəhidlik zirvəsinə ucalmışlar. Bilirsiniz ki, son döyüşlərdə şəhid olmuş bir neçə hərbçimizin meyiti düşmənin nəzarəti altında olan ərazidə qalmışdır. Dövlət Komissiyası ölkə başçısının göstərişinə uyğun olaraq şəhidlərimizin meyitlərinin alınması üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların iştirakı ilə təcili və təxirəsalınmaz tədbirlər görmüş əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 10 aprel 2016-cı il tarixdə qoşunların təmas xəttində repatriasiya edilmişdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilmiş proses zamanı qarşı tərəf xislətinə uyğun olaraq, atəşkəs rejimini pozmuş, gizli video çəkiliş aparmağa cəhdlər etmişdir.
Əvvəllər olduğu kimi, son döyüşlər zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarına hörmətsiz yanaşdığını mülki əhalini hədəfə almaqla sübut etdi.
Dövlət Komissiyası olaraq biz mülki əhalinin hədəfə alınmasının, ümumiyyətlə bu cür addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirərək rəsmi şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırdıq və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırdıq.
Konfrans iştirakçılarının diqqətinə bir məqamı xüsusilə çatdırmaq istəyirəm ki, ötən ilin sonunda Komissiyanın fəaliyyəti Komissiya sədri cənab Mədət Quliyev tərəfindən ətraflı şəkildə təhlil edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Komissiyasının qarşısında müəyyən etdiyi vəzifələrin icrasını sürətləndirmək üçün İşçi qrupunun qarşısında yeni tələblər qoyulmuş, vəzifələr müəyyən edilmişdir. Hazırda İşçi qrupu bu tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq işlər aparır.
Əziz gənclər inanıram ki, bu gün burada Sizə verilən məlumatları düzgün təhlil edəcək və öz imkanlarınız vasitəsi ilə beynəlxalq aləmin diqqətinə çatdıracaqsınız. Biz eyni zamanda, Sizi dinləməyə, məsələ ilə bağlı fikir və tövsiyələrinizi öyrənməyə hazırıq.
Diqqətinizə görə sağ olun!