Dövlət Komissiyasının 1 iyul 2016-cı il tarixli iclasında Komissiya sədri Mədət Quliyevin çıxışı. GİRİŞ VƏ YEKUN NİTQLƏRİ (qısa).
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş və dəqiq şəkildə həyata keçirilmiş siyasəti nəticəsində işğal edilmiş torpaqlarımızın müəyyən hissəsi cari ilin aprel ayında azad edilmişdir": Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 iyul 2016-cı il tarixli iclasında Komissiya sədri Mədət Quliyevin ÇIXISI.
01 İyl 2016
Hörmətli Komissiya üzvləri!
Hörmətli xanımlar və cənablar!
Məlumdur ki, 1750-ci ildən başlayaraq Rusiya İmperiyası Azərbaycana məxsus torpaqların qərbinə ayrı-ayrı yerlərdən erməniləri köçürməyə başlamışdır. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra bu proses daha mütəşəkkil və daha intensiv həyata keçirilmişdir. Nəticədə 1918-ci ilin may ayında tarixi Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradılmışdır.
Məqsəd Osmanlı türkü ilə şərqdə yerləşən və bir ucu Tatarıstana və Uyğur elinə çatan digər türkdilli xalqları bufer ərazi vasitəsi ilə ayırmaqdan ibarət olmuşdur. Həmin vaxt sürətli nəqliyyat vasitələrinin, olmaması türk xalqlarına biri-biri ilə sıx əlaqələr qurmağa imkan vermirdi. Bu isə parçalanmanı dərinləşdirirdi. Onu da qeyd etmək istəyirəm ki, XVIII və XIX-cu əsrlərdə planlaşdırılaraq həyata keçirilən bu siyasətin nəticələrini xalqımız dərindən bilir və acısını çəkir.
1988-ci ildən etibarən açıq müharibəyə keçmiş erməni faşistlərinin hərbi əməliyyatları nəticəsində Azərbaycan Respublikası torpaqlarının 20%-ni itirmişdir. Ancaq nəhayət ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasi xəttin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş və dəqiq şəkildə həyata keçirilmiş siyasəti nəticəsində işğal edilmiş torpaqlarımızın müəyyən hissəsi cari ilin aprel ayında azad edilmişdir.
Münaqişə 27 ildən artıqdır ki, davam edir və bu dövr ərzində 3083 nəfər (1 iyul 2016-cı il tarixə olan məlumat) itkin düşmüş həmvətənlərimiz rəsmi qeydiyyata alınmışdır. Komissiya tərəfindən aparılan işlər nəticəsində 1436 nəfər (1 iyul 2016-cı il tarixə olan məlumat) əsir-girovluqdan azad edilərək Azərbaycana gətirilmişdir. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu işdə Beynəlxalq Qızıl Xaç Komitəsi Komissiyaya yaxından köməklik göstərmişdir. Komissiya hazırkı vaxtda da əsir-girov götürülmüş soydaşlarımızın azad edilərək Vətənə qaytarılması və atəşkəsin pozulması nəticəsində həlak olmuş hərbçilərimizin meyitlərinin alınması işi ilə məşğul olur.
Buna misal kimi aprel hadisələri zamanı 13 hərbçimizin meyitinin alınmasını və iyun ayında yolu azaraq Ermənistan Respublikasının ərazisində saxlanmış Ələkbərova Qətibə İbrahim qızının azad edilərək Vətənə qaytarılmasını göstərmək olar.
Hazırda 2014-cü ilin iyul ayında ermənilər tərəfindən girov götürülmüş və qeyri-qanuni olaraq azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işlər davam etdirilir.
Digər vacib məqam isə Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş və tanınmadan dəfn edilmiş hərbçilərimizin məzar yerlərinin müəyyən edilməsi işidir. İndiyə kimi İşçi qrupu tərəfindən 158 naməlum məzar yeri müəyyən edilərək qeydiyyata alınmış, 127 məzarın GPS koordinatları çıxarılmışdır. Ancaq nəzərə alsaq ki, qeydiyyatda olan şəxslərin əksəriyyəti işğal edilmiş ərazilərdə itkin düşmüşdür, böyük sülh sazişi imzalanacağı təqdirdə görüləcək işlərin miqyasını düşünmək olar.
Hörmətli Komissiya üzvləri!
Bu gün biz əsasən 2016-cı ilin altı ayı ərzində görülmüş işlərə nəzər saldıq və təhlil etdik. Hesab edirəm ki, altı aylıq fəaliyyəti qənaətbəxş saymaq olar. Bununla yanaşı bir daha qeyd edirəm ki, bu problem həm Azərbaycan dövlətini, həm də ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələdir. Ona görə də qarşıda hələ işlər çoxdur.
Əsas narahatlıq yaradan faktor isə işğalçı Ermənistan ordusunun hələ də Azərbaycan ərazilərində olması və son illərdə düşmən tərəfindən həyata keçirilən təxribatlar və atəşkəs rejiminin intensiv pozulmasıdır. Təəssüf ki, belə hallar insan itkisi ilə də nəticələnir və müharibə qurbanlarının sayı artır. Status-kvonun dəyişməməsi, Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqeyi sülh variantını sual altında qoyur. Əsas məsuliyyət Ermənistanın və onun militarist rejiminin üzərinə düşür.
Dövlət Komissiyasında bir sıra dövlət strukturlarının nümayəndələri təmsil olunub. Bu faktordan və Sizinlə görüşdən istifadə edərək bir neçə məsləyə toxunmağı vacib sayıram.
Əvvəla qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu Komissiyanın üzvü təyin edilməyimiz hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Ona görə ki, Komissiya müharibə qurbanları olan əsir-girov və itkinlər məsələsi ilə məşğul olur və yuxarıda qeyd etdiyim kimi, bu daim diqqət tələb edən çox həssas məsələdir. Ona görə də mən Komissiya üzvlərindən bu sahəyə vaxt ayırmağı və diqqət göstərməyi xahiş edirəm. Komissiya üzvü kimi hər birimiz qarşıya qoyulmuş vəzifələrin icrasında İşçi qrupuna yaxından kömək etməli, onunla sıx təmasda olmalı və fəaliyyətini stimullaşdırmalıyıq. Xüsusən də, hər bir Komissiya üzvü rəhbərlik etdiyi sahə üzrə qarşıya çıxan problemlərin həllinə yardım etməlidir. Yeni təkliflər verilməli, təşəbbüslər irəli sürülməli və icrasına əməli üçün köməklik göstərilməlidir. Eyni zamanda, Komissiya üzvləri Respublikada və xaricdə keçirilən tədbirlər zamanı bu problemi iştirakçıların diqqətinə çatdırmalı, həmin tədbirlərdə İşçi qrupu əməkdaşlarının da təmsil olunmasına, hazırlanmış məlumat və materialların yayılmasına dəstək olmalıdır. Yalnız bu halda, yəni koordinasiyalı fəaliyyət nəticəsində biz üzərimizə düşən vəzifələri dolğun şəkildə icra edə bilərik.
Bugünkü iclasın yekunu olaraq Dövlət Komissiyasının İşçi qrupunun rəhbərliyinə tapşırıram ki, burada səslənmiş fikir və təkliflər ətraflı təhlil edilsin və prioritet xətt işlənilsin.
Hörmətli Komissiya üzvləri, bilirəm ki, hamımız gərgin iş rejimində çalışırıq. Buna baxmayaraq, vaxt tapıb Komissiyanın iclasına gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bununla da iclası bağlı elan edirəm.
Diqqətinizə görə sağ olun!