"Dövlət Komissiyası və Biz itkin düşmüş insanların yaxınlarından bioloji nümunələr toplayırıq. Bu işdə Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalı Bizə yaxından köməklik göstərir" - BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera.MÜSAHİBƏ.
21 Sen 2016
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin aprel ayında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən zərər çəkmiş mülki şəxslərə yardım etmək məqsədilə 2016-cı il üçün büdcəsini artırıb. Bunu “Azernews” qəzetinə müsahibəsində BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera deyib.
O bildirib ki, BQXK Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin hər iki tərəfində yaşayan mülki insanlara dəstək göstərmək üçün əlindən gələni edir: "Təmas xəttinə yaxın ərazilərdə yaşadıqları üçün gündəlik həyatlarında problemlərlə üzləşən insanların çətinliklərini azaltmaq üçün fəaliyyətimizi davam etdiririk".
E.Sessera qeyd edib ki, BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş insanların taleyini müəyyən etmək istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, xüsusən də onun İşçi qrupu ilə sıx əməkdaşlıq edir: “2008-2011-ci illərdə Dövlət Komissiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş insanlar haqqında təfsilatlı məlumat toplandı və bu məlumat mütəmadi olaraq Dövlət Komissiyası tərəfindən yenilənir. Bundan əlavə, biz itkin düşmüş insanların yaxınlarından bioloji nümunələr toplayırıq. Bu iş Dövlət Komissiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalı ilə birgə həyata keçirilir. Burada əsas məqsəd gələcəkdə insan qalıqlarını identifikasiya etmək üçün istifadə oluna biləcək vacib DNA məlumat bazası yaratmaqdır”.
O vurğulayıb ki, itkin düşmüş insanların həyatda olan yaxınlarından nümunələrin toplanması uzun illər tələb edən bir prosesdir: "Bu proses artıq Bakıda tamamlanıb və Sumqayıtda başlanılıb. Tədricən ölkənin digər ərazilərində də bu prosesə başlanılacaq".
Nümayəndəlik rəhbəri deyib ki, BQXK Qarabağda saxlanılan iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraitini və onlarla davranışı qiymətləndirmək üçün mütəmadi olaraq onlara baş çəkir və ailələri ilə əlaqə saxlamasını təmin edir.
E.Sesseranın sözlərinə görə, saxlanılanların azad olunması və ya hələ də saxlanılması barədə qərar vermək münaqişə tərəflərinə aid olan bir məsələdir: “Yalnız saxlayan tərəf kimisə azad etmək və ölkəsinə qaytarmaq barədə qərar verdikdə BQXK sərhəddə və ya təmas xəttində təhvil verməni asanlaşdırmaq məqsədilə neytral vasitəçi qisimində çıxış edir”.
O əlavə edib ki, BQXK 1992-ci ildə Dağlıq Qarabağda, Bakıda və Yerevanda fəaliyyətə başladığı müddətdən bəri təşkilat vasitəsilə 700-dən artıq insan evinə qayıdıb: “Lakin münaqişənin ilk illərində BQXK iştirakı olmadan çox insan saxlanılıb və qaytarılıb. BQXK-nın həmin dövrə aid təfsilatlı statistikası olmadığı üçün biz bu barədə dəqiq rəqəm deyə bilmirik”.
E.Sessera bildirib ki, BQXK-nın Dağlıq Qarabağda, Bakıda və Yerevanda olan ofisləri itkin düşmüş şəxslərin yaxınları onlar haqqında məlumat almaq üçün müraciət etdiyi zaman itkin düşmüş şəxsləri qeydə alır: “Bunun əsasında BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfdən itkin düşmüş 4500 şəxs qeydə alıb. BQXK-nın qeydə alma meyarları dövlət komissiyalarının meyarları ilə eyni deyil və ona görə də BQXK-nın itkin düşmüş şəxslər barədə rəqəmləri münaqişə tərəflərinin rəqəmlərindən fərqlidir. Lakin qeyd etmək lazımdır ki, daimi əməkdaşlıq və informasiya mübadiləsi nəticəsində bu rəqəmlər arasında olan fərq əhəmiyyətli dərəcədə azalıb”.