Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya müsahibəsi:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov: “1189 azərbaycanlının əlavə olaraq BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmasına nail olmuşuq” - MÜSAHİBƏ
26 Avq 2013
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb?
Əvvəlcə qeyd etmək istəyirəm ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu artıq 20 ildir fəaliyyət göstərir. Cari ilin yanvar ayında keçirilmiş iclasda Komissiyanın bu illər ərzində gördüyü işlər geniş təhlil edilib və sonrakı fəaliyyəti üçün prioritetlər müəyyənləşdirilib. Bu barədə mətbuat vasitəsi ilə ictimaiyyət xəbərdar edilib. Ümumiyyətlə, Dövlət Komissiyasının fəaliyyəti barədə və hər ilin yekununda görülmüş işlərlə bağlı ictimaiyyətə müntəzəm məlumat verilir. Dövlət Komissiyasının rəsmi internet səhifəsinə (www.human.gov.az) nəzər salan hər bir şəxs qeyd olunanlar, həmçinin statistik məlumatlar barədə ətraflı bilgi ala bilər. Hazırda son statistik məlumatlar aşağıdakı kimidir: 1 avqust 2013-cü il tarixə olan məlumata əsasən, 4035 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü qocadır. İtkin düşmüş 4035 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması, lakin ermənilərin bunu inkar etməsi barədə Dövlət Komissiyasında konkret faktlar var. Münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilib.
Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında imzalanmış Ante-mortem proqramı ilə bağlı aparılan işlərin vəziyyəti və itkin düşmüşlərin siyahısının dəqiqləşdirilməsi prosesi nə yerdədir? Hər iki qurumdakı siyahısı üst-üstə düşürmü?
BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişi 2008-ci ilin aprel ayında imzalanıb. Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Çərçivə sazişi imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə məlumatların toplanması idi ki, bu iş də BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib. Məlumatları toplamaq üçün BQXK tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllü qruplarına təlim-kurslar keçirilib. Hazırkı dövrdə ümumilikdə 3490 sorğu anketi toplanılaraq BQXK-ya təhvil verilib. 26 yanvar 2011-ci il tarixdə BQXK ilə Dövlət Komissiyası arasında imzalanmış «AnteMortem/PostMortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, toplanmış məlumatların elektron məlumat bazasına daxil edilməsi işi Dövlət Komissiyasının BQXK tərəfindən əvvəlcədən təlim keçilmiş əməkdaşları tərəfindən aparılır. Bu günə qədər artıq 1293 nəfər barədə məlumatlar bazaya daxil edilib. Bizim işimizdə siyahıların dəqiqləşməsi vacib məsələdir. Münaqişənin əvvəlində siyahıya alınma demək olar ki, aparılmayıb. Ancaq 1993-cü ildə Dövlət Komissiyası yaradıldıqdan sonra may ayında ilk siyahı tərtib edilib və “Azərbaycan” qəzetində dərc olunub. Həmin dövrdə siyahılar müxtəlif mənbələrdən daxil olmuş məlumatlar, həmçinin mətbuatda dərc olunmuş informasiyalar əsasında tutulub. Ona görə də onun dəqiqləşməsinə böyük ehtiyac var idi. Biz bu işə BQXK ilə əməkdaşlıq çərçivəsində 2005-ci ilin yanvar ayından başladıq. Keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılıb. Onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü (Komissiyanın axtarış-araşdırma obyekti olmadığı) müəyyənləşdirilib. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanıb və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilib. Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 122 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanıb və qeydiyyata götürülüb. Hazırda Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 4035 nəfər qeydiyyata alınıb. BQXK-da isə bu rəqəm hazırda 3746 nəfər təşkil edir. 2004-cü ildə Komissiyaya təqdim edilmiş siyahıda isə itkin düşmüş şəxs kimi BQXK-da 2557 nəfərin adı qeydiyyatda olub. Bu o deməkdir ki, bu illərdə 1189 azərbaycanlının əlavə olaraq BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmasına nail olmuşuq.
Komissiyanın son illərdəki hesabatlarından aydın olur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş və şəxsiyyəti müəyyənləşdirilmədən dəfn edilmiş şəxslərə aid məzar yerlərinin axtarışı və qeydiyyata götürülməsi işi aparılır. Bu sahədə vəziyyət nə yerdədir və bu iş ermənilər tərəfindən də aparılırmı?
Qeyd etmək yerinə düşər ki, bu iş də Ante-mortem proqramı çərçivəsində aparılır. Komissiya artıq üç ildən artıqdır ki, naməlum məzarların axtarışı və qeydiyyatını həyata keçirir. Bu məqsədlə demək olar ki, Azərbaycanın bütün rayonlarında iş aparılır. Aidiyyəti yerli strukturlarla yazışmalar aparılır və Komissiyanın İşçi qrupunun əməkdaşları yerlərdə, hətta qoşunların təmas xəttinə yaxın mümkün ərazilərdə axtarış işi aparırlar. Aparılmış araşdırmalar ciddi məlumatların ortaya çıxması ilə nəticələnib. Hazırda Komissiyanın İşçi qrupunda bütün respublika üzrə 158 naməlum məzar barədə məlumat qeydiyyata alınıb. Bu iş davam etdirilir. Ermənistanda və bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində isə naməlum məzar yerlərinin axtarışı və qeydiyyata götürülməsi işinin aparılması barədə Komissiyaya heç bir məlumat daxil olmayıb. Əlbəttə ki, bu işin işğal olunmuş ərazilərdə aparılması daha vacibdir. Hələlik münaqişədə status-kvonun mövcudluğu bizə həmin ərazilərdə iş aparmağa imkan vermir. Ermənistana isə bu işi aparmağa heç nə mane olmur. Həm də, yuxarıda qeyd etdiyim çərçivə sazişi BQXK ilə Ermənistan Respublikası arasında da imzalanıb.
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün qohumlarının işə cəlb edilməsi prosesi necə aparılır?
Ümumiyyətlə, Komissiya fəaliyyətə başladığı ilk illərdən vətəndaşlarla əlaqəli şəkildə işləmiş və şəffaflıq prinsipini əsas götürüb. Əlbəttə ki, itkinlərin taleyinin aydınlaşdırılması işində valideynlərin rolu vacibdir. Danılmaz fakt ondan ibarətdir ki, axtarış işini ilkin olaraq övladları itkin düşmüş valideynlər başlayıb, onlar övladlarının sorağı ilə onun döyüş yoldaşlarını, komandirlərini, dostlarını, onlar haqqında hər hansı məlumatı olan insanları müəyyən edib onlarla söhbətlər aparıblar. Ona görə də biz gündəlik şəkildə valideynlərlə təmasdayıq. Onlar Komissiyanın İşçi qrupunda özlərinin istədikləri vaxtda qəbul edilirlər. Yəni bizim ayrıca qəbul günümüz yoxdur və bunun üçün hər hansı məhdudiyyət mövcud deyil. Araşdırma prosesində əldə olunan hər hansı məlumat onlara bildirilir və onların vasitəsilə dəqiqləşdirilir. Eyni zamanda, valideynlərin verdiyi məlumatlar tərəfimizdən araşdırılır və dəqiqləşdirilir. Misal üçün - əgər valideyn itkin düşmüş övladının döyüş yoldaşının itkin barəsində vaxtı ilə ona hər hansı məlumat verdiyini bildirirsə, biz həmin döyüşçünü müəyyənləşdirib onun ifadəsini alırıq və məlumatı təhlil edirik. Bundan başqa, biz aidiyyəti yerli qurumların vasitəsi ilə də valideynlərlə əlaqələr yaradırıq. Zəruri hallarda isə əməkdaşlarımız yerlərə ezam olunaraq onlarla iş aparır.
Bəzən mətbuatda Ermənistanla Azərbaycanın əsirləri və yaxud ölmüş şəxslərin meyitlərini dəyişdirməsi fikri səsləndirilir. Bu nə dərəcədə düzgündür? Əsirlər bir-birləri ilə dəyişdirilə bilərmi?
Bu cür yanaşma kökündən səhvdir. Çünki beynəlxalq humanitar hüquq əsir-girovların dəyişdirilməsini və danışıqlarda dəyişdirilmə şərtinin irəli sürülməsini qadağan edir. Bu məqamlar beynəlxalq humanitar hüququn əsas mənbəyini təşkil edən 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarında da təsbit edilib. Əsir düşmüş şəxs heç bir şərt olmadan öz ölkəsinə qaytarılmalıdır. Vətəninə qayıtmaqdan imtina etdiyi halda isə üçüncü ölkəyə göndərilməlidir. Əsir düşmüş hərbçi onu əsir götürən ölkədə daimi saxlanıla və ya al-ver obyektinə çevrilə bilməz. Ona görə də mətbuat bu mövzuda yazanda gərək diqqətli olsun. Bu il Komissiyanın 20 illik fəaliyyəti ilə bağlı biz “Humanitar dəhlizdə həyata keçirilən missiya” adlı kitab nəşr etdirmişik. Mən bütün jurnalistlərimizə tövsiyə edirəm ki, o kitabı oxusunlar. Orada bu problemlə bağlı bütün nəzəri və praktiki məsələlər tədqiq edilib.
Fəaliyyəti ilə bağlı Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla əməkdaşlığı hansı səviyyədədir?
Dövlət Komissiyası Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalardan irəli gələn prinsipləri əsas götürərək beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Müharibə qurbanları ilə iş aparan bir qurum üçün bu vacib amildir. Bu baxımdan əməkdaşlıq etdiyimiz ən vacib qurum təbii ki, Beynəlxalq Qızıl Xaç Komitəsidir. Bu qurum 1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb və Komissiya yaradıldığı ilk gündən etibarən onunla əməkdaşlıq edib. Komissiya yaradıldıqdan sonra hərbi əməliyyatların gedişində (eyni zamanda, atəşkəsdən sonrakı dövrdə) əsir-girov götürülmüş şəxslərin azad olunması və həlak olmuş insanların meyitlərinin alınması və qarşı tərəfə verilməsi prosesi əsasən bu qurumun vasitəçiliyi ilə reallaşdırılıb. Bundan başqa, deyə bilərəm ki, Komissiya bu illər ərzində ATƏT, AŞPA kimi beynəlxalq qurumlarla, həmçinin bir sıra QHT-lərlə əməkdaşlıq edib.
Azərbaycanda saxlanılan beş nəfərdən ibarət erməni ailəsinin taleyinə hələ də aydınlıq gətirilməməsinin səbəbi nədir? Onlar burada hansı statusla saxlanılırlar və nə vaxta qədər qalacaqlar?
Bildiyiniz kimi, Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı 2010-cu ilin yanvar ayında Azərbaycan Respublikasına könüllü gəliblər. Buna görə də onlar əslində müharibə qurbanı hesab edilmir, başqa sözlə nə əsir, nə də girov düşmüş şəxs deyillər. Ermənistan tərəfinin mətbuatda yaydığı məlumata əsasən, Yeqişe Gevorkyan barədə orada cinayət işi mövcuddur. Bu səbəbdən də o, Ermənistana qayıtmaqdan imtina edir və üçüncü ölkəyə getmələri barədə Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan hökuməti isə beynəlxalq qanunlara və üzərinə götürdüyü öhdəliklərə əsasən, bu ailə ilə bağlı məsələnin həlli üçün BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına müraciət edib. Hazırda həmin şəxslərin məsələsinin həlli ilə bu qurum məşğuldur.
Ermənistan hərbçisi Akop İnciqulyan əsir düşdükdən sonra Ermənistanın rəsmi dairələrinin mətbuatda bir ildən artıqdır bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan hərbçisi Firuz Fərəcovun Azərbaycana qayıtmaq istəyi barədə açıqlamaları cəmiyyətdə suallar doğurdu. Sizcə, Firuz Fərəcovun məhz indi Vətənə qayıtmaq istəyi barədə Ermənistan tərəfindən Cenevrə Konvensiyalarının pozulması deyil ki?
Əlbəttə, ki, Firuz Fərəcovun Azərbaycana qayıtmaq istəyi barədə açıqlamaların indi yayılması birmənalı şəkildə bu fikrin formalaşmasına əsas yaradır. Mətbuatdan məlum olur ki, Akop İnciqulyanın əsir düşməsi Ermənistan cəmiyyətində müəyyən narahatlıq yaradıb və hətta insanların aidiyyəti dövlət qurumları qarşısına yığılmasına səbəb olub. Bu baxımdan, açıqlamanın indi verilməsi bizim üçün təəccüblü görünmədi. O ki qaldı Ermənistan tərəfindən Cenevrə Konvensiyalarının pozulmasına, bu heç kim üçün sirr deyil.
Firuz Fərəcovun Azərbaycana qaytarılması nə vaxt baş tutacaq?
Sizin də qeyd etdiyiniz kimi, Firuz Fərəcovun Azərbaycana qayıtmaq barədə qərar qəbul etməsi barədə məlumatlar Ermənistana məxsus KİV-də yayımlanmış və bu zaman bu ölkənin rəsmi şəxslərinə istinad edilib. Ancaq hələlik bu barədə neytral vasitəçi olan BQXK-dan Dövlət Komissiyasına rəsmi məlumat daxil olmayıb. Əgər BQXK bu barədə rəsmi məlumatı Komissiyaya təqdim edərsə, biz F. Fərəcovun azad edilməsi barədə bütün zəruri işləri qısa müddətdə həyata keçirəcəyik.
Akop İnciqulyanın məsələsi barədə nə deyə bilərsiniz? O, Ermənistana qayıtmaq, ya üçüncü ölkəyə getmək barədə qərar qəbul edibmi?
Onu deyə bilərəm ki, Akop İnciqulyan əsir düşdükdən qısa müddət sonra onun barəsində BQXK məlumatlandırılıb və o, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normalara uyğun saxlanma şəraiti ilə təmin edilib. Sizə də məlum olduğu kimi, avqust ayının 20-də BQXK-nın əməkdaşları artıq ona baş çəkiblər. Akop İnciqulyanın saxlanma şəraiti və səhhəti normaldır. Hansı qərarı qəbul etməsi isə onun müstəsna hüququdur. Vətəninə qayıtmaq barədə qərar qəbul edəcəyi təqdirdə Azərbaycan Respublikası onun qaytarılmasına yardımçı olacaq və bu, təmin ediləcək. Ümumiyyətlə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir və girov götürülmüş şəxslərin uzun müddət saxlanmasının tərəfdarı deyil.