Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundovun APA-ya müsahibəsi
Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayı açıqlanıb.
13 Mar 2023
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundovun APA-ya müsahibəsi:
- İctimaiyyətə məlumdur ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük qələbədən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası gücləndirilmiş iş rejimdə çalışır. Hazırda Dövlət Komissiyasının qarşısına qoyulmuş vəzifələrin səmərəli icrası üçün tələb olunan əsas şərtlər nədən ibarətdir?
- Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında duran əsas vəzifələrdən biri silahlı münaqişə zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı işinin aparılmasından ibarətdir. Qeyd etmək lazımdır ki, Vətən müharibəsi başlayanadək, yəni I Qarabağ müharibəsində 1480 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib. Onlardan 378 nəfər hərbçilər, 1102 nəfər mülki şəxslərdir. Mülki şəxslərin arasında 224 uşaq, 357 qadın, 225 qoca da olub.
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 71 nəfər yetkinlik yaşına çatmamış uşaq, 267 nəfər qadın, 326 nəfər qoca da var.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hal-hazıra kimi məlumat vermir.
Ərazilərimizin işğalda olduğu 30 il müddətində Ermənistan bu sahədə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyi üçün itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində mürəkkəb situasiya yaranıb. Əlbəttə, Vətən müharibəsində əldə edilmiş böyük qələbə bu sahədə yeni imkanların açılmasına şərait yaratdı və Dövlət Komissiyası ilk uğurlu addımları atdı. Lakin hazırda Dövlət Komissiyasının qarşısına qoyulmuş vəzifələrin effektiv icrasına mane olan iki amil var. Bunlardan birincisi Ermənistanın I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etməməsidir. İkinci maneə isə ərazilərin minalar və partlamamış sursatlarla çirklənməsidir. Əlbəttə ki, bu illər ərzində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin düşmüş şəxslərə aid məzar yerləri barədə müəyyən məlumatlar toplanaraq sistemləşdirilib. Lakin dediyim kimi, ərazilərin minalarla çirklənməsi Komissiyanın fəaliyyətinin səmərəliliyinə mane olan əsas amildir.
- I Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı məsələ son zamanlar ən çox müzakirə olunan məsələlərdəndir. Ermənistan tərəfi də itkin düşmüş şəxslərə aid meyit qalıqlarının Azərbaycana təhvil verildiyini açıqlamışdı. Ermənistan tərəfindən ümumilikdə Azərbaycana neçə meyit qalığı qaytarılıb? Ermənistan bu istiqamətdə əməkdaşlığı davam etdirirmi?
- Üçtərəfli Bəyanat imzalandıqdan qısa müddət sonra I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi, qazıntı və ekshumasuya işlərinin aparılması məsələsi gündəmə gəldi.
Bir məqamı xüsusilə qeyd etməliyəm ki, Ermənistanın bu sahədəki açıqlamaları daha çox imitasiya xarakteri və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi daşıyır. Biz ötən müddət ərzində Ermənistandan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində məqsədyönlü fəaliyyətin şahidi olmamışıq. Məlumdur ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün şəxslər Ermənistan tərəfindən işğal edilmiş və bu ölkənin silahlı birləşmələrinin 30 il nəzarət etdiyi ərazilərdə itkin düşmüşlər. Yəni bu o deməkdir ki, həmin şəxslər barədə məlumatlar daha çox Ermənistan tərəfdədir. Hətta Ermənistan rəsmiləri bunu inkar belə etmirlər, onlar mətbuata açıqlamalarında bunu təsdiq edən fikirlər səsləndiriblər.
Üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfinin bu sahədə müəyyən addımlarının şahidi olmuşuq, ancaq bu itkin düşmüş şəxslərin tapılması və qarşıda duran vəzifələrin icrası üçün adekvat sayıla bilməz. Hətta çəkinmədən deyə bilərəm ki, Ermənistan tərəfindən meyit qalıqlarının verilməsi texnologiyası onların eyniləşdirilməsi sahəsində əlavə çətinliklərin yaranmasına səbəb olur. Meyit qalıqları dünyada qəbul edilmiş qaydalara uyğun ekshumasiya edilməli və xüsusi qaydalarda qablaşdırılmalı və daşınmalıdır. Bu qaydalara əməl edilmirsə, nəticənin əldə edilməsi bir çox hallarda mümkün olmur.
Qarşı tərəf hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 67 meyit kisəsində 148 şəxsə aid olduğu bildirilən qarışıq meyit qalıqlarını təhvil verib. Lakin mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində qarşı tərəfdən verilmiş qarışıq meyit qalıqlarının 117 şəxsə aid olduğu müəyyən edilib.
- Hazırda kimliyinin müəyyənləşdirilməsi üçün neçə meyit qalığı üzərində iş aparılır?
- Ümumiyyətlə, Üçtərəfli Bəyanatın imzalanmasından ötən müddət ərzində aidiyyəti dövlət qurumlarının mütəxəssisləri tərəfindən ehtimal edilən 415 şəxsə aid meyit qalığının eyniləşdirilməsi üçün təxirəsalınmaz və zəruri işlər aparılır. Qeyd etdiyim kimi, bu qalıqlardan 117-si qarşı tərəfdən verilib. 115-i 2021-ci ilin fevral ayından 2022-ci ilin noyabr ayınadək işğaldan azad edilmiş Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Edilli kəndi, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi, Xocalı rayonu Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış qazıntı və ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Kəlbəcər, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən müəyyən edilib. 183 meyit qalığı isə I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş şəxslərə aiddir.
- Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birlikdə itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi işi artıq yekunlaşıbmı? Neçə bioloji nümunə götürülüb?
- Artıq ictimaiyyətə məlumat verildiyi kimi, Dövlət Komissiyası BQXK ilə imzalanmış müvafiq çərçivə sazişinə uyğun olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlayıb. BQXK ilə birgə icra edilmiş bu əhəmiyyətli layihə 2022-ci ilin dekabr ayında başa çatdırılıb. Hazırda 3492 itkinin ailə üzvlərindən 10 805 bioloji nümunə toplanıb. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə müəyyənləşdirilərək götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi üçün mütəxəssislərin sərəncamında kifayət qədər DNT materialı var. Ancaq sözsüz ki, iş prosesində zərurət yarandıqda qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə bioloji nümunələrin götürülməsi işi aparılacaq. Toplanmış bioloji nümunələr onlardan DNT profillərinin çıxarılması məqsədilə aidiyyəti üzrə laboratoriyaya təqdim edilib. Hazırda DNT profillərinin çıxarılması sahəsində zəruri işlər davam etdirilir.
- Dövlət Komissiyası BQXK ilə birlikdə başqa hansı layihələri həyata keçirir? Bu layihələrin əsir, girov və itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin müəyyən edilməsində hansı rolu var?
- Əvvəla qeyd etmək yerinə düşər ki, Dövlət Komissiyası 2022-ci ildə qarşıda duran ən vacib vəzifə kimi Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olması ehtimal edilən məzar yerlərində fevral ayından insan qalıqlarının ekshumasiyasına başlayıb.
2022-ci ilin fevral ayının 22-dən 27-dək Xocavənd rayonunun Edilli kəndinin ərazisinə baş tutmuş ilk səfər zamanı Dövlət Komissiyasında toplanmış şahid ifadələri və digər materiallar əsasında I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilən dəfn yerlərində ekshumasiya prosesi nəticəsində 4 şəxsin tam anatomik skeleti və 3 şəxsə aid olan meyit qalıqları götürülüb. Eyni zamanda, həmin məzarlıqda daha çox şəxsə aid meyit qalıqlarının olması ehtimalı öz təsdiqini tapıb və axtarış-qazıntı işlərinin davam etdirilməsi məqsədəuyğun hesab olunub.
Ekshumasiya işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədilə BQXK-nın Dövlət Komissiyasına ünvanladığı müraciətə əsasən, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi qərara alınıb.
Layihə ilə bağlı ötən ilin iyul ayında BQXK tərəfindən təşkil edilmiş üç günlük təlim-kursda tərtib edilmiş plana əsasən, avqust ayının 3-dən 5-dək Dövlət Komissiyasının İşçi qrupu, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, ANAMA və BQXK-nın mütəxəssislərindən ibarət 10 nəfərlik heyət Xocavənd rayonunun Edilli kəndinə səfər edib, orada olan üç məzar yerinə ilkin baxış həyata keçirilib.
Plan üzrə qazıntı işləri sentyabr ayının 14-dən 30-dək Xocavənd rayonunun Edilli kəndində davam etdirilib. Proses zamanı cari ilin fevral ayında aparılmış qazıntı zamanı 4 şəxsə aid meyit qalığının tapıldığı kütləvi məzarlıqdan əlavə olaraq 2, həmin kütləvi məzarlığın yaxınlığında isə tək-tək basdırılmış 3 nəfərə aid meyit qalıqları, 1 və ya daha çox şəxsə aid olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.
Bundan başqa, həmin ərazidə müəyyən edilmiş yeni sahə üzrə aparılmış qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkar olunub və ekshumasiya prosesində oradan 12 şəxsə aid tam anatomik skelet müəyyən edilərək götürülüb. Skeletlərlə birlikdə aşkar olunmuş artefaktlar onların Azərbaycan Ordusunun hərbi qulluqçularına aid olmasını ehtimal etməyə əsas verir.
Oktyabr ayının 14-dən 30-dək Xocavənd rayonunun Edilli kəndində davam etdirilən üçüncü axtarış-qazıntı prosesində daha bir kütləvi məzarlıq aşkar edilərək, 5 nəfərə aid meyit qalıqları götürülüb.
Pilot layihənin qazıntı ilə bağlı cari il üçün planlaşdırılan son mərhələsi BQXK-nın təqdim etdiyi koordinatlar üzrə 2022-ci ilin noyabr ayının 11-dən etibarən işğaldan azad edilmiş Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində başlamışdır. Plana əsasən, qazıntı prosesi noyabr ayının 25-dək davam edib. Toplanmış məlumatlara əsasən, həmin ərazidə kütləvi məzarlıq mövcud olub. Ancaq qazıntı prosesində kütləvi məzarlıq aşkar edilməsə də, ərazinin müxtəlif sahələrində 6 nəfərə aid sümük qalıqları aşkarlanaraq götürülüb. Mütəxəssislərin fikrinə görə, insan qalıqlarının əraziyə dağılmasının səbəbi işğal dövründə Ermənistan tərəfindən ərazidən əkin sahəsi kimi istifadə edilməsidir. 28 illik işğal dövründə dəfələrlə ağır texnika vasitəsi ilə ərazidə şumlamanın aparılması kütləvi məzarlığın dəqiq yerinin itməsinə və qalıqların sahəyə yayılmasına səbəb olub. Ərazidə qazıntı işləri gələcəkdə davam etdiriləcəkdir.
Ümumiyyətlə, ötən ilin fevral, sentyabr, oktyabr və noyabr aylarında Xocavənd rayonu Edilli və Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndlərinin ərazilərində aidiyyəti dövlət qurumlarının mütəxəssis qrupu və BQXK-nın ekspertlərindən ibarət 35-40 nəfərlik heyət tərəfindən həyata keçirilmiş qazıntı və ekshumasiya prosesində 32 nəfərə aid meyit qalıqları aşkarlanaraq götürülmüş və müvafiq ekspertizanın aparılması məqsədilə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
- İşğaldan azad olunan ərazilərdə məzar yerlərinin axtarışı ilə bağlı aidiyyəti qurumların mütəxəssislərindən ibarət qrup yaradılıb. Həmin qrupun fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Qeyd etdiyiniz kimi, 2021-ci ildə I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət qrup yaradılıb. Dövlət Komissiyasını sədri cənab Əli Nağıyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ildə bu qrupun tərkibində müəyyən dəyişiklər edilib və daha çevik mexanizm yaradılıb.
Bundan başqa, Vətən müharibəsində əldə edilmiş tarixi qələbədən sonra yaranmış yeni situasiya ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan-Ermənistan müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid kütləvi məzarlıqların aşkar edilməsi və çoxsaylı ekshumasiya işlərinin aparılacağı nəzərə alınaraq, Komissiyanın tərkibinə Fövqəladə Hallar Nazirliyinin, Minatəmizləmə Agentliyinin, beynəlxalq ictimaiyyətin məlumatlandırılması sahəsində zəruri işlərin aparılması məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin daxil edilməsi məqsədilə təkliflər hazırlanaq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və Prezidentin 17.11.2022-ci il tarixli 3589 nömrəli Sərəncamı ilə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Yuxarıda qeyd etdiyim kimi, 2021-ci ildə I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət qrup 2022-ci ildə BQXK ilə birlikdə altı məzar yerində qazıntı işlərinin aparılması üçün həyata keçirilmiş pilot layihədə uğurla iştirak etmiş və yüksək təcrübə qazanıb.
- I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsi sahəsində hansı işlər görülür. Yeni kütləvi məzarlıqların aşkar edilməsi ehtimalı varmı?
- Dövlət Komissiyası fəaliyyətə başladığı vaxtdan etibarən itkin düşmüş şəxslərə, o cümlədən onlara aid məzar yerlərinə dair məlumatların toplanması işi diqqət mərkəzində saxlanılıb. Materialların təhlilinə əsasən, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri və erməni silahlı-separatçı dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilir. Eyni zamanda, bu sahədə BQXK ilə yaxından əməkdaşlıq edilir. Əldə edilmiş razılığa uyğun olaraq BQXK ötən il qurumda olan müəyyən məlumatları Dövlət Komissiyasına təqdim edib. Toplanmış məlumatlar əsasında ötən il xüsusi xəritələr tərtib edilib. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini hazırda da davam etdirir. Ancaq yuxarıda da qeyd etdiyim kimi, itkinlər barədə təfsilatlı məlumatlar daha çox Ermənistan tərəfdədir. Ümid edək ki, Ermənistan bu sahədə məlumatların təqdim edilməsi və konstruktiv əməkdaşlıq nümayiş etdirilməsi imkanını özündə tapacaq.
- İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində hansı tədbirlər görülüb?
- Sözsüz ki, işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkarlanması faktı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, xüsusən də 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını pozması faktlarını təsdiq edən sübutlardır. Bu pozuntularla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması zəruri və təxirəsalınmaz vəzifədir.
Ermənistan hərbçiləri tərəfindən azərbaycanlı mülki və hərbçi şəxslərə qarşı törədilmiş cinayət əməllərinin və beynəlxalq humanitar hüquq normalarının kobud surətdə pozulması faktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə ötən il ərzində Finlandiya, Rumıniya, Çexiya, Polşa, Serbiya, Estoniya, Belçika, ABŞ, Böyük Britaniya, İordaniya, Türkiyə, Niderland Krallığı, Nigeriya, Portuqaliya, Bosniya və Herseqovina, Albaniya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova və Litvada fəaliyyət göstərən QHT-lərin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, tanınmış alimlər, ictimai xadimlər, ekspertlər, jurnalistlər və Azərbaycanda fəaliyyət göstərən səfirliklərin hərbi attaşelərinin Xocavənd rayonu Edilli kəndinə təşkil edilmiş səfərləri zamanı onlara aşkar edilmiş kütləvi məzarlıqlar, münaqişə nəticəsində itkin düşmüş şəxslərin axtarışları, bu sahədə görülmüş və planlaşdırılan tədbirlər haqqında ətraflı məlumat verilib. Əlbəttə ki, bu sahədə tədbirlər, xüsusən də Ermənistanın törətdiyi müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi sahəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdiriləcək.
apa.az
apa.az