01 Avq 2017
XX əsr Azərbaycanın milli dövlətçilik tarixində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli bir zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi - azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır. Sonrakı mühüm tarixi hadisələr - 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası və IX Qızıl Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoysa, 70 il müddətində Azərbaycan dövlətçiliyinin əsas atributları qorunub saxlanılmış, 1991-ci ildə yeni tarixi şəraitdə isə Azərbaycan xalqı bir daha öz dövlət müstəqilliyini bərpa etmiş, Azərbaycan Respublikası yaradılmışdır.
Lakin bütün bu əlamətdar hadisələr Azərbaycan xalqı üçün heç də asan başa gəlməmiş, onun varlığını belə şübhə altında qoyan qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdur.
Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə təkan verən əsas amillərdən biri, və bəlkə də ən başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur.
Əslində bütün bu hadisələrin hələ XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar. 1828-ci ilin martında İrəvan və Naxçıvan xanlıqlarının əraziləri rus hökuməti tərəfindən “Erməni vilayəti” altında inzibati vahid altında birləşdirilir və beləliklə, Azərbaycan ərazilərində, azərbaycanlı əhali arasında bir erməni anklavı yaradılır. Doğrudur, artıq 1840-cı ilin aprel ayında “Erməni vilayəti” ləğv olunur. Lakin bu, keçən 12 il ərzində “vilayətdəki” erməni əhalisinin sayının 2 dəfə artmasına baxmayaraq, azərbaycanlı əhalinin hələ də üstünlük təşkil etdiyi həmin ərazilərin ermənilər tərəfindən əzəli “erməni” torpaqları elan edilməsinə mane olmur.
XIX əsrin sonlarından “Qnçak” və “Daşnaksutyun” erməni partiyalarının meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazilərində Erməni
dövlətinin yaradılmasına yönəlmiş fəal və yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyətin əsası qoyulur. 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı ilk və irimiqyaslı silahlı çıxışları baş verir. I rus inqilabının başlanması ilə ölkədə yaranan qarışıqlıqdan istifadə edən erməni təşkilatlarının “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün 1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi arasında törətdiyi silahlı münaqişə az sonra erməni-azərbaycanlı qırğınlarına çevrilir və bütün Cənubi Qafqaz regionunu əhatə edir. Bakı, Tiflis, İrəvan, Gəncə quberniyalarında, xüsusilə Qarabağ, Zəngəzur və digər yerlərdə baş vermiş və təxminən iki il davam etmiş qanlı toqquşmalar nəticəsində ən ümumi hesablamalara görə, 300-ə yaxın yaşayış məntəqəsi (158 Azərbaycan və 128 erməni kəndi) dağıdılır, müxtəlif mənbələrə görə 3 mindən 10 minə qədər insan həlak olur. (1)
Maraqlıdır ki, hələ öz dövründə həmin hadisələrin bilavasitə şahidi olmuş bir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraqları olan qüvvələrin məqsəd və planlarını çox dəqiq izah etmişlər. Tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov yazırdı: “…ermənilər ən ciddi şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavetpol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars vilayəti ilə birlikdə Türk Ermənistanına birləşmək və orada müstəqil erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Osmanlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna nail ola bilmədilər”.
(2) Burada azərbaycanlı əhalinin həmin hadisələr zamanı rolu da qeyd olunmalıdır. Belə ki, qəbul edilmiş ən müxtəlif rəylərə görə, “Daşnaksutyun” kimi “təşkilatı olmayan və plansız hərəkət edən”, kifayət qədər silahlanmamış və ibtidai hərbi hazırlıq keçməmiş azərbaycanlılar” o zaman bütün çətinliklərə baxmayaraq mütəşəkkil erməni hərbi dəstələrinin hücumunu dəf etmiş və layiqli müqavimət göstərə bilmişdilər. (3)
Qırğınlar yatırıldıqdan cəmi bir neçə il sonra, 1911-ci ildə tanınmış azərbaycanlı ədib Məmməd Səid Ordubadi neft sənayeçisi-milyonçu Murtuza Muxtarovun maddi dəstəyi ilə artıq öz dövrü üçün unikal olan bir sənədlər toplusu – “Qanlı sənələr” adlı kitab hazırlayır. Azərbaycanın bütün bölgələrindən və ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 245 məktub və digər materiallar əsasında (600-dən artıq mənbə), isti izlərlə yazılmış bu kitabda on minlərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kəndlərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin müəllif tərəfindən qərəzsiz xronikasını yaradılır. Lakin M.S.Ordubadi, faktların və hadisələrin təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran səbəbləri də təhlil etməyə çalışır və onları belə qruplaşdırır: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yerli hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların sadəlövhlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın ərazilərində “Böyük Ermənistan” yaratmaq məqsədilə, ermənilərin muxtariyyətə can atması”. (4)
Diqqətəlayiqdir ki, azərbaycanlı müəllif kitabın əvvəlində hər iki xalqı bu qanlı faciələrdən ibrət dərsi almağa çağırır və belə bir inam ifadə edirdi ki, onun bu əməyi, hər iki millətə iki il ərzində yol verdiyi “öz səhv və xətasını düşünmək” üçün “mənəvi səmərələr və faydalar verəcəkdir”. (5)
Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, ermənilər 1905-1906-cı il hadisələrindən tamamilə başqa dərslər almışlar. Azərbaycanlıların göstərdiyi silahlı müqavimət və Rus dövlətinin son nəticədə bu qırğınların qarşısını alması erməni millətçilərində belə bir qənaətin möhkəmlənməsinə səbəb oldu ki, azərbaycanlılar yaşayan əraziləri ələ keçirmək üçün yaxşı silahlanmış ordunun himayəsi altında onların üzərində hakimiyyətə malik olmaq, yaxud ən azı, mövcud hakimiyyətlə və Azərbaycandakı digər xristian əhali ilə ittifaq yaratmaq lazımdır. Daha sonra – azərbaycanlılar üzərində qələbə çalmaq üçün ən əvvəl onların tərksilah edilməsinə nail olunmalıdır. Bütün qalan işlər – dinc azərbaycanlı əhalinin kütləvi qırğınları, dəqiq deyilərsə, gələcək “Böyük Ermənistan” ərazilərində aparılacaq etnik təmizləmələr artıq işin texniki tərəfi idi.
İstər 1918-ci il qırğınları, istərsə də 1988-ci ildən başlanan faciəvi hadisələri, ermənilərin Azərbaycanda məhz bu qənaət əsasında hərəkət etdiklərini sübut etdi.
1917-ci ildə Rusiya imperiyasının süqutu, daha sonra bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazın tarixində böyük siyasi hadisələr və sarıntılar, o cümlədən daha geniş miqyaslı münaqişə və müharibələr ilə səciyyələnən yeni dövr başlanır. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail olurlar. Gürcülərin də öz dövlətini yaratmaq hüququ mübahisə doğurmur. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlıların siyasi hüquqları nə Qərb dövlətləri, nə də neftlə zəngin Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən Rusiya və erməni siyasi qüvvələri tərəfindən qəbul edilmir. Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına çıxması və Azərbaycanlıların milli hüquqları uğrunda ciddi mübarizəyə başlaması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda, tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq planını tədricən həyata keçirən erməni millətçilərini narahat etməyə bilməzdi. 1918-ci ilin mart ayına qədər ermənilər artıq öz əsas niyyətlərindən birini
– hələ mövcud olmayan erməni dövləti üçün Cənubi Qafqazın cənub-qərbində – Qars, İrəvan quberniyası, Zəngəzur, Göyçə, Yelizavetpol quberniyasının bir sıra qəzalarında və Qarabağda dinc sakinlərin – azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi surətdə qırılması yolu ilə böyük ərazilərin yerli əhalidən təmizlənməsini həyata keçirə bilmişdilər. Məs., təkcə İrəvan quberniyasının 199 kəndi yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldılmışdı. (6) Lakin gələcək “Böyük Ermənistanın” taleyi şəhərlərdə, o cümlədən Bakıda həll edilirdi.
Həmin dövr V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Şaumyan Bakıda Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün hər vasitəyə əl atır, açıq-aşkar “Azərbaycan muxtariyyətini arzu edən müsavatçılar bir yığın xarabalıqlar əldə edəcəklər” kimi bəyanatlar verirdi. (7) Məhz bu dövrdə bolşevik liderləri ən ciddi şəkildə Bakının və Bakı quberniyasının digər Xəzəryanı ərazilərinin Azərbaycandan təcrid edilməsi və daha sonra Rusiya Federasiyasının tərkibinə daxil edilməsi planlarını işləyib hazırlayırdılar. Bakının Azərbaycandan təcrid edilməsi ideyası “Daşnaksütun” partiyası üçün də sərfəli idi, çünki, Cənubi
Qafqazda Bakı və Yelizavetpol quberniyalarının ərazilərinin gələcək erməni dövlətinin tərkibinə daxil edilməsinə dair onun öz planlarının həyata keçirilməsini yüngülləşdirirdi. (8) Beləliklə, Bakıda Azərbaycan milli qüvvələrinin darmadağın edilməsində və bu qüvvələrin sosial bazasının – müsəlman əhalisinin məhv edilməsində özəyi ermənilərdən ibarət olan bolşevik təşkilatlarının və erməni millətçilərinin mövqeləri üst-üstə düşür və ermənilərlə bolşevik hakimiyyəti arasında ittifaq yaranır. Təsadüfü deyil ki, hər iki tərəf qarşıya qoyulan vəzifənin həlli üçün eyni fəallıqla ordu toplanması ilə məşğul olurdu.Erməni ordu korpusunun təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroqradda olan yüksək rütbəli erməni hərbiçiləri məşğul olurdular. Məsələn, erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi. 1918-ci fevralın 6 və 7 –də keçmiş Rusiya ordusunun generalları İ.Baqramyan və A. Baqratuni, eləcə də
«Daşnaksütun”partiyasının yaradıcılarından biri S. Zoryan (Rostom) Bakıya gəlirlər.(9) Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan silahlı vuruşlarda onlardan istifadə etməyə cəhd göstərən Erməni Milli Şurası 1918- ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” çağırış ilə müraciət edir və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa və erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə tətbiq etmək üçün hazır olmağa çağırır. (10) Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun mövcud və yeni hissələrinin formalaşdırılması işi gedirdi, ordu sıralarına çağırışla Avakyan məşğul olurdu. Nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya” adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizi ermənilər təşkil edirdi. (11) Beləliklə, 1918-ci ilin martında Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən 6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütunun” isə “3-4 minlik milli dəstələri” var idi. (12) Məhz bu qüvvələr tərəfindən 1918-ci il mart ayının 29-da öz xidmət yoldaşları, müsəlman diviziyasının zabiti - Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak olmuş oğlu M.Tağıyevin dəfn mərasimindən “Evelina” gəmisində Lənkərana geri qayıtmağa hazırlaşan 48 nəfər silahlı azərbaycanlı hərbçilərinin tərksilah edilməsi kütləvi qırğınlara başlamaq üçün bəhanə olur. Şəhərin mərkəzi və istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalırlar. 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam edir, lakin onun üç günü azğıncasına və amansızlıqla qəddarlıq edən daşnak dəstələri tərəfindən şəhərin azərbaycanlı- müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnir. Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmır. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kənarı yollarda pusqular qururlar. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi,
Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər - sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olurlar.
Qırğınlar başlanandan bir gün sonra, martın 31-də azərbaycanlı əhalinin nümayəndələri Bakı Sovetinə, şəxsən Şaumyana müraciət edərək, qan tökülməsinin dayandırılması və şəhərin dinc azərbaycanlı əhalisinin həyatının mühafizəsi xatirinə onlara verilən ultimatumu qəbul edirlər. Lakin “elan edilmiş barışığa” baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsi, yanğınlar törədilməsi, yollarda və şəhər ətrafı kəndlərdə erməni silahlı quldur dəstələri tərəfindən insanların məhv edilməsi davam edir. Son nəticədə müsəlmanların kütləvi qırğınları Bakı Soveti tərəfindən deyil, aprelin 2-də bolşevik-daşnak qüvvələri tərəfindən aldadıldıqlarını başa düşmüş 36-cı Türküstan alayının və Xəzər rus dənizçilərinin qətiyyətli tələbləri və Bakı Sovetinin tabeçiliyindən çıxmaq hədələri sayəsində dayandırılır. (13)
1918-ci il mart ayının 30-da Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk- müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar öz kütləvi xarakterinə, miqyasına və amansızlığına görə “milli faciə” kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil oldu və Azərbaycan xalqının tarixinə yeni məfhum – “soyqırımı” gətirdi. Bu qırğınlar nəticəsində ən ümumi hesablamalara görə 12 mindən artıq dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar, qətlə yetirilmiş, müsəlmanlara məxsus yüzlərlə tarixi və mədəni abidələr, ictimai, dini, ticarət binaları, bütöv yaşayış məhəllələri dağıdılmış və yandırılmışdır. Yalnız məlum faktlara görə şəhərin müsəlman əhalisinə 400.000.000 rubl məbləğində maddi zərər vurulmuşdu. (14)
Lakin 1918-ci il azərbaycanlıların soyqırımı yalnız Bakıda mart hadisələri ilə məhdudlaşmırdı. Elə həmin günlər Şamaxıda da azərbaycanlı əhalinin kütləvi qırğınları başlanmışdı. Bakıda olduğu kimi Şamaxı hadisələri də bolşevik-daşnak qüvvələrini tərəfindən əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilirdi. 1917-ci ilin sonlarından başlayaraq Şamaxıya Bakıdan karvan-karvan silah və hərbi sursat daşınaraq erməni kəndlərində yerləşdirilmişdi və azərbaycanlı əhalinin bu qırğınların qarşısını almaq və ya ermənilərin və onların müttəfiqləri kimi çıxış edən rus-molokan əhalinin silahlı hücumunu dəf etmək cəhdləri baş tutmur. 3 minlik bolşevik-erməni-molokan birləşmələri 1918-ci il martın 29-dan aprelin 10- dək Şamaxıya kiçik fasilə ilə iki dəfə hücum edərək qədim şəhəri tamamilə yandırıb xarabazarlığa çevirir, bütün müsəlman məhəllələrini və evlərini, şəhərdəki bütün 13 məscidi, içərisində sığınacaq tapmış insanlarla birlikdə yandırır, azərbaycanlılara məxsus bütün ticarət və mülki obyektləri məhv edirlər. Şamaxı şəhərinin 21.127 min müsəlman əhalisinin 8 min nəfərdən çoxu qətlə yetirilir. Şəhərə və sakinlərə 1 milyard rubldan artıq maddi zərər vurulur. (15) Qırğınlar Şamaxı qəzasının kəndlərinə də yayılır, və sonrakı aylar da nəzərə alınmaqla qəzanın ümumilikdə 110 azərbaycanlı kəndi məhv edilir, yandırılır və dağıdılır. Kəndlərdə qətlə yetirilən dinc sakinlərin sayı, 4359 nəfəri qadın və uşaq olmaqla,
10.341 min nəfər, kəndlilərə vurulan maddi zərər 607.167.420 rubl təşkil edirdi. (16)
Şamaxıdan sonra qırğınlar Göyçay, Cavad, Ərəş, Nuxa və digər qəzaları əhatə edir, yüzlərlə kəndlər yandırılır, azərbaycanlı əhali soyqırımına məruz qalır, xilas
olmağa macal tapmış yüz minlərlə əhalinin böyük hissəsi öz torpaqlarında qaçqınlara çevrilərək meşələrə, dağlara, çöllərə səpələndi, kiçik bir qismi digər qəzalara və Bakıya üz tuturlar. Bu şəraitdə əhali arasında güclü epidemiya başlayır, aclıqdan, xəstəlikdən, soyuqdan, qorxudan ölənləri sayı öldürülənlərin sayından dəfələrlə çox idi.
1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək – cəmi iki həftə ərzində türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələri Quba şəhəri və Quba qəzasının 167 kəndində qırğınlar törədərək 4000-dən artıq dinc müsəlman əhalini qətlə yetirdi, yanğınlar, talanlar və qarətlər nəticəsində əhaliyə milyonlarla rubl maddi zərər yetirildi. (17)
1918-ci il qırğınları yalnız Bakı quberniyasının qəzaları ilə məhdudlaşmayaraq Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdi. Azərbaycanlıların bir xalq olaraq varlığı ciddi təhlükə altında idi. Bakıda hakimiyyəti ələ keçirmiş Şaumyan hökuməti Azərbaycan milli qüvvələrinin mərkəzi olan Gəncəni ələ keçirməyə və bununla da “Azərbaycan” məsələsini birdəfəlik həll etməyə can atırdı. Belə ağır bir şəraitdə Azərbaycan milli-siyasi qüvvələri tərəfindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ölkədə siyasi vəziyyəti kökündən dəyişdi. Türkiyənin hərbi yardımını ilə 1918-ci ilin iyul ayından başlayaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və nəhayət sentyabrın 15-də respublika paytaxtının – Bakı şəhərinin bolşevik-daşnak-rus hakimiyyətindən azad edilməsi ilə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir dövr başladı.
AXC hökumətinin I dünya müharibəsi başlanandan ölkə ərazisində müsəlman- azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı, qırğınlar və talanlar faktlarını araşdırmaq məqsədi ilə hələ 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası törədilən cinayətlərə dair istintaq işləri birlikdə 50-cildən artıq sənədlər hazırladı. (18) Beləliklə, Azərbaycan xalqının soyqırımı hadisəsinə ilk dəfə olaraq hüquqi qiymət verildi, həmçinin siyasi qiymət verilməsi cəhdi edildi. Məhz bu amildən çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi. (19)
Lakin təəssüflə qeyd olunmalıdır ki, azərbaycanlıların soyqırımına məruz qalması kimi faciələr hələ də yalnız tarixin yaddaşına keçməmişdir. Yaşadıqları ölkədə mühüm siyasi təbəddülatlar və sarsıntılar yaşanan zaman hər dəfə Azərbaycana qarşı ərazi iddiaları ilə ayağa qalxan erməni millətçiləri 1988-ci ildə, Sovet İttifaqında güc toplayan yenidənqurma siyasəti dalğasında hələ 1905-1906- cı illər hadisələrindən aldıqları dərsə uyğun olaraq, ölkə başçısı M.S.Qorbaçovun ətrafında cəmlənən erməni xadimlərinin dəstəyi və Sovet ordusunun birbaşa müdaxiləsi ilə yeni təxribat törətdilər. Müasir dövrdə Azərbaycan xalqı bir daha gözlənilmədən təcavüzlə üzləşdi. Uydurma “Qarabağ məsələsi” ətrafında qaldırılan misli görünməmiş təbliğat, Moskvanın düşünülmüş siyasəti və üzgörəliyi nəticəsində 200 mindən artıq dinc azərbaycanlı əhali zorla Ermənistandan, öz tarixi
torpaqlarından qovuldu, onların bir hissəsi yenə də ağlasığmaz vəhşiliklərdə qətlə yetirildi. Yaxşı silahlanmış erməni terrorçuları Qarabağda və Ermənistanla Azərbaycan sərhədlərində genişmiqyaslı müharibəyə başladılar. Mərkəzi hökumət bu silahlı çıxışların qarşısını almaq əvəzinə 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeritdi, 138 nəfər dinc əhali, o cümlədən qadınlar, qocalar, uşaqlar qətlə yetirildi, 700-dən artıq insan yaralandı. SSRİ-nin dağılması ilə erməni təcavüzü daha geniş vüsət aldı, rus qoşunlarının birbaşa iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizi işğal edildi. 1992-ci ilin fevralında ermənilər Qarabağda qədim Xocalı şəhərini yerlə-yeksan edərək onun dinc əhalisinə qarşı görünməmiş vəhşiliklər törətdilər. 613 nəfər qəddarcasına məhv edildi, 421 nəfərə xəsarət yetirildi, 1275 nəfər ikin düşdü və girov götürüldü. (20) Bütün bu hadisələr Azərbaycanın müasir tarixinə “Xocalı soyqırımı” kimi həkk olunaraq, “soyqırımı” ifadəsini bir daha gündəmə gətirildi.
Bu gün Azərbaycan dövləti erməni millətçilərinin azərbaycanlılara qarşı tarix boyu törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu hadisələrin “soyqırımı” kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanın elmi ictimaiyyəti, ilk növbədə həmin məsələlərlə məşğul olan Azərbaycan tarixçiləri də bu sahədə tədqiqatlarını daha geniş müstəvidə, zamanın tələbləri şəraitində davam etdirməlidirlər.
tarix elmləri doktoru, professor.
MƏNBƏLƏR.
1. Tadeusz Swietochowski. Russia and Azerbaijan: A Borderland in Transition. Columbia University Press, 1995,. р. 40.
2. Azərbaycan Respublikasının Dövlət Arxivi (Bundan sonra: AR DA), f.1061, s.1, iş.86, v.74.
3. Kazem-Zadeh Firuz. Struggle for Transcaucasia (1917-1921). New-York, 1951, р. 29.
4. Ordubadi M.S. Qanlı illər. Bakı, 1991, s. 8-11.
5. Yenə orada, s. 7.
6. AR DA, ф.894. siy.10, iş 80, v.v.49-56.
7. “Бакинский рабочий” qəzeti, Bakı, 1918, 17 fevral.
8. Bax.: Балаев А. Февральская революция и национальные окраины. Мартовские события 1918 г. в Азербайджане. М., 2008,, s.41.
9. “Армянский Вестник” jurnalı,Yerevan, 1999 г., № 1-2 (elektron versiyası)
10. AR Pİİ SSA, f.276, siy.8, iş 155, v. 8.
11. Yenə orada, f.276, siy.2, iş.20, v.44.
12. Şaumyan S.G.Seçilmiş əsərləri, Bakı, 1978, s. 260.
13. AR Pİİ SSA, f.277, siy.2, iş14, v.51 14. AR DA f. 894, siy.10, iє 148, v. 30. 15. AR DA, f. 1061, siy. 1, iş 3, v.56.
16. Bax: Солмаз Рустамова-Тогиди. Шемаха. Март-Июль 1918 г. Азербайджанские погромы в документах. Т.I, Город Шемаха, Баку, 2013, стр.132, 143,
17. Bax: Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə, Bakı, 2013, s. 285
18. Solmaz Rüstəmova-Tohidi. Bakı. Mart.1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Bakı, 2013, s. 65-80.
19. Yenə orada, s. 364-367
20. Bax: Xocalı- 1992, Bakı, 2014, səh. 43.