Haradasınız, itkin uşaqlar?!

Oğurlanmış gülüşlərin izi ilə.
Dünyanın bütün uşaqları bir-birinə bənzəyirlər; öz ərköyün və şıltaq təbiətləri, məsum baxışları, şirin gülüşləri ilə… Onlar isə kimsəyə bənzəməzlər; naməlum qalan taleləri ilə.
Dünyaya uşaq gəlir ki, sevinc gətirsin; ata qəlbinə təpər, ana ürəyinə fərəh kimi. Onlar isə həm valideynlərinə, həm də Azərbaycana öz boylarından, yaşlarından da böyük və ağır dərd yükü qoyub itdilər… qeyb oldular!
Xocalı şəhərinin işğalı zamanı 1987-ci il təvəllüdlü Rəcəb Elxan oğlu, 1988-ci il təvəllüdlü Səbinə Elxan qızı və 1992-ci təvəllüdlü Məhsəl Elxan oğlu anaları Hüseynova Mehriban Allahverdi qızı ilə birlikdə ermənilər tərəfindən girov götürülüblər. Keçmiş hərbi əsir Mayıl Məhəmmədəli oğlu Məmmədovun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevanda istintaq təcridxanasında görüb. Lakin erməni tərəfi hələ də Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bugünədək gizlətməkdədirlər.
Xocavənd rayonunun Qaradağlı kənd sakini Tağıyev Mamed Qaçay oğlunun bildirdiyinə görə, 1993-cü ildə Abo adlı bir erməni milis işçisi ratsiya ilə ona Hüseynova Mehribanın üç uşağı ilə birlikdə Xankəndindəki uşaq bağçasında saxlanıldığını bildirmişdir.
1990-ci ildə doğulub Aygün. Hələ dünyanı təzə-təzə tanımağa başlayırdı, ürəyindəkiləri deməyə çalışırdı. 1993-cü – cü ildə Kəlbəcər rayonunun işğalı zamanı 1979-cu il təvəllüdlü bacısı Nəsibə, qardaşları – 1980-ci il təvəllüdlü Azər, 1983-cü il təvəllüdlü Məzahir, 1984-cü il təvəllüdlü Bəxtiyar, 1981-ci il təvəllüdlü Yaşarla birlikgə girov götürülüb. 14 iyul 1993-cü ildə Nəsibə, Azər və Bəxtiyar girovluqdan azad edilmişlər. Aygün, Yaşar və Məzahir isə girovluqda qalmışlar.
1993-cü ildə cəbhə xəttində keçirilmiş görüş zamanı ermənilərin Azərbaycan tərəfinə təqdim etdiyi azərbaycanlı əsir və girovların siyahısında Aygün Quliyevanın da adı olmuş və onun Xankəndində saxlanıldığı göstərilmişdir.
Bəndəliyev Xəyal Elbrus oğlu 1986-cı ildə doğulub, 31.03.93-cü il tarixdə Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı ailəsi ilə birlikdə şəhərdən çıxarkən girov götürülmüşlər. Keçmiş girov Əliyev Müşfiq Nadir oğlu Xəyalın ermənilər tərəfindən girov götürülməsini təsdiq etmiş, onun naməlum istiqamətə aparıldığını bildirmişdir. Xəyalın erməni girovluğundakı taleyi o andan naməlumdur.
Onunla birlikdə girov götürülən Əliyev Tural Nadir oğlu da bu gün taleyi məlum olmayan girovların sırasındadır. Girov götürüləndə Turalın 11 yaşı vardı. 1993-cü cəbhə xəttində Azərbaycan tərəfinə təqdim edilən siyahıda Turalın da girov saxlanıldığı göstərilmişdir.
Zeynalov Fariz Davud oğlu - 1984-cü ildə Kəlbəcərdə doğulub. 31.03.1993-cü il tarixdə qardaşları -1960-cı il təvəllüdlü Məhəmməd, 1966-cı ildə anadan olmuş Nizami, bacısı 1970- ci il təvəllüdlü Zeynalova Əsmayə və digər Kəlbəcər sakinləri ilə bərabər «KAMAZ» maşında şəhərdən çıxmağa cəhd edərkən atəşə tutulmuş və girov götürülmüşdür. Zeynalovların girov götürülməsi faktını Əliyev Müşfiq Nadir oğlu, Zeynalova Fitat Cəlal qızı və Zeynalov Davud Müseyib oğlu təsdiq edirlər.
Qubadlı rayonu işğal olunarkən ataları Məcnunov İzzət Qoca oğlu və anaları Məmmədova Afilə İbrahim qızı ilə birlikdə girov götürülmüş 1982-ci il təvəllüdlü Məcnunova Səkinə İzzət qızı və onun bacısı 1978-ci il təvəllüdlü Gülafənin Xankəndi şəhərindəki uşaq bağçasında saxlanılması faktını onlarla birlikdə saxlanılmış Babayev Elman Mövsüm oğlu təsdiq edir.
Ailəsi ilə birlikdə girov götürülmüş Füzuli rayon sakini 1980-ci il təvəllüdlü Rəhimov Vaqif Sədri oğlunun Xankəndində saxlanılması isə əsir və girovların dəyişilməsi ilə bağlı ermənilərlə aparılan danışıqlar zamanı məlum olub. Lakin erməni tərəfi girovları gətirmədiyindən dəyişilmə baş tutmayıb. Qardaşının bildirdiyinə görə, 1994-cü ildə Xankəndi alayının rəisi Elmira Ağayan telefon əlaqəsi zamanı onların Hadrut rayonunun Edilli kəndində mülki şəxslər tərəfindən saxlanıldığını demişdir.

1987-ci il təvəllüdlü Əliyev Səlim Cahangir oğlu qardaşı 1981-ci il təvəllüdlü Səbuhi ilə bərabər Xocalının işğalı zamanı girov götürülüblər. Beynəlxalq Amnistiya Təşkilatından Ann Burlinin imzası ilə 1993-cü ildə Dövlət Komissiyasına daxil olmuş məktubda Səbuhi və Səlim Əliyevlərin, o cümlədən, 1988-ci il təvəllüdlü Samir Tacir oğlu Cəfərovun girov saxlanıldığı qeyd edilmişdir. Lakin indiyədək bu uşaqlar haqqında da heç bir məlumat yoxdur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1.03.2004-cü il tarixli məlumatına görə, münaqişə zonasında əsir və girov götürülməsi faktı ermənilər tərəfindən danılan şəxslərdən 18 nəfəri 14 yaşına qədər olan uşaqlardır. Girov götürülən zaman onlardan ən böyüyü – Gülafə 14 yaşında, ən kiçiyi Məhsəl isə cəmi ay yarımlıq idi.
Girov götürüləndən sonrakı taleyi məlum olmayan bu 18 uşaq valideynləri və qohumları tərəfindən axtarılır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi bütün məsələlərdə olduğu kimi burada da beynəlxalq hüquq normaları ilə bərabər, həm də ən adi insani dəyərlərə məhəl qoymadan bu uşaqların girov götürüləndən sonrakı taleyi haqqında susmaqdadır.
Azərbaycanın və beynəlxalq qanunların nəzarətindən çıxmış Dağlıq Qarabağ ərazisində bu gün hüquqi normalara əməl edilmir və bu zonaya nə Azərbaycan, nə də münaqişəni həll etməyə meyl göstərən təşkilatlar nəzarət edə bilirlər. Necə deyərlər, «Dəyirman öz işindədir», Bu dəyirmanda üyüdülənlər isə Azərbaycan vətəndaşlarıdır.
S.Əsədovun və İ.Məmmədovun «Terrorizm» kitabında Xankəndində erməni uşaqları üçün Azərbaycan dilində xüsusi sinif açılması barədə məlumat var. Məlumatın nə dərəcədə dəqiq olduğunu deyə bilmərəm, amma ermənilərin girov saxladıqları uşaqlarımızdan sabah bizə qarşı istifadə edəcəyi şübhə doğurmur.
Nəhayət, bu girov götürülmüş uşaqların içərisində qızlar da var və indi yaşları təxminən 12-22 yaşlarındadır… Onlardan hansı məqsədlərlə istifadə ediləcəyini təsəvvür etmək isə çətin deyil.
Digər tərəfdən, Ermənistan artıq dünya mətbuatında insan orqanlarının və ümumən, insan alverində donor kimi öndə gedən ölkələr siyahısındadır. Əsir və girov götürülmüş, lakin bu gün itkin kimi axtardığımız vətəndaşlarımızın bu baxımdan da hədəfdə olduğunu demək mümkündür.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyanları getdikcə daha çox hiss edəcəyik. 20 mindən artıq insanın ölümünə, 50 indən rtıq vətəndaşımızın şikəst olmasına, 4869 nəfərin itkin düşməsinə, şəhər və kəndlərimizin, tarixi abidələrimizin dağıdılmasına səbəb olan bu ünaqişənin bizə vurduğu ən ağır zərbələrdən biri də məhz itkin düşmüş uşaqlar problemidir.
Onlar haradadırlar? Onlar hansı çörəklə, hansı düşüncə ilə böyüdülər?! Yaddaşlarında Azərbaycan adlı vətəndən bir parça qalıbmı?
Azərbaycan üçün ağrılı problemin biri də uşaqlarımızın axtarışının məhz göstərilən yerlərdə aparmaq imkanında olmamağımızdır. İstər əsir, girov və itkinlərin axtarışı, istərsə də insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar isə bu sahədə öz bacarıqsızlıqlarını və gücsüzlüklərini nümayiş etdiriblər. Lakin erməni tərəfinin sayğısızlığı həmişə cavabsız qalıb ki, son nəticədə bunun zərbəsi təkcə Azərbaycana deyil, bütün bəşəri dəyərlərə dəyəcək.
Fotoşəkillərə baxıram; bu baxışlardakı suallara, bu oğurlanmış təbəssümlərə dözmək çətindir! Onlar bizim üçün uşaq kimi qalıblar… Amma artıq onları uşaqlıqdan ən azı 10 ildən də çox zaman məsafəsi ayırır… Bu zamanda biz çox şey qazandıq, itirdiklərimizin ən ağırılı yarası məhz isə onlardır: İtkin uşaqlar!


Aygün Həsənoğlu
«525-ci qəzet»,
14 aprel 2004-cü il