13 Yan 2004
O, ABŞ məhkəməsində bədənlərinin hissələri kəsilmiş azərbaycanlı əsirləri gördüyünü bildirib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarından: 1992-ci il, fevral, Xocalının işğalı. Bu işğal zamanı rayonun əksər sakini kimi Əmirovlar ailəsi də erməni cinayətlərinin qurbanı olmuşdur. Xocalı işğal olunan zaman erməni silahlıları Təvəkkül Əmirovun da ailəsini girov götürmüşlər. Ermənilər Təvəkkülün həyat yoldaşı Əmirova Rayanı, 7 yaşlı qızı Yeganəni və Rayanın bacısı Göycəni girov götürərək yerindəcə güllələmişlər. Yaralı erməni əsgərini daşımaqdan imtina edən Əmirov Təvəkkülü isə benzin tökərək qızı Xəzəngülün gözü qarşısında diri-diri yandırmışlar.
1992-ci il, 27 iyul. İlham Nəsirov Ağdərə uğrunda gedən döyuşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüşdür. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və onun Yerevanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı bildirilmiş, İlham Nəsirovun azad edilməsi üçün hərbi əməliyyatlar zamanı itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərti irəli sürülmüşdür. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdır. Qospitalın rəisinin 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln rus publuna ailəsinə satmışlar. Nuxiyev Vaqif Qutayıs oğlu, Məmmədov Mehman Şura oğlu verilmiş işgəncələrin təsirindən Şuşa həbsxanasında vəfat etmişlər.
Əlbəttə, ermənilərin azərbaycanlı əsir və girovlara qarşı cinayətlərinin siyahısı bununla bitmir. Amma Ermənistan vətəndaşı Mesrop Martirosyanın ABŞ məhkəməsinə verdiyi ifadələrin-azərbaycanlı əsirlərə qarşı törədilmiş vəhşiliklər, cinayətlər barədə faktların mahiyyətini anlamaq üçün qeyd etdiyimiz bu faktlar, məncə, kifayət edər.
Belə ki, Ermənistan vətəndaşı, 1967-ci il təvəllüdlü Mesrop Martirosyan ABŞ-ın İmmiqrasiya şikayətləri üzrə Komissiyasının ona Amerikada sığınacaq verməmək barədə qərarından ABŞ Apellyasiya Məhkəməsinə (Kaliforniya ştatı) şikayət edir. Qeyd olunan məsələ üzrə Apellyasiya Məhkəməsində 2000-ci ildə keçirilmiş dinləmələrin mətni http://laws.findlaw.com/9th/9870979.html ünvanından əldə edilmişdir. Dinləmələr zamanı iddiaçı Mesrop Martirosyan Ermənistandan qaçması və ABŞ-dan sığınacaq istəməsini əsaslandırarkən, azərbaycanlı əsir və girovlarla bağlı diqqətçəkən faktlar açıqlamışdır. Lakin əvvəlcə Mesrop Martirosyan və onun ABŞ-dan sığınacaq istəməsi barədə.
M.Martirosyan ordudan tərxis edildikdən sonra 1990-1992-ci illərdə şəxsi sığorta şirkətində işləyib. Elə həmin illərdə də Ermənistandakı Amerika Universitetində ingilis dili kursları ilə məşğul olub. Bu müddətdə o, bir neçə gənc zabitlə «Zabitlər müharibəyə qarşı» qrup yaradır. Məhkəmə dinləmələrinin mətnində göstərilir ki, sözugedən qrup əsirlərə qarşı zorakı davranış, xüsusi ilə də erməni ordusunun nəzarətində olan, Dağlıq Qarabağdakı əsir düşərgələrində saxlanılan azərbaycanlı əsirlərə işgəncələr verilməsinə qarşı çıxışlar edib. M.Martirosyan məhkəməyə ifadəsində hərbi əsir düşərgələrində əzab verilmiş, bədənlərinin hissələri kəsilmiş əsirləri gördüyünü bildirib. «Mən qulaqları kəsilmiş insanlar görmüşəm… Uşaqların kəsilmiş bu qulaqlarla oynamasının şahidi olmuşam».
Daha sonra M.Martirosyan bildirir ki, Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etməsi üçün 1991-ci ildə könüllü dəstəyə qoşulmaq qərarını verir. Lakin Martirosyan, sovet zabiti kimi həbsdə olan şəxslərin (əsirlərin) düşərgəsinə göndəriləcəyini bildikdə, qərarını dəyişdirdiyini deyir.
İki il sonra isə erməni ordusunda xidmət məcburi xarakter alır və Martirosyan orduya çağırılır. «Erməni milli ordusu məni hərbi əsirlərin saxlandığı düşərgəyə göndərmək iətəyirdi. Lakin onlara bildirdim ki, mən əsgərəm, cəllad deyiləm. Mən əsirlərə qarşı eşitdiyim vəhşilikləri öz əməlimlə təkrarlaya bilmərəm». Məhkəməyə belə ifadə verən Martirosyanın sözlərinə görə, əgər onu əsir düşərgəsinə deyil, hərbi əməliyyatlarda iştirak etmək üçün ordu sıralarına göndərsəydilər, bunu məmnuniyyətlə edərdi. (Bu yerdə haşiyə etmək istərdim. M.Martirosyan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak qərarından danışır. Bununla, vətəndaşı olduğu Ermənistan ordusunun Azərbaycan ərazisindəki hərbi əməliyyatlarda iştirakını və deməli, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü də etiraf etmiş olur.)
Lakin ordudaya xidmətdən imtina edən M.Martirosyana və onun ailəsinə qarşı təqiblər başlayır. «Ermənistanda yaşamaq və həyat sürmək artıq dözülməz idi. Bu səbəbdən də 1994-cü ilin yanvarında Rusiyaya qaçdım»-o, məhkəməyə ifadəsində belə deyir. 1995-ci ilin aprelində hərbi milis Martirosyanın yerini öyrənmək məqsədi ilə onun kiçik qardaşını iki həftə müddətinə həbs edir. Bütün bunlardan sonra M.Martirosyanın qardaşı da ölkəsindən qaçaraq Polşada sığınacaq tapır. Beləliklə, bir müddət Rusiyada yaşayan M.Martrosyan ABŞ-dan sığınacaq istəməsinin səbəblərini məhkəmə dinləmələri zamanı belə əsaslandırır.
Bununla yanaşı, o, azərbaycanlı əsirlərə qarşı vəhşiliklər barəsində fikirlərini əsaslandırmaq üçün bir sıra beynəlxalq təşkilatların məqalələri və press-relizlərini də misal çəkir. Məsələn o, məhkəmə heyətinin nəzərinə çatdırır ki, "Human Rıghts Watch" təşkilatı 1993 və 1994-cü illərdə Ermənistan Respublikasının dəstəyi ilə Dağlıq Qarabağın erməni qüvvələri tərəfindən bir çox vəhşiliklərin törədildiyini bildirib. Lakin M.Martirosyan bütün bu vəhşiliklərdə, o cümlədən hərbi əsirlərlə qəddarcasına davranma hallarında, onların analarının ermənilər tərəfindən girov saxlanılması, əsirlərin özlərinin isə təhdid altında terror aktı törətmək məqsədi ilə Azərbaycana göndərilməsi kimi hallarda iştirak etmək istəmədiyini bəyan edərək məhkəmədən iddiasının təmin olunmasını xahiş edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarından:
03 iyul 1994-cü ildə Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarında 13 nəfərin həlak olması, 42 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verir. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı 13 yanvar 1994-cü ildə əsir götürülmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə «Ömər-75» təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.A.Aslanov «Yerevan-Mineralnıye Vodi-Bakı» marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və
«Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana
qayıdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunur. İstintaq müəyyən edib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar.
Beləliklə, məhkəmə dinləmələrinin sonunda ABŞ Apellyasiya Məhkəməsi Mesrop Martirosyan adlı şəxsin iddiasını təmin edərək, ona Amerikada sığınacaq verilməsi barədə qərar çıxarır. Əlbəttə, əsas məsələ bu, deyil.
Əsas odur ki, Ermənistan və işğal olunmuş Dağlıq Qarabağ ərazisində azərbaycanlı əsir və girovlara qarşı törədilmiş cinayətlər barədə Azərbaycan tərəfinin bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlara təqdim etdiyi faktlar bir daha Ermənistan vətəndaşının dilindən etiraf olunur. Lakin, Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı bu illər ərzində müşahidə olunan etinasızlıq burada da özünü nümayiş etdirir. Belə ki, ABŞ məhkəməsində araşdırma obyektinin M.Martirosyan adlı şəxsə sığınacaq verilməsi olsa belə, beynəlxalq hüquqla qorunan əsir və girovlara qarşı törədilən bu cinayət xarakterli faktlar insan haqlarının beşiyi sayılan ABŞ-ın məhkəməsində səslənmişdir. Dünyanın ən kiçik ölkəsində elementar insan haqqının pozulmasına müxtəlif səviyyələrdə hər an bəyanatlar verərək səsini ucaldan, müxtəlif vasitələrlə bu pozulmuş hüququn bərpa olunmasına qalxan ABŞ-ın məhkəməsində səslənmiş və günahsız insanlara qarşı törədilən cinayət əməllərindən xəbər verən ifadələrin üstündən göz yumulmaqla keçilir. Əlbəttə, bunun, ABŞ İmmiqrasiya Komissiyasının və ya ABŞ Apellyasiya məhkəməsinin araşdırma obyekti olmadığı aydındır. Amma bu, heç də günahsız insanlara qarşı terrorçu rejim və ya bu rejimi dəstəkləyən dövlət- Ermənistan tərəfindən törədilən qanlı cinayət faktlarına belə asanlıqla göz yummağa əsas verən amil deyil.
Yunis Orucov