1918-ci il  azərbaycanlıların soyqırımı. Göyçay və Cavad qəzalarında erməni vəhşilikləri.

“Hələ qırğınlardan çox əvvəl, ermənilər  bizimlə düşmənçilik edir və  deyirdilər ki, onlar bizə  padşahlıq edəcəklər,  ...”;
“Ermənilər sərxoş olanda lovğalanaraq ağızlarından qaçırırdılar ki, buraya daşıdığımız silahları müsəlmanlar  üçün hazırlayırıq, biz bütün müsəlmanları hörümçək toru kimi əhatə etmişik, gün gələcək, biz onların üzərinə cumaraq  məhv edəcəyik...”;
“Ermənilər deyirdilər ki, bizi onlar idarə edəcəklər, belə ki, qoy müsəlmanlar döyüşsüz-filansız  ermənilərə tabe olsunlar, çünki onlara İngiltərə və Qırmızı Ordu yardım edir”;
“Ermənilər deyirdilər ki, biz nahaq yerə türklərdən kömək gözləyirik, onlar gələ bilmirlər, ermənilər isə onsuz da bizi qıracaqlar”.
“Ermənilər bizi həm ölümlə, həm də müflis etməklə hədələyirdilər, deyirdilər ki, biz heç yerə qaça bilmərik, yalnız dənizə tökülə bilərik...
“Erməni zabitləri bizə açıq bildirirdilər ki,bu yerlərdə bir müsəlman belə qalmamalıdır.Onlar tez-tez təxribata əl atır, ruslarla bizim aramızda savaş yaratmaq istəyirdilər...;
“Ermənilər tərəfindən bizə qarşı milli düşmənçilik var idi və onlar müsəlmanları qırmaq üçün yaxşı təşkilatlanmışdılar;
“Onlar bizə açıq-aşkar nifrət edir və bizim torpaqlarda özlərinin müstəqil dövlətlərini yaratmaq istəyirdilər”.
Bu sətirlər 1918-ci ilin payızında Bakı quberniyasının Göyçay və Cavad qəzalarının sakinləri - əsasən savadsız, siyasətdən uzaq kənd əhalisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına (FTK) verdikləri şahid ifadələrindən götürülüb. Özü də bu ifadələr  ermənilərin öz  hədələrini artıq həyata keçirdikdən, yəni  kəndlər yandırıldıqdan, evlər talan edildikdən, təsərrüfatlar dağıdıldıqdan, dinc, günahsız insanlar, o cümlədən qadınlar və uşaqlar öldürüldükdən sonra verilib. “Ermənilər”, yaxud “onlar” dedikdə azərbaycanlı kəndlilər öz yaxın qonşularını – həmin qəzaların erməni kəndlərinin əhalisini, həmçinin  qatar-qatar Bakıdan və Tiflisdən gələn erməni əsgərlərini nəzərdə tuturdular.
Haqqında danışılan qırğınlar 1918-ci ilin yaz-yay aylarında baş vermişdi. Həmin vaxt bu yerlərdən çox-çox uzaqlarda I dünya müharibəsi öz sonluğuna yaxınlaşır, imperiyalar dağılır, yeni dövlətlər yaranır, artıq mövcud olmayan Rusiya imperiyasında müxtəlif siyasi partiyalar hakimiyyət uğrunda, ayrı-ayrı xalqlar isə öz hüquqları uğrunda mübarizə aparırdılar. Və elə həmin bu vaxt “dənizdən dənizə” dövlət xülyası ilə yaşayan bir millətin nümayəndələri  yaşadıqları ölkələrin siyasi həyatında müharibə və inqilablar nəticəsində yaranmış qarışıqlıq və böhrandan istifadə edərək hər nə yolla olursa-olsun öz mifik ideyalarını həyata keçiməyə – “Böyük Ermənistan”ı  yaratmağa çalışırdılar.
Bu ideyanın reallaşdırılmasına yönələn, on illiklər boyu düşünülmüş və xırdalıqlarına qədər planlaşdırılmış əməliyyatlar Kiçik Asiya və Cənubi Qafqaz ərazilərində aparılmalı, Osmanlı Türkiyəsi, Azərbaycan və Gürcüstan torpaqlarını əhatə etməli idi. Lakin 1914-cü ildən – I dünya müharibəsi başlanandan öz planlarını addım-addım həyata keçirən erməni millətçiləri 1918-ci ilin əvvəllərində özləri üçün heç də arzu edilən nəticələrə nail olmamışdılar. Əsrlərlə Osmanlı dövlətində yaşayan və bu ölkənin siyasi, iqtisadi və ictimai həyatında daim yüksək mövqələr tutmuş ermənilər müharibə başlanan kimi vətənlərinə xəyanət edib Rusiya tərəfində vuruşsalar da, müharibənin gedişində baş verən əsaslı dəyişiklər onların bu ərazilərdə dövlət yaratmaq planlarını xeyli çətinləşdirmişdi.  1915-ci il olayları – Osmanlı dövlətinin cəbhə bölgələrindəki erməni əhalisini ölkənin işərilərinə köşürməyə başlaması nəticəsində  1916-1917-ci illərdə  450 minə qədər erməni Osmanlı ərazilərini tərk edərək Cənubi Qafqaza üz tutmuşdu.  Qafqaz cəbhəsindən qaçan erməni hərbi hissələri və “Daşnaksütun” partiyasının silahlı birləşmələri ilə birlikdə onlar əsasən Azərbaycan ərazilərində - İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağ torpaqlarında -  yüzlərlə müsəlman kəndlərini darmadağın etmiş və yandırmış, yerli dinc azərbaycanlı əhalini isə öz ata-baba torpaqlarından qovmuş, qətlə yetirmiş, əmlaklarını qarət və talan etmişdilər. Məqsəd azərbaycanlılara məxsus əraziləri onun sakinlərindən boşaldalaraq burada məskunlaşmaq və  gələcək Erməni dövlətinin ərazi fundamentini təmin etmək idi.
FTK-na verdikləri ifadələrdən göründüyü kimi, müharibə cəbhələrindən və böyük şəhərlərdən uzaqlarda yaşasalar da, Göyçay və Cavad qəzalarının əsasən savadsız və ya azsavadlı kəndli əhalisi də baş verən hadisələrin mahiyyətini anlayır və məruz qaldıqları qırğınların səbəbkarları kimi məhz ermənilərin adını çəkirdi.  İstər yerli, istərsə də gəlmə ermənilərin törətdikləri  dəhşətli qanlı faciələri müsəlmanlara qarşı “milli düşmənçilik” hissi ilə izah edən və hətta  onların son məqsədini – “müstəqil dövlət yaratmaq” - açıqlayan Azərbaycan kəndliləri yalnız bir suala cavab verə bilmirdilər: cəmi bir neçə oniilik qabaq onların torpaqlarına köçüb gəlmiş,  bütün bu müddətdə yerli əhalidən yalnız mehriban qonşuluq münasibətləri görmüş ermənilərin azərbaycanlılara qarşı milli düşmənçilik və ədavət hissi nədən yaranmışdı və nə üçün ermənilər öz müstəqil dövlətlərini azərbaycanlıların əzəli torpağlarında yaratmaq istəyirdilər ?...
1918-ci ildə Bakı və Yelizavetpol quberniyalarının kütləvi qırğınlara məruz qalmış Bakı, Şamaxı, Quba, Şuşa kimi ictimai-iqtisadi və mədəni mərkəzlərindən  fərqli olaraq Göyçay və Cavad qəzaları ərazisində iri şəhərlər yox idi.  Qəza mərkəzləri kimi Göyçay və Salyan  yalnız 1916-cı ildə  şəhər statusu almışdılar. Bakı, Şamaxı, Şuşa kimi erməni icmasının fəal olduğu iri şəhərlərdən, yaxud  ermənilərin daha çoxsaylı və kompakt yaşadıqları İrəvan, Qarabağ, Zəngəzur qəzalarından fərqli olaraq, Azərbaycanın əsasən aran torpaqlarını əhatə edən Göyçay və Cavad qəzalarında erməni kəndlərinin və erməni əhalisinin sayı da çox deyildi.
Məs., həmin dövr Göyçay qəzasında (indiki Göyçay, Kürdəmir, Ağsu, Ucar (qismən) rayonlarının ərazisi) yaşayan 134 098 nəfər əhalinin  112 624 nəfəri azərbaycanlı, yalnız 17 207 nəfəri erməni idi. Qalan əhalinin 3296  nəfəri rus (əsasən molokan), qalanları yəhudi (815) və Qafqaz xalqlarının 153 nümayəndələrindən ibarət idi.
Cavad qəzasının (indiki Salyan, Sabirabad, Hacıqabul (qismən), Şirvan, Neftçala, Biləsuvar (qismən), İmişli, Saatlı, Zərdab) 162 305 nəfər ümumi əhalisinin 135 128 nəfəri azərbaycanlı,  26 128 nəfəri rus və yalnız 984 nəfəri erməni idi.
Beləliklə, hər 2 qəzada yerli azərbaycanlı əhali erməni əhalisindən 4-5 dəfə çoxluq təşkil edirdi. İlk nəzərdə əhalinin milli nisbəti azərbaycanlıların bir neçə ay müddətində tamamilə erməni silahlı birləşmələrinin hücumuna və təzyiqinə məruz qalması, görünməmiş vəhşiliklərə və zülmlərə düçar olması, insani və maddi itkilər verməsi kimi acınacaqlı bir həqiqəti anlaşılmaz edir. Lakin, istər həmin qəzaların yerləşdiyi ərazinin coğrafi-iqtisadi xüsusiyyətləri, istərsə də bu qəzalara edilən hücumların vaxtı və şəraiti, həmin qəzaların müsəlman əhalisinin əvvəlcədən qırğınlara  məhkum olduqlarını göstərir.
Belə ki, Zaqafqaziya dəmir yolunun Göyçay  qəzası ərazisindən keçməsi artıq bu stansiyaları və eyni adlı kəndləri – Sığırlı, Kərar, Kürdəmir, Qarabucaq, Müsüslü, Pirkənd, Bərgüşad, Ucar – I dünya müharibəsi başlanandan arası kəsilmədən hərəkət edən qatarların, xüsusilə hərbi və yük eşalonlarının “sərnişinlərinin” hücumlarına məruz qoyurdu. Bu dəmir yolunun ən mühüm qovşaq-nəqliyyat məntəqələrindən biri sayılan Kürdəmir stansiyası və eyniadlı kəndin sakinlərinin FTK-na verdikləri ifadələrdən məlum olurdu ki, yerli ermənilərin müsəlmanlara münasibəti hələ bu qəzaya   1918-ci il hücumundan çox-çox əvvəl, erməni əsgərlərinin I dünya müharibəsi cəbhələrinə yollandığı  zamanından dəyişməyə başlamış, Rusiyada Çar monarxiyası devriləndən  sonra isə xüsusilə kəskin hal almışdı. Cəbhəyə yollanan erməni əsgərləri dəmir yol boyu stansiyalarında, o cümlədən Kürdəmirdə hər cür özbaşınalıqlar edir, müsəlmanlara məxsus dükan və mağazalardan istədikləri malları pulunu ödəmədən götürür, müqavimət gördükdə silah işlədir, müsəlmanların özlərinə və əmlaklarına xəsarət yetirir, onları yer üzündən silməklə hədələyirdilər. 1916-cı ilin payızında Rusiya ordusu Qalisiya (indiki qərbi Ukrayna) cəbhəsində almanlarla döyüşdə məğlub olaraq geri çəkilərkən, erməni drujinalarının daxil oladuğu qoşun hissələri Qafqaz cəbhəsinə göndərilməyə başlayır. Bu proses  1917-ci il Rusiyada Fevral və Oktyabr hadisələrindən sonra xüsusilə sürətlənir. Zaqafqaziya dəmir yolunun Azərbaycan ərazilərində yerləşən stansiyaları Qafqaz cəbhəsinə yollanan əsgər dolu eşalonların hücumuna məruz qalır. Silahlı erməni əsgərləri arasında fərarilik halları güclənir, “Daşnaksütun” partiyasının və erməni milli komitələrinin yerli təşkilatları həmin əsgərlərin hər birinə ən azı 3 silahla bu qəzaların, eləcə də qonşu Şamaxı qəzasının erməni kəndlərində toplaşmağa və “qarşıdakı böyük əməliyyatlara” hazırlaşmağa təhrik edir. Azərbaycanlı əhali ermənilərin məqsədyönlü şəkildə silah topladığını və erməni kəndlərinə daşıdığını müşahidə edir. Kürdəmirdə yerləşən Çar Ordusu hərbi qarnizonu 1917-ci il Fevral inqilabından sonra dağıdıqdan sonra ermənilər qarnizonun silah-sürsat ambarını ələ keçirməyə nail olurlar. Şamaxı və Kürdəmirdəki Azərbaycan milli Komitələrinin nümayəndələri bu hadisədən xəbər tutub həmin ambardan silah oğurluğunun qarşısını almağa çalışsalar da, buna yalnız qismən nail olurlar. Kürdəmirdə erməni Aqriyevin  konyak zavodunda baş verən kiçik bir partlayışdan sonra məlum olur ki, bu zavodda patron və güllə buraxılır, spirt adı ilə gətirilən çəlləklərdə isə barıt və silah daşınır. Zavodda hazırlanan və yığılan silah və sursat isə artıq açıq şəkildə ətrafdakı erməni kəndlərinə paylanır. 1917-ci il Rusiyada bolşevik çevrilişindən sonra artıq öz silahları ilə birlikdə cəbhədən qayıdan erməni əsgərləri Sığırı, Qarabucaq, Kərar, Kürdəmir stansiyalarında qatardan düşərək müxtəlif yollarla kütləvi Şamaxı və digər qonşu qəzaların erməni kəndlərinə yollanır. Şamaxı qəzasının Mədrəsə kəndi bu erməni hərbi birləşmələrinin hərbi qərargahına çevrilir.
Az sonra Kürdəmir və digər qəsəbə məntəqələrində, yaxud qarışıq kəndlərdə yaşayan erməni əhalisi birdən-birə öz evlərini satmağa, yaxud boşaldaraq Bakıya, və ya erməni kəndlərinə köçməyə başlayır. Bütün bunlar ermənilərin ən ciddi surətdə hərbi əməliyyatlara hazırlığından xəbər versə də, qəzaların müsəlman əhalisi, onlara edilən hədələrin müqabilində belə, bu silahların onlara qarşı yönələcəyinə hələ də inanmaq istəmirdi.
1918-ci il martın sonlarında Bakıda və Şamaxıda eyni vaxtda başlanan qırğınlardan sonra ermənilərin  məqsədləri artıq tam aydınlığı ilə üzə çıxır. Şamaxıya ilk hücumdan sonra şəhəri tərk etmiş sakinlərin böyük bir hissəsi Kürdəmirə və Göyçay qəzasının ətraf kəndlərinə pənah gətirir və üzləşdikləri vəhşiliklər barədə ilkin xəbərlər yayılır. Şamaxıya hücumun 4-cü günü Gəncədən şamaxılıların köməyinə gələn İsmayıl Xan Ziyadxanovun atlı dəstələri erməniləri izləyərkən Kürdəmirdə zavod sahibi erməni Aqriyevin evində 1350 ədəd tüfəng aşkar edir və onların bir hissəsi  yerli sakinlərə paylanır. Lakin Bakıdan S.Lalayevin və T.Əmirovun başçılıq etdiyi 3 minlik hərbi birləşmələrin iri ağır silah-sursat karvanları ilə Şamaxıya hərəkət etdiyi barədə məlumat alan İsmayıl Xan qüvvələr nisbətinin qeyri-bərabər olması qarşısında itki verməmək üçün şəhəri tərk etməli olur və Şamaxı sakinlərinə də şəhərdən çıxmağı tövsiyyə edir. 6 mindən artıq müsəlman əhali İsmayıl Xanın dəstələri ilə birlikdə ətraf qəzalara və kəndlərə dağılır. Lakin sonrakı 3 günün sakit keçməsi ev-eşiklərini tələsik tərk etmiş şamaxılıların bir hissəsini aldadır. 3 mindən artıq insan təhlükənin sovuşduğunu düşünərək geri qayıdır. 1918-ci il 9-10 aprel tarixlərində Şamaxıya edələn ikinci hücum, şəhərin tamamilə yandırılıb dağıdılması, şəhərdə olan bütün əhalinin, o cümlədən qadın, uşaq və qoçaların hamısının vəhşicəsinə öldürülməsi ilə nəticələnir və qonşu qəzaların əhalisinə ciddi xəbərdarlıq olur.
Şamaxı şəhəri və qəzasının 110 müsəlman kəndi qəzanın molokan əhalisinin də dəstəklədiyi erməni hərbi birləşmələr tərəfindən dağıdıldıqdan və demək olar ki, azrbaycanlı əhalidən boşaldıldıqdan sonra, erməni və molokan kəndlərində Sovet hakimiyyəti adı altında əslində bölgəyə nəzarət tamamilə ermənilərin əlinə keçir. Aprel-may aylarında bu qüvvələr artıq bütün ətraf qəzaların müsəlman kəndlərini hədəfə alır. Göyçay, Cavad, Ərəş, Nüxa qəzalarının yolları və müsəlman kəndləri mütəmadi olaraq ayrı-ayrı erməni hərbi dəstələri və erməni kəndlərindən edilən hücumlara məruz qalır, yerli idarə orqanlarının az-çox təmin etdiyi əmin-amanlığa son qoyulur.
İstər Kürdəmir iri qovşaq dəmiryol stansiyası,  istərsə də eyni adlı kənd ermənilərin hücumuna məruz qalan ilk yaşayış məntəqələri olur. Burada qeyd edilməlidir ki, həmin dövr Kürdəmir stansiyasının yanında 200 evdən ibarət böyük ticarət qəsəbəsi salınmışdı və burada Şamaxı, Göyçay, Kürdəmir və Bakının tanınmış tacirlərinin evləri və iri ticarət tikililəri – mağaza, anbarlar, dükanlar və s. var idi. Stansiyadan 3 km. aralı, Bakıdan isə 6 saatlıq yolda yerləşən və  Göyçay qəzasının  ən böyük və zəngin müsəlman yaşayış məntəqəsi sayılan, 2 min  evlik   Kürdəmir kəndinin əhalisi  əsasən üzümçülük, bağçılıq və pambıqçılıqla məşğul idi və  iqtisadi baxımdan vəziyyəti olduqca yüksək, həyat tərzi isə firavan sayılırdı. Təsadüfi deyil ki, ermənilər ilk növbədə Kürdəmiri dağıtmağa, onun ictimai baxımdan daha fəal olan cəmiyyətini zərərsizləşdirməyə qərar verirlər.   
Müqavimət göstərməyə qərar vermiş azərbaycanlı əhali çoxsaylı silahlı erməni dəstələri qarşısında cəmi bir neçə saat davam gətirə bilir,  daha  sonra ailələri ilə birlikdə qaçmağa məcbur olurlar. Ermənilər rastlarına çıxan insanları ğldürdükən, evləri və təsərrüfatları talan etdikdən sonra erməni kəndlərinə çəkilirlər. Stansiyada və kənddə pusqular qoymuş və yaranmış vəziyyəti izləyən azərbaycanlılar,  əsasən ailə başçılarının böyük əksəriyyəti bir neçə gündən sonra yenidən Kürdəmirə qayıdır, qarət  və talan edilmiş  evində yaşamağa və yerdə qalan əmlakını qorumağa çalışır. Bu hücumların davam edəcəyini anlayan azərbaycanlı xadimlərin Bakıdan, Gəncədən, Tiflisdən yardım almağa  yönəlmiş addımları elə bir ciddi nəticə vermir və onlar öz qüvvələri ilə silahlanmağa və müqavimət göstərmək üçün hazırlığa başlayırlar. Bütün bu müddətdə qəzanın azərbaycan kəndləri erməni kənd sakinlərinin silahlı hücumuna məruz qalır,  Kürdəmirdən köməəyə gedən 30-50 nəfərlik atlı dəstələr ermənilərlə atışmalara girərək Azərbycan kəndlərini talan və qırğınlardan qorumağa çalışır.
İyun ayının ortalarında kürdəmirlilər Bakıdan dəmir yolu ilə erməni qoşunlarının gəldiyi haqda məlumat alır.  Gözlənilən hücumun qarşısını almaq üçün tüfəng və tapançalarla silahlanmış yerli sakinlər dəmiryol hərəkətini tənzimləyən vasitələri, qurğu və hətta körpünü yandıraraq ən azı vaxtı uzatmaq, qəsəbə və kəndlərdəki ailələrin qaçması üçün vaxt qazanmağa cəhd edirlər. Lakin güclü top atəşləri qarşısında nəzərdə tutulan müdafiə tədbirlərini başa çatdırmaq mümkün olmur.
İyun ayının 14-də Göyçay qəzasının kəndləri və o cümlədən Kürdəmir stansiyası və kəndi  artıq “bolşevik qoşunları” adı altında və əsgər paltarında  hərəkət edən erməni nizami dəstələrinin güclü hücumuna məruz qalır.
Əslində iyunun 10-da Bakıdan hərəkət etmiş 12 minlik  “Qırmızı  ordu” həmin dövr Azərbaycan milli qüvvələrinin mərkəzi sayılan Gəncəyə istiqamət götürmüşdü.  1918-ci il 28 may tarixində öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı – Bakı bolşevik-erməni qüvvələri tərəfindən işğal edildiyi üçün AXC hökuməti bu dövr Osmanlı dövlətindən hərbi yardım almaq barədə danışıqları başa çatdırmış, Nuru paşanın rəhbərliyi altında 300 nəfərdən artıq zabit Gəncəyə yetişərək Azərbaycan hərbçiləri ilə birlikdə Azərbaycan nizami ordu dəstələrinin formalaşdırılması və işğal olunmuş ərazilərin düşməndən azad edilməsi tədbirlərinə başlamışdılar. Azərbaycan-türk qoşunlarının hərbi əməliyyatlarını qabaqlamaq, Gəncəni ələ keçirərək, “xan-bəy” hökuməti adlandırdığı Azərbaycan milli qüvvələri darmadağın etmək və bütün ölkə ərazisində Sovet hakimiyyətini bərqərar etmək məqsədi ilə hərəkət edən Qızıl Ordu  əslində  fəhlə-kəndli sinfinin “təmsilçisi” kimi yol boyu yerləşən Azərbaycan yaşayış məntəqələrinin  dinc, əsasən kəndli əhalisinə toxunmamalı idi. Lakin yeni hakimiyyətin - Bakı Sovetinin Şaumyan başda olmaqla erməni rəhbərlərindən tamamilə başqa məzmunlu əmrlər alan və 70 faizi erməni əsgər və zabitlərindən ibarət olan bu ordu  heç də “sinfi” maraqlardan deyil, öz “milli və  düçmənçilik” maraqlarından çıxış edərək ayaq basdığı bütün Azərbaycan torpaqlarında kütləvi müsəlman qırğınlarına rəvac verir.
Kürdəmir sakinlərinin üç günlük müqavimətini qıraraq qəsəbəyə girən “əsgər geyimli erməni dəstələri burada ağlagəlməz vəhşiliklər törədır, onlara rəhm olunacağına ümid bağlayaraq evlərini tərk etməmiş şikəst və qoca insanlardan, uşaq, qadınlardan tutmuş rastlarına gələn hər kəsi öldürür, diri-diri evlərində yandırır, azərbaycanlılara məxsus evləri, dükan, mehmanxana, dəyirman, anbar,  və digər  ictimai binaları və tikililəri dağıdır, əmlaklarını  qarət, təsərrüfatlarını talan edir. Kürdəmirdəki 2  məscid, içindəki əmlakı ilə ğörünməmiş təhqirlərə düçar qalır, yerli İmamın evi dağıdılaraq İslam dini tarixi və Quranın təfsirinə həsr edilmiş zəngin kitabxanası məhv edilir, Quranın səhifələri isə çırıq-çırıq edilərək erməni əsgərləri tərəfindən nalayiq məqsədlər üçün istifadə olunur.
Son nəticədə Kürdəmir kəndində 56 ev və dükan, 127  mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülklər dağıdılır, talan və qarət edilir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin tam şəkildə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qızıl Ordu hissələri tərkibində olan  ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubiazərbaycanlı) fəhlələr alır. FTK-nın sənədlərində “rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında” Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta erməni əsgərlərinin güllələnməsinə dair şəhadətlər gətirilir.
Küdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və d. kəndləri də erməni hücumlarına məruz qalmış və insan tələfatı ilə üzləşmişdilər. Məs., Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və oğlan uşağı qətlə yetirilmişdi.
Cavad qəzasının kəndlərinin aqibəti də eyni olur. Aprel ayının əvvəllərindən başlayaraq erməni silahlıları bolşevik bayrağı altında qəzanın müsəlman kəndlərinə hücum edərək, Sovet hakimiyyəti qurmaq bəhanəsi ilə kəndləri dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət edirdi. Lakin Göyçay qəzasında geniş miqyaslı qırğınlar törədən  çoxsaylı  erməni qoşunları qəzaya əsasən dəmir yolu vasitəsilə gəlırdilərsə, Cavad qəzasında erməni silahlı hissələri Hacıqabul stansiyasında qatardan enərək qayıq və bərələrdə  Kür  boyu hərəkət edir və ən əvvəl çaysahili Azərbaycan kəndlərinə girirlər. Təsadüfi deyil ki, ilk olaraq ermənilərin hücumuna Cavad qəzasının Ərəb-Şahverdi (Zubovka) və Hilə-Mirzəlikənd məruz qalırlar. Gözlənilmədən sübh erkən top və pulemyot atəşləri ilə Ərəb-Şahverdi kəndini  mühasirəyə alan erməni əsgərləri sakinlərin təlaş və çaşqınlığından istifadə edərək heç kəsə aman vermədən \mümkün qədər çox insan qırmağa çalışırlar. Özünü itirmiş kənd sakinləri təşviş içində kəndi tərk etməyə çalışaraq Kür çayına üz tutur. Özlərini bərəyə çatdıran və Kürün o biri sahilinə keçməyə macal tapan insanlar xilas olurlar. Lakin  körpə uşaq və qocalarını öz arxasınca sürüyərək yolda qalan sakinlərin çoxu onları təqib edən erməni əsgərlərinin qurbanı olur. Ərəb-Şahverdi kəndinin Kür çayının ətrafındakı yarğanların birində gizlənən 37 sakini qadın və uşaqlarla birlikdə əvvəlcə xəncərlə doğranır, daha sonra güllə ilə öldürülür. Eyni vəhşiliklə kəndin özündə qalan və qaçmağa macal tapmamış sakinlər də qətlə yetirilirlər. Kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etdikdən sonra ermənilər türk qoşunları gələnə qədər burada qalır,  kənddən çıxarkən  44 evi tamamilə yandırır, qalan mülkləri isə dağıdırlar. Kənd məscidi də uçurulur, içindəki bütün əmlak və müqəddəs kitablar məhv edilir.
Hilə-Mirzəlikəndin də qaça bilməyərək ağ bayraq qaldırmış 28 sakini – 17 kişi, 7 qadın və 4 uşaq erməni əsgərləri tərəfindən əvvəlcə güllələnir, sonra meyitləri yandırılır.
Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seidlər, Xarmandalı, Ərəb-Qardaşşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı-Sorra və d. kəndləri ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılır və yandırılır, əhalisi isə görünməmiş vəhşiliklər və təcavüzə məruz qalır.
Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri  arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər:  Erməni əsgərlərininkəndə hücumu zamanı Sürəyya qucağındakı körpə qızı, 9 və 6 yaşlı iki qardaşı, digər həmkəndliləri-Ənnanə,Tubu və körpə qızı ilə birlikdə daha 3 gənc qadın və Ağakişi İbadulla adlı qonşuları ilə kənddən qaçaraq təqibdən qurtarmaq üçün çöldə, kiçik təpələrin arxasında gizlənirlər. 8 erməni əsgəri onları tapır və gənc qadınları zorlamaq istəyir. Ağakişinin qadınları müdafiə etməsindən qəzəblənən  ermənilər onlara durmadan atəş açır, hamının yıxıldığını görərək çıxıb gedirlər. Sol çiyni, sağ əli və ayağı yaralanan Sürəyya az sonra özünə gəlir, qucağındakı kğrpəsinin, 2 qardaşlarının və Qönçənin uşağının da sağ qaldığını, qadınların və Ağakişinin isə öldüyünü görür. Az sonra həmin ermənilər yanların 4 müsəlman kişi ilə yenidən qayıdırlar və kişiləri elə orada güllələyirlər. Daha sonra Sürəyyanın qucağındakı körpəni süngü ilə, qardaşlarını və Qönçənin uşağını isə güllə ilə vuraraq öldürürlər. Sürəyya  ermənilərin ayağına düşərək yalvarır ki,  onu da öldürsünlər. Lakin ermənilər “qoy müsəlman qardaşların səni bu vəziyyətdə görsünlər deyə  səni sağ qoyuruq” deyib gedirlər.
Fövqəladə Təhqiqat Komissiyasının müstəqtiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının  zərərçəkən kimi ifadə  və tibbi müayinə sənədləri ilə yanaşı şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil edirlər.
Burada qeyd edilməlidir ki, Göyçay qəzası yalnız 1918-ci ilin yayında bolşevik-daşnak Qırmızı Ordu qoşunları ilə  türk və azərbaycanlı hərbi hissələrdən ibarət Qafqaz İslam Ordusunun Göyçay qəzası ərazisində, Qaraməryəm kəndi yaxınlığında baş verən və hər iki tərəf üçün  çox gərgin və  böyük itkilərlə müşaiyət olunan  döyüşlər nəticəsində düşməndən azad edilir. Lakin bütün ağırlığına  baxmayaraq məhz Qaraməryəm vuruşları Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən döyüşlərinin gedişini azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olur və Azərbaycan torpaqlarının düşməndən azad olmasının başlanğıçını qoyur. Göyçay ərazisində başlayan zəfər yürüşləri 1918-ci il 15 sentyabrda müstəqil Azərbaycan Dövlətinin paytaxtı Bakının azad olunması ilə başa çatır.
1918-ci ilin payız aylarında Cavad qəzasının da yuxarıda adları çəkilən bir çox kəndləri azad olunmuşdur. Lakin qırğınlara məruz qalmış kəndlər bir sıra digər yaşayış məntəqələri bolşevik, molokan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə saxlanıldığı üçün Azərbaycan ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində  tədricən düşməndən təmizlənmişdir.
Burada daha bir məqam nəzərə çatdırılmalıdır ki, AXC Fövqəladə Təhqiqat Komissiyasının Göyçay və Cavad qəzalarında apardıqları təhqiqat materialları respublikada qalmamış, uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız 2011-ci ildə, uzun axtarışlardan sonra  FTK-nın çəkdiyi fotosənədlər müəllif tərəfindən Parisdə, Əli Mərdan bəy Topçubaşovun arxivində aşkar edildikdə məlum olmuşdur ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin foto-şəkillərlə yanaşı, FTK-nın Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarına dair istintaq materiallarının bir hissəsi də Fransaya, Paris sülh konfransında  Azərbaycan nümayəndə heyətinə göndərmişdir.\ Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri – əsasən qırğınlara məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha 2 Azərbaycan qəzasında 1918-ci il faciələri haqqında məlumat əldə etmək mümkün olmuşdur. Parisə göndərilmiş materiallar arasında həmin qəzaların əhalisinə vurulmuş maddi itkiləri əks etdirən aktların olmaması  dəymiş zərərin ümumi miqdarını müəyyənləşdirməyə imkan verməsə də, əldə edilən sənədlər Azərbaycan regionlarında bolşevik bayrağı altında cinayətlər törədən erməni millətçilərinin əsas hədəfinin bütünlükdə Azərbaycan xalqı olduğunu  bir daha sübut edir. Bölgələrdə dinc əhali, əsasən Azərbaycan kəndlilərinə qarşı həyata keçirilən soyqırımı aktları eyni zamanda həmin hadisələrin istər öz zamanında, istərsə də bu gün guya sırf hakimiyyət uğrunda aparılan vətəndaş müharibəsi kimi qələmə verməyə yönəlmiş bütün iddiaları əsassız edir.       
     
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor.